• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Demokratik cəmiyyətin yeganə siyasi hakimiyyəti hüquqi dövlətdir - RƏYLƏR

LAYİHƏ

28 Iyul 2023 | 13:09

Demokratik cəmiyyətin yeganə siyasi hakimiyyəti hüquqi dövlətdir - RƏYLƏR

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Ötən illər ərzində aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu yüksək səviyyədə həyata keçirilib, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, "vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.

Qeyri-Hökumət Təşkilatları milli proqramların hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Bu da ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına dəlalət edən əsas amillərdən hesab olunur. Etiraf edilməlidir ki, son zamanlar QHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərirlər. Bunun nəticəsidir ki, artıq çoxsaylı qeyri-hökumət təşkilatları qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində xeyli ixtisaslaşıblar. Bu baxımdan cəmiyyətin demokratikləşməsində QHT-lərin rolunu inkar etmək, görməzdən gəlmək vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ədalətsiz yanaşma olar. Bütün QHT-lər Azərbaycanda demokratik quruluşun dəstəklənməsi, dünyəvi dövlətin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin təmin edilməsi istiqamətində kifayət qədər fəallıq nümayiş etdirirlər.

Rauf Rəcəbov: Vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan demokratik dövlət olması mümkünsüzdür

“Azərbayca Milli İnkişaf Layihəsi” İctimai Birliyinin sədri Rauf Rəcəbov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunun ayrılmaz hissəsidir: “Nə qədər qanunlar qəbul edilsə, hüquqi baza ən mükəmməl formada hazırlansa da, vətəndaş aktivliyi, vətəndaş cəmiyyəti institutları da güclü, hərtərəfli fəaliyyət göstərməlidir ki, dövlətçiliyin əsasları zəifləməsin. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Hüququn keşiyində duran dövlət mühafizəsi dövlət məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan fərqləndirir. Yalnız hüququn dövlətə ehtiyacı yoxdur, dövlətin də hüquqa ehtiyacı var. O, hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz. Belə ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir. Söhbət dövlət orqanları sisteminin daha əlverişli təşkilindən, onların səlahiyyət və fəaliyyətlərinin əsas istiqamətləri və prinsiplərinin müəyyən edilməsindən gedir”.

Onun sözlərinə görə, bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlər, cəmiyyətdə qanunçuluq rejiminin elementləri, vəzifəli şəxslə vətəndaş arasında qarşılıqlı əlaqənin əsasıdır: “Dövlətlə bərabər vətəndaşlar da öz məsuliyyətini dərk etməli, əsas insan və vətəndaş hüuquqlarına hörmətlə yanaşmalıdır. Bununla bərabər, vətəndaşlar dövlət inistitutlarının sarsılmasına səbəb olan, ölkədə anarxiya yaradan, qeyri-konstruktiv davranışlardan uzaq olmalıdır. Qarşılıqlı etimad, məsuliyyət gücləndikcə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu arzulanan inkişaf səviyyəsinə çata bilər. Siyasi nəzəriyyədə dövlət və vətəndaşın qarşılıqlı məsuliyyəti dedikdə onların bərabər subyektlər kimi tanınması başa düşülür. Hüquqi dövlətdə dövlət vətəndaş qarşısında necə məsuliyyət daşımalıdırsa, vətəndaş da dövlət qarşısında eyni məsuliyyəti daşımağa borcludur. Dövlət vətəndaşların normal həyat şəraitinin qarantı olmalı və bu vəzifəni yerinə yetirməkdə cavabdehlik daşımalıdır. Qarşılıqlı məsuliyyəti qorumaq üçün dövlətin və vətəndaşların bir-birinə təsir imkanları güclü olmalıdır”.

