Prezident İlham Əliyevin Serbiyaya səfərinə təkcə ikitərəfli münasibətlər prizmasından baxmaq kifayət deyil. Bu səfər əslində Azərbaycanın xarici siyasətinin coğrafi genişlənmə mərhələsinin davamı kimi qiymətləndirilməlidir.
Bakı artıq uzun illərdir ki, Cənubi Qafqaz çərçivəsini aşaraq həm Avropa, həm Mərkəzi Asiya, həm də Balkan istiqamətində paralel xətt üzrə aktiv siyasət yürüdür. Serbiya ilə münasibətlərin dərinləşməsi də bu strategiyanın məntiqi davamıdır.
Burada əsas diqqət çəkən məqam Azərbaycanın artıq yalnız enerji ixracatçısı kimi deyil, kapital ixrac edən ölkə kimi çıxış etməsidir. Vaxtilə xarici investisiyaya ehtiyac duyan bir ölkənin bu gün başqa dövlətlərdə böyük həcmli layihələrə sərmayə qoymağa hazır olduğunu bəyan etməsi ciddi transformasiyanın göstəricisidir.
Bu, iqtisadi sabitliyin və maliyyə dayanıqlığının nəticəsidir. Azərbaycan neft və qaz gəlirlərini sadəcə daxili infrastruktur layihələrinə deyil, xarici iqtisadi mövqelərin möhkəmləndirilməsinə yönəldir. Serbiya bu baxımdan Balkanlarda strateji dayaq nöqtəsinə çevrilə bilər.
Digər mühüm aspekt Azərbaycanın enerji siyasətinin yeni mərhələyə daxil olmasıdır. Əvvəllər əsas diqqət xam resurs ixracına yönəlmişdisə, indi artıq elektrik enerjisi, bərpaolunan mənbələr və enerji istehsal zəncirinin tamlaşdırılması prioritetə çevrilir. Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə etmək planı onu regional enerji mərkəzinə çevirə bilər. Serbiya ilə əməkdaşlıq bu potensialın Avropa bazarına inteqrasiyası üçün əlavə kanal yaradır.
Balkan regionu Avropa İttifaqı ilə sıx inteqrasiya xəttində olsa da, enerji təhlükəsizliyi baxımından alternativ mənbələrə ehtiyac duyur. Azərbaycan bu boşluğu doldura bilən nadir tərəfdaşlardan biridir. Bu baxımdan Bakı artıq yalnız Cənub Qaz Dəhlizi çərçivəsində deyil, daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təminində rol oynayır. Serbiya ilə qaz ixracının artırılması qərarı Azərbaycanın Avropadakı strateji çəkisini daha da yüksəldir.
Səfərin başqa bir önəmli tərəfi Azərbaycanın balanslı və çoxvektorlu diplomatiyasının uğurudur. Bakı həm Avropa strukturları ilə əməkdaşlığı davam etdirir, həm də müstəqil iqtisadi və siyasi tərəfdaşlıqlar qurur. Serbiya ilə münasibətlərin gücləndirilməsi göstərir ki, Azərbaycan özünü hansısa blokun içində məhdudlaşdırmır, əksinə, müxtəlif regionlarla paralel əməkdaşlıq modeli qurur. Bu isə ölkənin manevr imkanlarını genişləndirir və beynəlxalq müstəvidə danışıqlardakı mövqeyini möhkəmləndirir.
Digər tərəfdən, Azərbaycan artıq yalnız enerji deyil, siyasi sabitlik və etibarlı tərəfdaş imici də ixrac edir. Müharibədən sonra suverenliyini tam bərpa etmiş, iqtisadi artımı qoruyub saxlamış və regional təşəbbüslərdə aparıcı rol oynayan ölkə kimi Bakı üçün yeni tərəfdaşlıqlar qurmaq daha asanlaşır. Serbiya ilə əməkdaşlıq da məhz bu güvən faktoru üzərində qurulur.
Bu səfər göstərdi ki, Azərbaycan regional gücdən daha geniş miqyaslı oyunçuya çevrilmək mərhələsindədir. Balkanlarda möhkəmlənmək həm iqtisadi şaxələndirmə, həm enerji bazarının genişləndirilməsi, həm də siyasi təsir imkanlarının artırılması deməkdir. Əgər bu xətt davamlı şəkildə inkişaf etdirilərsə, yaxın illərdə Azərbaycan yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının geoiqtisadi aktorlarından biri kimi çıxış edə bilər.
Belqrad səfəri məhz bu transformasiyanın növbəti addımı kimi tarixə düşə bilər. Azərbaycanın uğuru burada yalnız bir layihə və ya bir bəyanatla ölçülmür. Əsas uğur Bakının artıq təşəbbüs irəli sürən, investisiya yönəldən və regional proseslərə təsir edən aktora çevrilməsidir.
Alim Nəsirov
Bakı 




