Sumqayıt şəhər İcra Hakimiyyəti İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsindəki binaların ətrafının su altında qalması ilə bağlı mövqeyini açıqlayıb.
Yerli icra hakimiyyəti orqanından Bakıvaxtı.az-a bildirilib ki, yaranan çətinliklərin operativ aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar fasiləsiz tədbirlər görür, su basmış ərazilər təmizlənir, kanalizasiya xətləri açılır və digər zəruri işlər icra edilir.
Şəhər rəhbərliyinin nəzarəti altında fəaliyyət göstərən xüsusi qərargah 24 saat ərzində vəziyyəti izləyir, daxil olan məlumatlara dərhal reaksiya verərək problemlərin operativ həllini təmin edir. Vətəndaş müraciətlərinin qəbulu və çevik cavablandırılması üçün isə qaynar xətt fəaliyyət göstərir və daxil olan müraciətlər üzrə təxirəsalınmaz tədbirlər görülür.
Sumqayıt İcra Hakimiyyəti həmçinin İlyas Əfəndiyev küçəsi ərazisi ilə bağlı konkret tapşırıqlar verildiyini açıqlayıb.
Murad İsmayıl
***
12:03
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsindəki binaların ətrafının su altında qalması ilə bağlı mövqeyini açıqlayıb.
Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, mövcud qanunvericiliyə, o cümlədən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, bu kimi hallar onların deyil, yerli icra hakimiyyəti strukturları və su-kanalizasiya təchizatı qurumlarının vəzifəsinə daxildir.
Qurum həmçinin qeyd edib ki, intensiv yağan yağış səbəbindən evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi isə yalnız onların müraciəti əsasında həyata keçirilir. Vətəndaşlar bu halda FHN-in “112” qaynar telefon xəttinə müraciət edə bilərlər.
Murad İsmayıl
***
11:59
Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsindəki binaların ətrafını su basıb.
Sakinlərin Bakıvaxıt.az-a verdiyi məlumata görə, yağış suları binanın ətrafında toplanaraq çıxışı mümkünsüz edib və insanlar evdən çıxa bilmirlər.
Sakinlər vəziyyətin ciddiliyini bildirir və yardımın tez bir zamanda göstərilməsini tələb edirlər.
Murad İsmayıl
Bakı 




