• Bakı 18° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Ukrayna: Strateji səbr, torpaq haqqı və diplomatiya

DÜNYA

20 Oktyabr 2025 | 13:18

Ukrayna: Strateji səbr, torpaq haqqı və diplomatiya

Ukrayna Prezidenti Vladimir Zelenskinin “hazırkı təmas xətti əsasında danışıqlara başlamağa hazırıq” bəyanatı beynəlxalq ictimaiyyət və daxili auditoriya üçün bir sıra suallar doğurur.

İlk növbədə, bu mövqe Ukraynanın əvvəlki maksimalist mövqeyindən geri çəkilmə kimi qiymətləndirilə bilərmi? Eyni zamanda, belə bir addım Ukrayna daxilində siyasi və ictimai reaksiyalara necə təsir göstərəcək, Qərb müttəfiqləri arasında dəstək və etirazları necə formalaşdıracaq? Rusiya tərəfi bu təklifi qəbul etməyə meylli olacaq, yoxsa Moskva bundan əlavə güzəştlər tələb edəcək? Və nəhayət, “hazırkı təmas xətti” prinsipi münaqişənin uzunmüddətli “dondurulması” anlamına gəlirmi?

Bu suallar Zelenskinin bəyanatının həm strateji, həm də taktiki nəticələrini anlamaq üçün həlledici əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Zelenski hələlik belə danışıqlara gedib-getməyəcəyini tam bəlli etmir:

"Əsl məsələ bundadır: əgər bu reallaşacaqsa, hazırkı təmas xətti əsasında danışıqlara başlamaq ən doğru addım ola bilər. Hər iki tərəfin mövqeyi maksimalistdir. Ukraynanın haqlı olduğunu inkar etmək olmaz, torpaqları işğal edilib və bu, onun haqqını müdafiə edir. Lakin haqlı olmaq bəzən reallığı dəyişdirmir. Reallıqları nəzərə almamaq müharibənin uzanmasına, itkilərin artmasına və daha böyük faciələrə yol açır. Ukrayna güc baxımından Rusiya ilə rəqabətdə zəif deyil - amma əhalinin və canlı qüvvənin itkiləri, iqtisadi yük və texniki təkcə dəstək müharibənin nəticəsini təmin etmir. Mövcud Rusiya rəsmiləri ilə uzun müddətli müharibə aparmaq mənasızdır; buna görə də pragmatik düşünmək lazımdır. Hazırkı təmas xətti əsasında danışıqlar başlamaq, əksər halda, daha mərhələli və nəticəyə yönəlik bir yol göstərir".

Onun sözlərinə görə, hər zaman iki əsas variant var: 

"Birinci ehtimal 1990-cı illərdə Azərbaycan və Ermənistan arasında əldə edilən atəşkəsə oxşar bir razılaşmadır, yəni de-fakto işğal edilmiş ərazilərin vəziyyətini müəyyən edən, amma gələcəkdə dəyişmə ehtimalını saxlayan səviyyəli bir sülh. Bu, danışıqların davam etməsinə, kompromislərin mərhələli şəkildə təmin olunmasına imkan verər. İkinci ehtimal isə Helsinki və ya “Finlandiya modeli” kimi tanınan variantdır: daha sərt, möhkəm və uzunmüddətli sülh razılaşması, hansı ki, nə vaxtsa geosiyasi reallıqlar dəyişdiyi halda qiymətləndirilə bilər. Hansı yolun seçiləcəyi tarixin qərarından asılı olacaq, amma hər iki model əsaslı danışıqlar zərurətini göstərir".

Turan Rzayev: Onu dəstəkləyənlər olduğu kimi, qarşı çıxanlar da olacaq

Müsahibimiz qeyd edib ki, Zelenski belə bir yola gedirsə, qərar Qərbdə birmənalı qarşılanmayacaq: 

"Onu dəstəkləyənlər olduğu kimi, qarşı çıxanlar da olacaq. Macarıstan və onun müttəfiqləri məhz belə bir həllə meylli ola bilər; Macron tərəfdarları və müharibənin uzanmasını arzulayan qüvvələr isə ehtimal ki, bununla razılaşmayacaqlar. Lakin dövlət üçün ən doğru qərar  xalqın, vətənin və dövlətin mənafeyi üçün ən məqsədəuyğun olan addımdır. Populizmə qapılmaq və ya “müharibəni mütləq qazanacağıq” kimi illüziyalarla hərəkət etmək reallığı dəyişmir. Bəzən taktiki geri çəkilmək də böyük strateji qələbələrin başlanğıcıdır".

Həmsöbhətimizin sözlərinə görə,  Putin özü hakimiyyətdə daim qalacaq deyə bir qənaət yoxdur: 

"Gələcəkdə daha zəif, səriştəsiz və ya daxildən sarsılmış bir rus hakimiyyəti gəlməsi mümkündür. Doğru zamanı gözləyib, imkan yarananda əks-hücumla torpaqları azad etmək ən məqsədəuyğun strategiyadır. Azərbaycan bunun parlaq nümunəsini göstərdi: uzunmüddətli səbr, hesablanmış addımlar və məqsədyönlü siyasət nəticə verdi. Prezident İlham Əliyevin illərlə davam edən siyasətinin əsas dayağı olan səbr və planlı fəaliyyət çıxarılan nəticələrin təməlində dayanır, eyni yanaşma Ukraynada da tətbiq olunmalıdır. Unutmaq olmaz ki, torpaq qiymətlidir - amma xalq ondan daha qiymətlidir. Dövləti dövlət edən torpaq deyil, onun vətəndaşlarıdır. Vətəndaşların itirilməsi ilə yaradılan “dövlət” nə deməkdir? Əgər xalqın qanı hesabına saxlanacaq bir dövlətdən danışırıqsa, belə bir dövlət gələcək üçün təhlükə təşkil edər. Ukrayna demoqrafik baxımdan artıq ciddi problemlərlə üzləşib; II Dünya Müharibəsindən sonra ən çox itki verən xalqlardan biri kimi, müasir demoqrafik çətinliklərə malikdir. Bu müharibə yalnız kişilərin yox, qadınların, uşaqların və azərbaycanlı-tatar və digər əsilli insanlarının da həyatına ciddi zərbə vurur. Etnosun tədricən yox olması heç də qəbuledilməzdir".

Sonda Turan Rzayev vurğulayıb ki, torpaqları müdafiə etmək vacibdir, amma bu, həmin torpaqlarda yaşayan insanların qanı hesabına olmamalıdır.: 

"Millətin və dövlətin gələcəyi düşünüldükdə, strateji və tarazlı addımlar atmaq zəruridir. Hər bir qərar uzunmüddətli nəticələr nəzərə alınaraq verilməlidir. Bəzən geri çəkilmək taktiki üstünlük gətirir və gələcəkdə daha böyük qələbəyə yol açır. Ukrayna üçün ən doğru yol  həm haqlı mövqeyini qorumaq, həm də reallığı soyuqqanlılıqla dəyərləndirməkdir. Qələbə yalnız hərbi üstünlük deyil, o, həm də xalqın yaşaması, qorunması və gələcəyinin təmin olunması deməkdir. Dövlətin strateji məqsədləri ilə insan talelərini eyni çəkidə tutan, hesablanmış və mərhələli siyasət məhz bu məqamda prioritet olmalıdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Oktyabr 2025