• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Şaxta babaya məktub - Oğuz Ayvaz yazır
YAZARLAR
27 Dekabr 2021 | 10:18

Şaxta babaya məktub - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

...əziz, Şaxta baba!

Zaman çayın axdığı sürətlə keçir. İl-ildən dəyişir, özgələşir. Uşaqlarımız nə qədər saf, qar kimi təmiz olsalar da getdikcə sənə inamları azalır. Sənin əfsanələşmiş obrazın onların dillərindən yoxa çıxır.

Post-pandemiya dövrünün uşaqları üçün maraqlı olan tək nəsnə ağıllı telefonlar, planşetlərdir. Onlar böyüyəndə yutuber, tik-toker, feysbuk fenomeni olmaq istəyəcəklər. Bir də ki, Şaxta Baba, sənin yaşadığın diyarlarda maska qadağası yoxdur? Yaşlı-başlı adamsan, birdən koronaviruslu olarsan, bilmədən Yen ildə insanlara virus yoluxdurarsan. Ondan sonra polislər səni tutar, aparar karantinə. Gələndə üzündə rəngli maska olsun. Heç olmasa uşaqlar maska olduğunu zənn edə bilməsinlər.

Bir dəqiqə, dayan, dayan. Hazırlaşma. Yadımdan çıxmışdı. Bəs sənin yaşadığın diyarda pandemiya yoxdur? Bəlkə səni sərhəddən buraxmayacaqlar, göyün üzündən geri qaytaracaqlar? Ona görə də gəlmək istəsən suallarımı yaxşıca düşün.

Həm gəlsən, nə olacaq ki? Bakının qaranlıq küçələrində quldurlar boxçandan tutmuş, saqqalına kimi şələ-şüləni oğurlayarlar. Qalarsan küçənin ortasında lüt-qənbər. Bu azmış kimi də yolda görən adamlar səni telefona çəkər, tik-tokun, feysbukun, yutubun məzəsinə çevirərlər. Bütün bunlardan sonra maralların qoşulduğu kirşə ilə geri qayıdarsan yoxsa depressiyaya düşərsən?

Əziz, Şaxta Baba, gəlməsən də mənim, insanların diləklərini gerçəkləşdir. Hər Yen ildə sənə məktub yazıram. Yazıram ki, gələn il çiçəkli, hüzurlu, sevinc dolu olsun. Ən azından bircə il dünyamız müharibəsiz, pandemiyasız keçsin. İnsanlar ölməsin, uşaqlar ağlamasın, adamlar ac qalmasın.

Şaxta baba, indi gözlərini bərəldərək bu istəklərimi yaxşıca oxu. Oxu ki, bizim də ümidimiz diri qalsın. Deməli, istədiklərimi aşağıda qeyd edirəm:

- Səndən ilk istədiyim yer kürəsinə mutluluq, sevgi, hüzur, sülh gətirəsən...

- Müharibələri dayandır, uşaqlar ölməsin!

Əsas istədiklərim bunlardır. Ancaq başqa istəklərim də var. Bəlkə yazdığım sətirləri Qar qız ilə oxuyub, güləcəksən. Bəlkə də hönkür-hönkür ağlayacaqsan. Şaxta Baba, keçirəm indi kiçik istəklərimə.

- Pandemiya başa çatsın, maskalardan azad olaq.

- Ölkəmizdə maaşlar qalxsın.

- Bakıya qar da gətirmə, qazın, işğın qiymətləri qalxıb. Günəş dolu günlər gətir.

- İnsanlar telefonlardan, sosial şəbəkələrdən müəyyən qədər uzaqlaşsın.

- Cinayətlər olmasın, qardaş-qardaşın qanını tökməsin...

Hələlik bu qədər. Şaxta Baba, özünü qoru, sonra da məktubu Tanrının hüzuruna çatdır. Ona bu məktubu hökmən oxu. 

 

 


SON XƏBƏRLƏR

19 Aprel 2024