• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Mən axı niyə analiz verməliyəm? - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
16 Mart 2022 | 19:29

Mən axı niyə analiz verməliyəm? - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Ah bu jurnalistlər, qəzetçilər, telereportyorlar, prodüserlər...

Elə bil əhd ediblər ki, dünyanı qatıb-qarışdırsınlar. Dəqiq bilirəm ki, Putinin Ukraynaya qarşı heç bir pis niyyəti yox idi, Novruz bayramı ərəfəsində Kiyevə boyalı yumurta, şəkərbura, paxlava göndərmək istəyirdi, sadəcə jurnalistlər aranı necə qatdısa bayram sovqatı əvəzinə raket göndərildi.

Gedib bunkerdə də oturursan, yenə adamdan əl çəkmirlər. Gəlib yazırlar, gedirlər, gəlib çəkirlər, gedirlər. Şəxsən mən bunkerə düşməmişəm, heç belə fikrim də yoxdu. Amma bu jurnalistlərin əlindən elə bir işə düşmüşəm ki... Qoçaq jurnalistlər başıma bir oyun açıblar ki, ABŞ prezidenti Baydenin İranı Ukrayna ilə səhv salması onun yanında toya getməlidir. Jurnalistlərdən, ya da televiziyadakı prodüserlərdən kimsə məni texnik-texnoloq, geoloq-politoloqla səhv salıb. Yalançının sözü olmasın, gündə 6 saytdan, 5 qəzetdən, 4 telekanaldan zəng vururlar. Biri deyir bizim üçün siyasi şərh yaz, biri deyir bizim kanala müsahibə ver, o biri deyir dayandığın yerdə dur, gəlib səndən açıqlama alaq. Birisinin işi lap oyundur, deyir hər gün bizə təzə analiz ver...

Bayaq sübh tezdən, Şoyqu Xarkova raket atmazdan 3 dəqiqə əvvəl yenə zəng gəldi. “Zirə, Keşlə, Zabrat, gözəldir bu həyat. Qardaş olub Günəşli, Binəqədi.az” saytından yalvarıb-yaxardılar ki, analizimi əsirgəməyim. Rusiya-Ukrayna münaqişəsinin səbəb və nəticələri barədə düşüncələrimi yazıb onların saytına göndərim. Nə qədər dedim ki, mənlik deyil, razı olmadılar, israr etdilər. Əsəbimdən ağlıma nə gəldi yazıb göndərdim, necə deyərlər, günah məndən getdi...

“Rusiya-Ukrayna münasibətlərinin bugünkü durumuna nəzər salarkən ilk növbədə bir məsələyə diqqət etməliyik. İki dövlət arasında münaqişənin ilk vaxtlarında Çində Qış Olimpiya Oyunları keçirilirdi. Qış idman növlərindəki soyuqluq bu məsələyə təsirini göstərdi və münasibətlər daha da soyudu. Putin milli identifikasiyanın barometr dərəcəsini leqallaşdırmaq üçün əməli addımlar ata bilərdi, təəssüf ki, texnoloji baxımdan bu irrasionallıq göstəricisinə tərs mütənasib oldu. Rusiya Milli Bankının uçot dərəcələrinin dayanıqlı iqtisadi artikuliksiyası məncə Şimal qonşumuzun Ukraynanın bəzi vilayətlərində, xüsusi ilə Xersonda azad tələbatlılıq və rəqabətə davamlı hərbi əməliyyat şəraitini yetərincə çətinləşdirdi.

Məlumdur ki, Zelinski Zelinskidir, hansı yöndən baxanda bu belədir. Amma Lavrov belə deyil, elədir. Zelinskinin seçki öncəsi vədləri postsovet demontaj bucağından baxarkən Qərbyönlü parlament ratifikasiyasının təxirə salınmasına, NATO dövlətlərinin hərbi sənaye kompleksində təyyarə zavodlarının keyfiyyət əmsalını kəmiyyət nöqtəsinə çatdıra bilmədi. Aydındır ki, Fransada dərvişizmin revanşizmi, Böyük Britaniyada böyük-kiçikliyin arxa plana keçməsi rəsmi Kiyevin alqortimik düşüncəsində sıfər şəkər, sıfır dad effekti verdi.

Bundan öncəki analizimdə də müsbət elementlər yetərincə bolluq təşkil edirdi. Sonrakı zaman kəsiyində bu davam edə də bilər, davam etməyə də bilər. Bu daha çox Kiyevin “Dinamo” klubunun növbəti çempionata necə hazırlaşmasından, standart vəziyyətlərdə dördlü müdafiədən üçlü müdafiəyə keçə bilmək bacarığından asılı olacaq. Nəzərə alın ki, “Odessafilm” son illər palenteoloji quraqlıq və dənizdə yosun növlərini araşdıra bilən filmlər ortaya qoymayıb.

Rusiya Ukraynaya qarşı hərbi əməliyyatı necə bitirəcək? Dünya politoloqları, oftalmoloqları belə güman edir ki, Salvador Dalinin ekspressionizmi bu gün aktual deyil. Amma mən tam fərqli düşünürəm və hesab edirəm ki, Yeni Zelandiyada yeni bitkilərin yerli şəraitə uyğunlaşması prosesi davam edir.

Hamını, xüsusi ilə region əhalisini bir məsələ düşündürür və tam səmimi qeyd edim ki, bir xeyli də narahat edir. İnsanlar doğal haqlarından yararlanaraq bilmək istəyir ki, bizi nə gözləyir? Tam məsuliyyətimlə deyə bilərəm ki, bizi uzun bayram tətili gözləyir. Biz ya paxlava yeyib şəkərburadan imtina etməliyik, ya da hər ikisini birdən yeməliyik...”

Yazıb göndərdim. Bir azdan “Zirə, Keşlə, Zabrat, gözəldir bu həyat. Qardaş olub Günəşli Binəqədi.az” saytı təzə analizimi yayacaq. Gözdə-qulaqda olun...

 


SON XƏBƏRLƏR