Bakı şəhərində yerləşən 192 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev şagirdlərə maraqlı səsli mesaj göndərib.
Bakıvaxtı.az xəbər verir ki, mesajda direktor 44 günlük Vətən Müharibəsində iştirak etdiyini bildirib və şagirdlərə dərslərə gecikməməyi, xüsusilə birinci dərs saatında iştirak etməyi tövsiyə edib:
“Sizdən xahiş edirəm, 1-ci dərs saatına gecikməyin. Çünki dərslərə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himinin oxuyursunuz. Siz himni oxuyarkən deyirsiniz: ‘Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu…’ Həmin anda şagird olaraq azadlığımız və suverenliyimiz uğrunda dünyasını dəyişmiş şəhidlərimizin xatirəsinə yad edirsiniz”.
Direktor əlavə edib ki, onun qucağında da qəhrəman Azərbaycan oğulları şəhid olub:
“Bəlkə də, mənim gözlərimlə onlar sizə baxırlar , çünki sizinlə fəxr edirlər. Siz himn oxumağa gecikəndə onlar da sarsılır. Himnimizi vaxtında oxuyarkən isə sevinirlər. Ona görə də gəlin, vaxtında himnimizi oxuyun”.
Cavad Mustafayev şagirdlərə nizam-intizamlı olmağı tövsiyə edib və vurğulayıb ki, bu addım onların müvəffəqiyyəti üçün əsasdır:
“Dərsə gecikə də bilərsiniz, dərsə girməyə də bilərsiniz. Amma himnimizi oxumağa gecikməyin. Bu, vətənə olan münasibətinizi sübut edir. Əgər bunu etmirsinizsə, deməli, Vətəninizi sevmirsiniz”.
Səsli mesaj sosial mediada maraqla qarşılanıb.
Əli Hüseynov