• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan özünün müharibəsi ilə, haqlı savaşı ilə göstərdi ki, dünyada həm də ədalətsizlik var

LAYİHƏ

29 Sentyabr 2023 | 16:12

Azərbaycan özünün müharibəsi ilə, haqlı savaşı ilə göstərdi ki, dünyada həm də ədalətsizlik var

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən savaşında Azərbaycan tərəfi qalib dövlət olaraq işğal altında olan torpaqlarımızın azadlığını geri qayıtardı. Bu proses Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun gücü və xalqımızın iradəsi hesabına baş verdi.

Müharibə bitməsinə baxmayaraq Ermənistan imzalanan üçtərəfli bəyanatın şərtlərinə əməl etmirdi. Tez-tez atəşkəsi pozaraq Qarabağ regionunda terror əməliyyatları həyata keçirirdi. Sentyabrın 19-u 2023-cü ildə Azərbaycan Ordusu Qarabağ regionunda antiterror əməliyyatlarına start verdi. 23 saat 43 dəqiqə davam edən əməliyyatdan sonra sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi. Növbəti görüş isə Xocalıda baş tutdu. Bu gün – sentyabrın 29-da isə Yevlaxda sayca 3-cü görüş oldu.

Baş verənlər anbaan xəbər portallarında və rəsmi qurumlarda izləndi. Lakin ermənilər bütün bunlara baxmayaraq feyk xəbərlər yaymaqda davam etdilər. Bir sözlə, cəbhədə gedən savaşla yanaşı düşmənlə informasiya savaşı da apardıq.

Vüqar Zifəroğlu: Ermənilərin informasiya müharibəsinin əsasını gerçəkliyi əks etdirməyən informasiyalar təşkil edir

Məsələ ilə bağlı Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Bakıvaxtı.az-a bildirib ki, həm 44 günlük Vətən müharibəsindən əvvəl, həm müharibədən sonrakı dönəmdə Azərbaycan tərəfi öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün kütləvi kommunikasiya vasitələrindən, həmçinin mümkün olan bütün vasitələrdən maksimum istifadə etməkdə idi.

"Ümumiyyətlə, onu qeyd etmək lazmdır ki, bu gün qlobal mediaya erməni lobbisinin təsir imkanları həddən artıq genişdir. 80-ci illərin ortalarından başlayaraq, onlar həmin beynəlxalq media qurumları vasitəsi ilə təəsüflər olsun ki, həm Azərbaycan əleyhinə, həm də Qarabağa qarşı müəyyən kampaniya qura bilmişdilər. Ermənilərin bizə qarşı apardığı əsas informasiya müharibəsi də məhz həqiqətlərimizin təhrif edilməsi, manipulyasiyalar və ümumiyyətlə, həm tarixi, həm müasir gerçəkliyi tamamən əks etdirməyən, onun əleyhinə olan informasiyalar yaratmaqdan ibarət idi. Lakin buna baxmayaraq, son illərdə bildiyimiz kimi digər media qurumlarında da bizimlə bağlı kifayət qədər informasiyalar gedir. Həqiqətləri əks etdirilən xəbərlər yer alır. Məsələn, elə 44 günlük Vətən müharibəsi ilə yanaşı son bir ayda baş verən proseslər fonunda beynəlxalq mediada gedən kontentləti buna misal gətirə bilərik",-deyə V.Zifəroğlu bildirib.

Müsahibimiz xüsusilə qeyd edib ki, qərb mediasında kifayət qədər obyektiv informasiyalar olur. Müxtəlif televiziya kanallarında bununla əlaqədar müxtəlif verilişlər yayımlandı və ekspert rəyləri dinlənildi: "Bu sahədə əlbəttə ki, böyük işlər görülüb. Ancaq yenə də işlər davam etməlidir və qarşıda görməli olduğumuz işlər çoxdur. İndinin özündə də nə qədər fake xəbərlərdən, manipulyasiya edici xəbərlərdən istifadə edirlər. Buna da misal onu gətirə bilərik ki, yaxın keçmişdə yaşlı erməni qadına Azərbaycan polisi su verirdi. Həmin video görüntünü montaj edib ictimaiyyətə elə çatdırdılar ki, mövzudan tamamilə kənar qaldı. Tamamilə əks effekt verdi. Bunu da erməni tərəfi bütün kütləvi informasiya vasitələrində yanlış məlumat kimi yaymağa davam etdilər və çox ayıb bir davranış oldu".

