Rusiyanın Ural bölgəsində fəaliyyət göstərən Azərbaycan diasporu 28 May – Müstəqillik Günü və Qurban bayramı münasibətilə tədbir keçirib.
Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan-Ural” Regionlararası Təşkilatının Ural Federal Dairəsi üzrə rəhbəri Hacı Kərim bayram münasibətilə regionda yaşayan azərbaycanlıları təbrik edərək, 28 Mayın Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi milli dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir.
Diaspor rəhbəri vurğulayıb ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar milli həmrəylik nümayiş etdirərək dövlətçilik ənənələrinin qorunmasına və Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsinə öz töhfələrini verirlər. Onun sözlərinə görə, xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyi milli maraqların müdafiəsində mühüm rol oynayır.
Hacı Kərim Qurban bayramının da cəmiyyətimizdə birlik, paylaşma və mənəvi dəyərlərin təcəssümü olduğunu diqqətə çatdırıb. O, hər iki əlamətdar gün münasibətilə Azərbaycan xalqına sülh, firavanlıq və əmin-amanlıq arzulayıb.
Onun sözlərinə görə, milli bayramlar və dini-mənəvi dəyərlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları vahid amal ətrafında birləşdirən əsas amillərdəndir. Diaspor nümayəndələri bundan sonra da Azərbaycanın milli maraqlarının müdafiəsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
Murad Məmmədli
Bakı 
















