Bakıda yaşıllaşdırma tədbirləri davam etdirilir, paytaxtın müxtəlif ərazilərində yeni ağac, kol və dekorativ gül növləri əkilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.
Müşavirədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, yaşıllaşdırma sahəsində görülən tədbirlər, kommunal xidmətlərin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində yeni ağac və kol növlərinin əkilməsi davam etdirilir. Son illərdə görülən tədbirlər nəticəsində paytaxtda yaşıllıq sahələri və flora müxtəlifliyi əhəmiyyətli dərəcədə artıb.
Bildirilib ki, şəhərin iqlim şəraitinə uyğun yeni ağac, kol və gül növləri birliyin xüsusi istixanalarında yetişdirilərək sonradan yaşıllaşdırma işlərində istifadə olunur. Bu tədbirlər ekoloji mühitin yaxşılaşdırılması, biomüxtəlifliyin artırılması və şəhər landşaftının zənginləşdirilməsi məqsədi daşıyır.
Müşavirədə vurğulanıb ki, qlobal iqlim dəyişiklikləri və su ehtiyatlarından səmərəli istifadə nəzərə alınaraq yaşıllaşdırma işlərində əsasən quraqlığa davamlı, yerli iqlimə uyğun bitki növlərinə üstünlük verilir. Bununla yanaşı, müxtəlif rəngli dekorativ ağac və kolların əkilməsi şəhərin estetik görünüşünün daha da gözəlləşdirilməsinə xidmət edir.
Hazırda Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Kanna, Platicodon, Vinka kimi dekorativ güllərlə yanaşı, katalpa, meliya, sapindus, deloniks və paytaxtın iqlim şəraitinə uyğun digər ağac növləri də əkilir.
Qeyd olunub ki, bütün yaşıllaşdırma layihələri birliyin təcrübəli landşaft dizaynerləri və mütəxəssisləri tərəfindən həyata keçirilir. Paytaxtda yaşıllıq növlərinin artırılması, yeni ağac, kol və gül növlərinin əkilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Bakı 



