• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Atılan hər bir uğurlu addım parlaq Azərbaycan deməkdir

LAYİHƏ

18 Avqust 2023 | 17:07

Atılan hər bir uğurlu addım parlaq Azərbaycan deməkdir

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır.

Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. buna sübutdur.

Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur. Digər tərəfdən bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.

Psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsi birinci ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir. Bu mənada ilk növbədə hər bir valideyn məsuliyəti dərk etməlidir. Təbii ki, hər bir uşaq ilk növbədə ata-anasını ən ideal insan sayır. Əgər valideynlərdə fiziki qüsurlardan başqa hansısa çatışmazlıq olarsa, bu, uşağın psixologiyasına təsirsiz ötüşməyəcək. Daha sonra təhsil aldığı müəssisə və idmanla məşğul olduğu cəmiyyət və ya klub gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır.

Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.

Bu böyük işlərin əsası Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hələ ölkəmizə rəhbərliyinin birinci dövründə uşaq və gənclərin hərtərəfli inkişafına diqqət və qayğı göstərməklə gələcək inkişaf perspektivlərinə xüsusilə diqqət yetirirdi. Məhz bu dövrdə uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının yaradılması üçün həmin illər böyük işlər görülmüşdü.

Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə qısa müddət ərzində bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi. Uşaq və gənclərin hərtərəfli inkişafında bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirən Ümummilli lider deyirdi: “Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq”.

Ümummilli lider Heydər Əliyevin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin daha da artırılması məhz bu məqsədə xidmət edirdi. Diqqət etsək, iqtisadi cəhətdən ən inkişaf etmiş güclü dövlətlərin, həm də dünyanın qabaqcıl idman dövlətləri kimi tanındığını görərik. Ölkəmizdə ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişafın yüksək tempi idman sahəsinin inkişafı üçün də geniş imkanlar yaradıb. Şübhəsiz, yalnız hərtərəfli inkişaf etmiş dövlətlərdə idman kimi böyük vəsait qoyuluşu tələb edən sahəni inkişaf etdirmək mümkündür.

Günay Kərimi: Sağlam təfəkkürlü savadlı insanların olması ölkənin inkişafı üçün çox vacibdir

Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əlbəttə ki, sağlam təfəkkürə sahib savadlı insanların olması ölkənin inkişafı üçün çox vacibdir: “Son illər dövlətimiz tərəfindən təhsilə ayrılan diqqət, görülən işlər, göz önündədir. Bu, çox sevindirici haldır. Əlbəttə, inkişaf daim olmalıdır ki, ölkəmizdə savadlı gənclərin sayı çox olsun. Çünki irəliyə doğru atılmış hər bir addım parlaq Azərbaycan deməkdir”.

Onun sözlərinə görə, lakin bütün yükü dövlətin üzərinə yükləmək də doğru deyil. Psixoloq qeyd edib ki, hər bir valideyn övladının həm mənəvi, həm də fiziki inkişafına xüsusi diqqət ayırmalıdır. Valideynlər bütün yaş dövrlərində övladlarının yanında olmalı, onları sevgi və qayğıdan məhrum etməməlidirlər. Onlar müəllimlərin də köməyi ilə uşaqlarının istedadlı tərəflərini aşkarlamalı, hara maraqları varsa, ora yönləndirməlidirlər. Belə olan halda gələcəyə peşəkar bir gənc yetişər.

Müsahibimiz qeyd edib ki, ölkədə yaxşı mütəxəssislərin olması inkişafa gətirib çıxarır: “Ona görə həm valideyn, həm də dövlət olaraq çalışmalıyıq ki, gələcəyimiz parlaq olsun”.

Ömər Usubov: Şagirdlərin fiziki inkişafı üçün məktəblər hər cür ləvazimatla təmin olunur

Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin idman müəllimi Ömər Usubov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, fiziki tərbiyə hərəki qabiliyyətləri, bilik, bacarıq və vərdişləri özündə əks etdirən pedaqoji prosesdir: “Məqsəd yeniyetmə və gənclərdə sağlam orqanizmə malik olmaqdır. Bu da hərəki qabiliyyətlərin inkişaf etdirilməsi ilə baş verir. Altı dənə hərəki qabiliyyət var: güc-qüvvə, cədlik-çeviklik, elastiklik, dözümlülük, sürət, sürət-güc. Fiziki tərbiyə ilə hər kəs məşğul ola bilər. Professional idmandan fərqli olaraq onun heç kimə ziyanı yoxdur”.

Onun sözlərinə görə, şagirdlərin fiziki inkişafı üçün məktəblər dövlətimiz tərəfindən hər cür ləvazimatla təmin olunub: “Təbii ki, xüsusi dərnəklər açılsa, hər bir şagird marağı olan idman növünə qoşulsa, daha yaxşı olar. Məktəblərdə bu cür dərsdənkənar idman dərnəklərinə ehtiyac var”.

Rəşad Yaqubov: Azərbaycanda idmana maraq həmişə olduğu kimi, yenə də yüksək səviyyədədir

“Rövşən Veysəlov klubu”nun MMA döyüş növü üzrə baş məşqçi Rəşad Yaqubov da Bakıvaxtı.az-a deyib ki, ölkədə idmana maraq həmişə olduğu kimi, yenə də yüksək səviyyədədir.

R.Yaqubov bildirib ki, indi yeniyetmə və gənclər daha çox idmanla məşğul olmaq istəyirlər: “Atılan addımlar yüksək səviyyədədir”.

“Respublikamızda idman idarələri ləğv olunub, əvəzinə region idarələr yaranıb ki, bu da müsbət haldır”, - deyə Rəşad Yaqubov qeyd edib.

Aytac Aslan

Yazı Media İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024