Avropa Parlamentinin Tədqiqat Xidməti (EPRS) "Normandiya 2025" Hesabatı çərçivəsində iqtisadi böhranlara davamlılıq üzrə qlobal reytinqi açıqlayıb. Reytinqə əsasən, 10 ballıq qiymətləndirmə sistemi üzrə birinci yerdə Norveç, ikinci yerdə Gürcüstan, üçüncü yerdə isə Səudiyyə Ərəbistanı qərarlaşıb.
Araşdırmada Avropa İttifaqının 27 üzv dövlətinin göstəriciləri ayrıca təhlil edilib. Nəticələrə görə, Avropa İttifaqı iqtisadi böhranlara davamlılıq baxımından Venesuela, Qvatemala və El Salvadordan geri qalır.
Maraqlıdır ki, Azərbaycanın iqtisadi böhranlara davamlılıq səviyyəsi necədir? İqtisadi böhranlara davamlılığımız qənaətbəxş hesab oluna bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran iqtisadçı Vüsalə Əhmədova bildirib ki, sənəddə əsasən ölkələr üzrə sülhə, təhlükəsizliyə, demokratiyaya təhdidlər, həmçinin hibrid təhdidlər və geosiyasi risklər ölçülür. Onun sözlərinə görə, ümumilikdə 11 müxtəlif təhdid indikatoru, o cümlədən, iqtisadi böhranlar, enerji təhlükəsizliyi, kibertəhlükələr, terrorizm, zorakı münaqişələr, iqlim dəyişikliyi və s. birləşdirilərək ölkələr üzrə ümumi risk balı hesablanıb:
“Yəni, hesabat ölkələri bu göstəricilər əsasında müqayisə edir və 63 ölkə üzrə təhlillər təqdim edir. Hesabatın ümumi qiymətləndirməsinə görə Azərbaycan 36-cı yerdə qərarlaşıb. Hesabata əsaslansaq, Azərbaycanın nisbətən güclü tərəfləri enerji təhlükəsizliyi və terrorizmlə mübarizədir. Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin artması və Azərbaycanın enerji resursları ölkənin strateji mövqeyini gücləndirən amillər kimi göstərilir. Lakin demokratik proseslərin zəifliyi, insan hüquqları ilə bağlı ciddi narahatlıqlar, dezinformasiyaya qarşı dayanıqlığın aşağı olması əsas zəifliklər kimi qeyd edilir".
Azərbaycanın iqtisadi böhranlara davamlılığını qiymətləndirən V.Əhmədova qeyd edib ki, bu davamlılığı hələlik yüksək qiymətləndirmək olmaz. Davamlılıq əsasən dövlət maliyyəsi və enerji gəlirlərinə söykənir. Dövlət Neft Fondu və valyuta ehtiyatları xarici şoklar zamanı maliyyə buferi yaradır.
"Yəni, enerji ixracı, xüsusilə neft və qaz gəlirləri tədiyə balansını dəstəkləyir. Lakin ixrac və büdcə gəlirlərinin əhəmiyyətli hissəsinin hələ də neft-qaz sektorundan asılı olması təhlükəli tendensiyadır. Çünki enerji qiymətlərində uzunmüddətli eniş davamlılıq üçün əsas riskdir. Özəl sektorun və qeyri-neft ixracının payı müəyyən qədər inkişaf etsə də, iqtisadiyyat hələ kifayət qədər şaxələnməyib. Kiçik və orta sahibkarlığın iqtisadiyyatda çəkisi inkişaf etmiş ölkələrlə müqayisədə məhduddur", - deyə müsahibimiz əlavə edib.

Vüsalə Əhmədova: İqtisadiyyatın şaxələndirilməsi və məhsuldarlığın artırılması istiqamətində görüləsi işlər çoxdur
İqtisadçı hesab edir ki, idxaldan asılılıq səbəbindən qlobal inflyasiya və logistika problemləri daxili qiymətlərə təsir göstərir:
"Məsələn, 2008-ci il qlobal maliyyə böhranı, 2015-ci il neft qiymətlərinin kəskin enməsi və COVID-19 dövründə Azərbaycan iqtisadiyyatı ciddi zərbələr aldı. Dövlət ehtiyatları hesabına sosial xərclər və makroiqtisadi sabitlik müəyyən dərəcədə qorunmağa çalışıldı. Bununla yanaşı, 2015-ci ildə manatın iki dəfə devalvasiyası göstərdi ki, iqtisadiyyatın enerji gəlirlərindən yüksək asılılığı ciddi zəiflik olaraq qalır. Nəticə etibarilə, uzunmüddətli struktur böhranlara davamlılıq qənaətbəxş deyil. Çünki iqtisadiyyatın hələ də enerji sektorundan asılı qalması ciddi problemdir. İqtisadiyyatın şaxələndirilməsi və məhsuldarlığın artırılması istiqamətində görüləsi işlər çoxdur".
Qeyd edək ki, iqtisadi böhranlara davamlılıq üzrə qlobal reytinq Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları əsasında hazırlanıb.
Gülşən Şərif
Bakı 