Müsahibimiz qeyd edib ki, cəmiyyət, əsasən, insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur: “Davranış qaydalarının bir qismi dövlət tərəfindən müəyyən olunur və qanunlarda öz əksini tapır. Onların pozulmasına isə məsuliyyət nəzərdə tutulur. Davranış qaydalarının bir qismi isə əxlaq normalarına əsaslanır. İnsan Hüquqları haqqında “Ümumi Bəyannamənin” 29 maddəsində deyilir ki: “Hər bir insan yalnız öz şəxsiyyətinin tam inkişafı mümkün olan cəmiyyətin qarşısında məsuliyyət daşıyır...” Vətəndaşların əsas vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında da əksini tapıb. Konstitusiyanın 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Bir qayda olaraq dövlət cəmiyyət, cəmiyyət isə dövlətlə sintez şəklində olmasa, köklü məsələlər həll ola bilməz”.

R.Rəcəbov qeyd edib ki, vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan demokratik dövlət olması mümkünsüzdür: “Demokratik cəmiyyətin yeganə siyasi hakimiyyəti hüquqi dövlətdir. O, ümumi bəşəri sərvət sayılmalıdır. Azərbaycanın yeni Konstitusiyasının preambulasında qanunların aliliyini təmin edən hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması xalqın niyyətlərindən biri kimi təsbit edilib. Azərbaycanda vətəndaş cəmiyyətinin rolu bütün istiqamətlərdə önəmlidir”.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətində mühüm rol oynayan bir sıra QHT-lər hökumətə idarəçiliyin bütün səviyyələrində, eləcə də iqtisadiyyat və sosial siyasət sahələrində - bir sözlə, dövlət quruculuğunda ən böyük rollardan biri vətəndaş cəmiyyətinə aiddir.

Demokratik cəmiyyətin formalaşmasında, ictimai maarifləndirmədə, müxtəlif dövlət əhəmiyyətli layihələrdə, qanunvericiliyin təşkilində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır: “Vətəndaş cəmiyyəti özlüyündə çox geniş anlayışdır. Ümumi olaraq icmalar, qeyri-hökumət təşkilatları, təşəbbüs qruplarından formalaşan vətəndaş cəmiyyətlərinin aktiv fəaliyyəti dövlətin inkişafında, gücləndirilməsində çox vacib amildir”.

R.Rəcəbov vurğulayıb ki, Azərbaycanda vətəndaş cəmiyyəti təmsilçiləri ictimai nəzarət də həyata keçirir: “Dövlət qurumları yanında seçki yolu ilə ictimai birlik təmsilçilərindən formalaşdırılan ictimai şuralar artıq bir neçə ildir ki, ictimai nəzarət həyata keçirir. Bu prosesin mövcud vəziyyəti ilə bağlı fikirlər birmənalı olmasa da, faktiki olaraq bu prosesin özü də maariflənmə işində önəmli rola sahibdir. Məhz demokratik və hüquqi dövlətdə xalqın iştirakçılıq prinsipləri əsas sayılır. Cəmiyyətin təşkilatlanmasına və prosesin irəli aparılması üçün siyasi partiyalarla bərabər vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ciddi ehtiyac var. Çünki vətəndaş cəmiyyətləri, ictimai təşkilatlar daha çox ixtisaslaşma üzrə formalaşır. Bu sahələr üzrə də mütəxəssislərin yetişməsində önəmli rol oynayır. Bu da vətəndaş cəmiyyəti institutlarının inkişafının əsasını təşkil edir”.

“Vətəndaş cəmiyyətlərinin insanların maariflənməsi, konkret sahələr üzrə hesabatların hazırlanması, təkliflərin verilməsi istiqamətində fəaliyyətləri olur ki, bu da dövlət həyatında önəmli hadisəyə çevrilə bilir. Vətəndaş cəmiyyətləri, həm də qanunvericilik təşəbbüsü ilə çıxış edə bilir. Bu baxımdan, vətəndaş cəmiyyətlərinin hüquqi dövlət və demokratik cəmiyyətin qurulmasında rolu kifayət qədər yüksəkdir və onlara ehtiyac var”, - deyə Rauf Rəcəbov əlavə edib.

