Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Geologiya və geofizika mühəndisliyi” ixtisası ilə bağlı şikayətlərə dair açıqlama yayıb.
Universitetdən Bakıvaxtı.az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların təsnifatı”na əsasən, texniki və texnoloji ixtisaslar qrupunda “Geologiya və geofizika mühəndisliyi” vahid ixtisas kimi müəyyən edilib.
Təhsil ocağından qeyd edilib ki, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisaslarının birləşdirilməsi universitetin daxili qərarı ilə deyil, dövlət səviyyəsində təsdiq edilmiş təsnifatın tətbiqi nəticəsində baş verib. Tədris proqramında yer elmlərinin geoloji və geofiziki komponentləri vahid sistem kimi nəzərdə tutulur və fənlər hər iki sahənin bilik və yanaşmalarını kompleks şəkildə əks etdirir.
Həmçinin universitet vurğulayıb ki, magistratura səviyyəsinə qəbul zamanı hər bir namizəd təqdim olunan ixtisasın adını açıq şəkildə görür və buna əsaslanaraq seçim edir. Beləliklə, tələbələr qəbul olduqları ixtisasın “Geologiya və geofizika mühəndisliyi” olduğunu əvvəlcədən bilirlər.
Nəticə olaraq ADNSU-dan bildirilib ki, “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə tədris, normativ hüquqi sənədlərə tam uyğundur, şəffaf qəbul mexanizminə əsaslanır və müasir əmək bazarının tələblərinə cavab verir.
Əli Hüseynov
Bakı 