Vüqar Zifəroğlu sonda bildirib ki, ermənilərin fake və dezinformasiyalarının, manipulyasiya edici xəbərlərinin qarışını almalıyıq. Baş verən proseslərlə bağlı doğru xəbərlərin yayılmasına şərait yaratmalıyıq: "Ermənilərin bu cür davranışlr sərgiləməsinə baxmayaraq, biz də öz mövqeyimizdən doğru xəbərləri dünya ictimaiyyətinə obyektiv və dəqiq çatdırmalıyıq".

Əziz Əlibəyli: Dünyanın bütün müqavilələrində ana xətt insan hüquqlarının qorunması, humanizmin dəstəklənməsidir

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli də Bakıvaxtı.az-a bildirib ki, bu, bizim 21-ci əsrdə qazanılmış qələbəmizdir və maraqlı olan məqam odur ki, 21-ci əsr bizim, ümumiyyətlə, qələbə əsrimiz olması nöqteyi nəzərindən önəmlidir.

Onun sözlərinə görə, bunu da məhz Ali Baş Komandan İlham Əliyev reallaşdırıb: “Bunu da o reallıqlar əsasında qurdu ki, 20-ci əsrin sonundakı məğlubiyyətlər, işğallar, vandalizmi, beynəlxalq hüququn səsinin eşidilməməsi, ölkənin keçid dönəmi, dağıdılmış təsərrüfatdan yeni bir ölkə yaratmaq, yeni düşüncədə vətəndaş tərbiyə etmək və məğlub əhval-ruhiyyəni qalib əhval-ruhiyyəyə transformasiya etmək bütün bunlar ayrı-ayrılıqda böyük bir ictimai- siyasi informasiyanın keçidini zaman olaraq tələb edirdi".

Ekspert əlavə edib ki, biz artıq prezident İlham Əliyevin məhz belə bir tarixi zərurəti yerinə yetirmiş olduğunu gördük: "Daha bir maraqlı məqam da odur ki, bu, 21-ci əsrdə yeganə hadisədir. Beynəlxalq hüququn şərtlərindən irəli gələrək bir ölkənin ərazi bütövlüyünün pozulmasi faktı aradan qaldırılır, özü də güc yolu hesabına və beynəlxalq hüquqa zərrə qədər şübhə faktı əlavə olunmadan..."

"Məsələyə bu prizmadan baxmalıyıq. Bir də şübhə yoxdur ki, Azərbaycan özünün müharibəsi ilə, haqlı savaşı ilə göstərdi ki, dünyada həm də ədalətsizlik var” deyən həmsöhbətimiz qeyd edib ki, dünyanın qarşısında Azərbaycana qarşı qonşu dövlət tərəfindən terror həyata keçirilir. Separatizm dəstəklənir.

“Müharibə nəticəsində əraziləri işğal edilir. Milyona qədər vətəndaşı məcburi köçkün və qaçqın düşür. Milyardlarla dollar zərbə dəyib. Ölkənin 5/1-i məhv olur. Ölkənin bütün ailələrinə siraət edən dəhşətlər yaşanır və bunlar dünyanın gözü qarşısında baş verir. Hansı ki, həmin dünyanın bütün müqavilələrində ana xətt insan hüquqlarının qorunması, humanizmin dəstəklənməsidir. Ancaq biz həm də onu gördük ki, bu dünyadan ədalət gözləməyə dəyməz. Onun təşkilatları da, qurumları da gücün yoxdursa, sənə dəstək verməz",-deyə Əziz Əlibəyli qeyd edib.

Xəyalə Rza

Yazı Medianınİnkişafı Agentliyinin maliyyə dəstəyiilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024