• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

İqtidar, yoxsa müxalifət qapısı? - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
13 Oktyabr 2022 | 16:20

İqtidar, yoxsa müxalifət qapısı? - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Alim olanda nə olar? Gərək elə öz bildiyinizi edəsiniz? 6-7 kitab bizdən çox oxumusunuz deyə bizi tapdalayıb keçməlisiniz? Mən də fikirləşirdim ki, alimlər biz kasıb-kusubun tərəfini saxlayan olar, ayda, ildə bizi də yada salarlar.

Xeyli vaxt idi oturub plan qururdum, gəlirimi-çıxarımı hesablayırdım. Ümidimi göyə bağlamışdım, asteroidin yerə yaxınlaşacağını gözləyirdim. Deyirdim oralarda tıxac olmaz, asteroid yəqin tez gəlib çatar. Alimlər nə təhər zərbə vurdularsa, xəyallarım kəllə-mayallaq oldu. Nə iş gördülər, nə əməl etdilərsə asteroid istiqamətini dəyişdi, sürəti azaldı. Görən bir də nə zaman buralara yaxınlaşa biləcək?

Kasıb elə ona görə kasıbdır da. Dedim biz tərəflərə düşən kimi asteroiddən bir parça qoparıb Bakıda şellənən ərəb turistlərinə sataram, bank kreditimi ödəyərəm. Qalan puldan da 20 manat verib jurnalist vəsiqəsi alaram özüm üçün. Yevlaxlı bir qonşum var, sosial şəbəkədə hər gün Hacı Nuranla şəkillərini paylaşır. O gün həmin şəkillərə baxıram, Hacı Nuran göy qurşağının bütün rənglərində pencək geyinib. Mən də asteroidlə şəkil çəkdirib paylaşmaq istəyirdim, öz aramızdır, qonşum yaman əsəbiləşəcəkdi...

Pul qazanmaq öz yerində, indi elə hamı qabağa düşmək istəyir də. Mən də palaza bürünüb ellə sürünsəydim BMT-nin işi düyünə düşəcəkdi? Pul bu dəqiqə hamıya lazımdır, bu məsələdə həmrəyik, kasıbın da qadasın alım, varlının da. Tamahdan başqa bu işdə adi maraq da var idi. Bilmək istəyirdim görüm həmin asteroid burlara gəlib düşəndə kim tərəfə meyl edəcək, hakim partiyanın tərəfinə keçəcək, yoxsa müxalifətin qapısını döyəcək? Asteroidin islahat paketi-falanı varmı? Təqaüd yaşına çatanları necə sevindirəcək? Rusiya ilə Ukrayna arasındakı savaşda kimin tərəfini tutur? Aygün Kazımova ilə Namiq Qaraçuxurlunu barışdıra bilərmi? Röya soyunanda yaxşı oxuyur, yoxsa geyinəndə? Cin malını bəyənirmi? Yay tətilini harda keçirmək istərdi-Lənkəranda, yoxsa Lissabonda?

Sizi bilmirəm, mənim özümə çox maraqlı idi görüm bu asteroid Yazıçılar Birliyinin qurultayında qonaq kimi iştirak etmək istərdimi? Seçmək hüququ olsaydı görən sədr olmaq üçün kimə səs verərdi? İndi bəziləri dodaq büzəcək ki, asteroid hara, şair-yazıçı hara? Bizim camaat metronun “İşərişəhər” stansiyasından “Əhmədli”yə gedənə qədər vaqonda bir romanı oxuyub qurtarır, asteroid yerə çatanacan o qədər uzaq yol gəlib, yəni şair Qulu Ağsəsin bir şeirini də oxumayıb? Nəsə inanmağım gəlmir.

Lap elə tutaq ki, asteroidin şeir oxumaqla arası yoxdur, yəni heç ömründə teleseriala da baxmayıb? Qaynana-gəlin münasibətlərini izləməyib, onların arasındakı davaları görməyib? Asteroidin gəldiyi yerlərdə guya qaynanalar öz gəlinlərilə Rusiya Belarusla dolanan kimi dolanır? Siz dediniz, mən də inandım...

Bütün bu suallara asteroidin özü ilə görüşəndən sonra cavab tapmaq olardı. Ayağımı bir az da möhkəm dirəyib ondan eksklüziv müsahibə də götürə bilərdim. Amma alimlər hər şeyi alt-üst etdilər. Yerdən necə müdaxilə etdilərsə asteroidin istiqaməti dəyişdi. Bir vaqon sualım da açıq qaldı elm adamlarının üzündən. Yaxşılıq deyil ki, əllərindən gəlməyə...

Bakıvaxtı.az


SON XƏBƏRLƏR