Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hadisə ilə bağlı rəy verən Ədliyyə Nazirliyinin Məhkəmə Eksperiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyev ifadə veriblər.
Azər Maqsudovun vəkili Musa Abdinov deyib ki, ekspertlər rəydə müdafiə tərəfinin qoyduğu suallara cavab verməyib. Vəkil əlavə edib ki, ekspertlərin hadisə ilə bağlı verdiyi rəy yanlışdır.
Ekspertlər də öz növbəsində hadisə ilə bağlı verdikləri rəyi prosesdə izah ediblər. Onlar yanlış rəy vermədiklərini bildiriblər.
Ekspert Lətif Bağırov deyib ki, ona təqdim olunmuş ilkin istintaq rəyi ilə onun verdiyi sonuncu rəy arasında ziddiyyət olmayıb. O bildirib ki, hadisə ilə bağlı rəyi hadisənin görüntülərini əks etdirən videonu tədqiq edərək verib.
Prosesdə təqsirləndirilən Azər Maqsudov ona qarşı qaldırılan mülki iddia ilə bağlı ifadə verib. O bildirib ki, dəfn zamanı mübahisə yaranıb:
"Biz mərhumun böyük qardaşı ilə danışıb məbləğ müəyyən etmişdik. Sonra mərhumun həyat yoldaşı Türkiyədən zəng edərək razılaşmadığını deyib. Yaxınları mərhumun həyat yoldaşının şəhərdə iki ədəd ikiotaqlı ev istədiyini demişdilər. Sonra söhbət olub ki, 400 min manat pul istəyirlər, bu məbləği vəkillərlə razılaşıb 250 min manata düşürdüblər. Biz isə 45 min manat təklif edirik. Mən onların mülki iddiasını qəbul etmirəm".
Zərərçəkən tərəfin vəkilləri əlavə edib ki, hazırda qarşı tərəflə barışıq əldə olunmayıb.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Növbəti proses oktyabrın 27-nə təyin olunub.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.
Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.