• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirilib - YENİLƏNİB

CƏMİYYƏT

21 Iyun 2026 | 14:19 | Müəllif: Qalib İbrahimoğlu

Orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirib. İmtahanlar Bakı, Sumqayıt və Abşeronda təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, ümumilikdə imtahanların idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb.

İyunun 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

 

***08:14

İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən bildirilib.

Verilən məlumata görə, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda mayın 25-27-də qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər.

Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə mayın 25-26-da təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda keçiriləcək imtahanda iştirak edə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 365 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 6 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026