• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Füzuliyə qayıdış Qarabağda qayıdışın başlamasıdır

LAYİHƏ

08 Sentyabr 2023 | 13:36

Füzuliyə qayıdış Qarabağda qayıdışın başlamasıdır

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

İşğaldan azad olunmuş ərazilərimizə böyük qayıdış davam edir. Bu dəfə ürəyi 30 il Füzuli ilə döyünən füzulililər doğma yurd-yuvalarına dönürlər.

Bakıvaxtı.az xatırladır ki, avqustun 18-dən etibarən Füzuliyə böyük qayıdışa start verilib. Füzuliyə növbəti sentyabrın 7-də baş tutub.

İlk olaraq 23 ailənin doğma şəhərinə qayıdışı təşkil edilib. Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, eyni zamanda, 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Sentyabrın 7-də ikinci köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

Gələn ildən Füzuli şəhəri və rayonlarına sərmayəqoyma işləri həyata keçiriləcək

84 saylı Füzuli seçki dairəsindən deputat Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Füzuliyə qayıdış Qarabağda qayıdışın başlamasıdır. Onun sözlərinə görə, bundan öncə Şərqi Zəngəzurda Zəngilan və Laçın rayonlarında qayıdış həyara keçirilib: “Artıq Fizulidə Özbəkistanın dəstəyi ilə qurulan orta məktəbin inşası başa çatıb. Hər iki ölkənin dövlət başçılarının iştirakı ilə açılış olub. Sentyabrın 15-də Füzulidə 30 ildən sonra ilk zəng səslənəcək. Bütün bunlar ondan xəbər verir ki, Füzuli rayonunda intensiv şəkildə məskunlaşma reallaşmaqdadır. İlin sonunadək də 800 ailə Füzuli şəhərində məskunklaşacaq”.

Müsahibimiz qeyd edib ki, Füzuli şəhərində məskunlaşma ilə yanaşı, həm də Dövlətyarlı, Dədəli, Pirəhmədli kəndində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur: “Artıq Dövlətyarlıda proses başlayıb. Daha sonra digər iki kənddə də bərpa, yenidənqurma işləri görüləcək. Füzuli şəhəri ilə yanaşı kəndlərin də intensiv şəkildə bərpa edilməsini görəcəyik”.

V.Bayramova görə, digər mühüm məqam ondan ibarətdir ki, gələn ildən etibarən kəndlərin bərpası konteksində iqtisadiyyatın formalaşması və reinteqrasiya prosesinin həyata keçirilməsi gözlənilir. 2024-cü ildən etibarən Füzuli şəhəri və rayonlarına sərmayəqoyma işləri həyata keçiriləcək: “Təbii ki, iqtisadiyyatın formalaşması və növbəti mərhələdə Azərbaycan iqtisadiyyatının reinteqrasiyanın güclənməsinə imkan yaradacaq. O baxımdan, Füzuli yeni mərhələyə qədəm qoyur. Bu, Qarabağda böyük qayıdığın başlanğıcı olmaqla yanaşı, bütövlükdə, Qarabağ iqtisadiyyatının formalaşması və reinteqrasiyasında xüsusi bir mərhələdir”.

“Bura köçdükdən sonra doğmalarımızın qəbirlərini ziyarət edəndə ağlamamaq mümkün deyil”

 Birinci qayıdışda iştirak edən, Birinci Qarabağ müharibəsi iştirakçısı Vidadi Quliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Füzuli şəhərinə 30 ildən sonra qayıtmağın necə bir hiss olduğunu sözlə ifadə etmək olmur: “Çünki bura öz doğma torpağımız, böyüyüb-oxuduğumuz yerdir. Füzuli Azərbaycanın canıdır, gözüdür. 30 ildir həsrətlə bu günü gözləyirdik. 1-ci Qarabağ müharibəsi iştirakçısı olaraq bu torpaqlar uğrunda necə döyüşlərin getdiyini heç vaxt unutmaram, yadımdan çıxmaz. Bu torpaq uğrunda qardaşım şəhid oldu. 30 ildə nə qardaşımdan xəbər ala bilmişdik, nə də doğmalarımızın bizə əziz olan insanların məzarlarını ziyarət edə bildik”.

Füzuli şəhər sakini qeyd edib ki, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda artıq məqamın çatdığını gördük: “Bu səfər inanırdıq və hər birimiz həmişəki kimi döyüşlərə hazır idik. Düzdür, mən dəfələrlə müraciət edib könüllü yazılsam da, yaşıma və səhhətimə görə döyüşlərə qatıla bilmədim, amma iki oğlum bu döyüşlərə qatıldı. Mən onlara “Qorxmayın, irəli gedin, bu döyüşdə qalib biz olacağıq” deyirdim. Elə də oldu. Füzuliyə köçdükdən sonra doğmalarımızın qəbirlərini ziyarət edəndə ağlamamaq mümkün deyil. Doğma torpaqlarımıza qayıtmağımızın əsas səbəbkarları qazi və şəhidlərimiz, Ali Baş Komandanımız İlham Əliyevə nə qədər təşəkkür etsək azdır”.

“Füzulidə hər günüm digərindən daha xoş keçir”

Füzuliyə birinci qayıdışda iştirak etmiş Sədaqət Quliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, doğma yurdunda daha xoşbəxtdir: “Artıq 1 aya yaxındır burdayam və hər günüm digər günlərdən daha xoş keçir. Bu hissləri bizə yaşdıqlarına, ölmədən bu torpaqlara qaytdığımıza görə, əvvəla, şəhid və qazilərimizə nə qədər təşəkkür etsəm, qarşılarında baş əysəmazdırş Borcları ödənməz. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə Allahdan şəfa diləyirəm!”

“Digər bir təşəkkürüm isə cənab Ali Baş Komandan İlham Əliyevədir. Müharibə dövründə ondan əvvəl, ondan sora lazım gələn her yerdə vətənimizi, millətimizi həmişə başı uca elədi. Prezidentimiz lazım gələn hərkəsin cavabın verdi və bu haqq döyüşündə əsl komandanlıq etdi”, - deyə Füzuli sakini vurğulayıb.

“Mənim üçün kəndimizdən əziz yer yoxdur”

Füzulinin Əhmədalılar kəndinə qayıdan Orxan Əlibəyov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əlbəttə, doğulduğun torpağa hansı tərəfdən baxsan, bağlılığın olur: “Mən Bakıda böyümüşəm, təhsil almışam. Dostlarım, qohumlarım Bakıdadır. Kəndimizə təzə köçəndə mənim üçün müəyyən çətinliklər var idi. Sonra öyrəşdim. İndi deyirəm, mənim üçün kəndimizdən əziz yer yoxdur”.

Onun sözlərinə görə, gec-tez hamı doğulduğu yerə qayıtmalıdır. İnsan üçün ən rahat, ən təhlükəsiz yer elə öz doğulduğu torpaqdır: “Düşünürəm, bu həqiqəti gec-tez hamı başa düşəcək”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024