Nadir Azəri: Ölkədə QHT sektorunun, ümumiyyətlə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atılır

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Şərqdə ilk demokratik cümhuriyyətin əsasını qoyan Azərbaycan xalqı hər zaman demokratiyaya, insan haqlarına sadiqliyi ilə seçilib: “Xalqımız istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də 1991-ci ildə yenidən müstəqillik əldə etdiyimiz dövrdən sonra hüquqi dövlət quruculuğu məsələsinə də xüsusi önəm verib. Xalqın bu diqqəti sonrakı mərhələdə formalaşan vətəndaş cəmiyyətinin də hüquqi dövlət quruculuğunda önəmli rol oynamasına təkan verib”.

O qeyd edib ki, ümumilikdə, vətəndaş cəmiyyəti - cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir: “Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğu ilə birbaşa bağlıdır desək, heç də yanılmarıq. Məlumat üçün bildirək ki, hüquqi dövlət - dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları, azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Konkret olaraq Azərbaycana gəlincə, birmənalı olaraq, vurğulamaq yerinə düşər ki, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”.

N.Azəri deyib ki, bunun üçün 1991-ci ildən sonrakı tarixə qısa ekskurs etmək kifayətdir: “Bəlli olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə vətəndaş cəmiyyətinin əsasını təşkil edən qeyri-hökumət təşkilatları yaranmağa başladı. Lakin ilk illərdə bu istiqamətdə ciddi çətinliklər mövcud idi. Yalnız Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra bu sektora münasibət müsbət istiqamətə dəyişməyə başladı. Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra dövlət tərəfindən QHT-lərə göstərilən xoş münasibət vətəndaş cəmiyyətinin inkişafına bir təkan oldu”.

Müsahibimiz qeyd edib ki, dahi şəxsiyyətin göstəriş və tapşırıqları ilə Azərbaycanda QHT sektorunun, ümumiyyətlə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atıldı: “Məhz bundan sonra sözügedən sahəyə dair qanunvericilik bazası formalaşdırıldı. Hesab edirəm ki, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunu bəhs edilən istiqamətdə atılan mühüm addımlardan biri kimi dəyərlədnirmək olar. Çünki Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun məhz 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Sonrakı dövrlərdə bu sektorla bağlı müxtəlif qanunların qəbul edilməsi Azərbaycanda QHT hərəkatının daha geniş vüsət almasına imkan yaratdı”.

Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də QHT sektoruna xüsusi diqqət və qayğı ilə yanaşdığını deyən Nadir Azəri məhz bunun nəticəsi olaraq Azərbaycanda vətəndaş cəmiyyətinin uğurlu inkişaf yolu keçdiyini vurğulayıb: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin layihələrinin maliyyələşdirilməsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üçün Azərbaycan hökumətinin atdığı addımlar, dövlət orqanları nəzdində yaradılmış ictimai şuralarda QHT təmsilçilərinin iştirakı və s. deyilənlərə bariz nümunədir. Bu məqamda xüsusi olaraq vurğulamaq istəyirəm ki, müasir dövrdə ictimai şuraların fəaliyyəti, xüsusilə dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında onların rolu mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ictimai şuralar vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prossesinin vacib institutlarından birinə çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələnin önəminə toxunub. Dövlət başçısı çıxışlarında ziyalıları, sadə vətəndaşları, o cümlədən QHT sektorunu ictimai nəzarət məsələsində fəal olmağa səsləyib. Təbii ki, bu da təsadüfi deyil. Çünki səmərəli ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsində, dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuralar əhəmiyyətli rol oynayır. Bu eyni zamanda, vətəndaş cəmiyyətinə, QHT-lərə necə mühüm önəm verildiyini ortaya qoyur”.

Aytac Aslan

Yazı Media İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024