• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

İnformasiya çatdırılması ən inkişaf etmiş pillədədir

LAYİHƏ

11 Avqust 2023 | 14:45

İnformasiya çatdırılması ən inkişaf etmiş pillədədir

6.3.13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

“İnformasiya və kommunikasiya texnologiyaları” (İKT) ifadəsi 1980-ci ildən bəri akademik tədqiqatçılar tərəfindən istifadə olunur. Son on il ərzində informasiya və kommunikasiya texnologiyaları (İKT) ən sürətlə inkişaf edən sənaye sektorlarının yaradılmasına kömək etdi, hökumət və biznes əməliyyatlarında səmərəliliyi artırdı və biliyə əsaslanan iqtisadiyyatın əsas struktur bloklarını inkişaf etdirdi.

Qulu Məhərrəmli: Həyatımız informasiya və kommunikasiya texnologiyaları olmadan reallaşa bilməz

AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qulu Məhərrəmli Bakıvaxtı.az-a bildirib ki, bugünkü informasiya həyatımızı, mediamızı, jurnalistikamızı, auditoriyaya informasiya çatdırmaq prosesini informasiya kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkünsüzdür.

Q.Məhərrəmlinin sözlərinə görə, buna səbəb isə faktiki olaraq bir tərəfdə informasiya, cəmiyyətdir, onun önə çıxartdığı informasiya tələbatının və informasiya əlçatımlılığının yüksək səviyyədə olmasıdır: "İkinci bir tərəfdən həmin informasiyanı cəmiyyətə çatdıran texniki, texnoloji kommunikativ proseslərin tamamilə yeni mərhələyə daxil olmasıdır. Bu gün demək olar ki, hər dəqiqə hər gün biz yeni texnologiyalarla tanış oluruq. İnternet öz möcüzəsini davam etdirməkdədir. Yəni, şəbəkələr yaradılır. İnformasiyanın çatdırılması və əldə edilməsi üçün imkanlar genişləndirilir. Bir sözlə, bəşər tarixinin informasiya çatdırılması işində demək olar ki, özünün ən inkişaf etmiş pilləsinə gəlib çatıb".

Müsahibimiz vurğulayıb ki, bu gün bir tərəfdə internet, digər tərəfdə televiziya kanalları, internetin yaratdığı media profilləri - bunlar hamısı xüsusi bir mərhələ təşkil edir: "Bütün bunlar o deməkdir ki, bizim həyatımız, məişətimiz ictimai fəaliyyətiniz informasiya və kommunikasiya texnologiyaları olmadan reallaşa bilməz. Bu gün hər yanda elektron hökumət, elektron imza, asan imza bank, əməliyyatlarının bir kart üzərinden aparılması, ödənişlərin hər formada reallaşdırılması və s. bunların hamısı informasiya texnologiyalarının inkişafının nəticəsidir”.

Q.Məhərrəmliyə görə, biz bu səbəbdən daim marağında olmalıyıq ki, texnologiyalar bu sahələrə daha çox nüfuz etsin: “Xüsusilə, bizim sahəmiz jurnalistikadır. İnformasiya çatdırılması ilə məşğul oluruq və virtual sahə çalışırıq ki, yeni məzmun qazansın, insanlar buradan fayda götürsünlər".

Konkret olaraq informasiya çatdırılması işində və bir də informasiya müharibəsi, kiber müharibə dövründə həmin texnologiyalar önəmli rol oynayır: Dünənə qədər sadəcə bir məlumatı şifahi şəkildə verirdiksə, ancaq indi bu məlumatı ötürərkən onu əks etdirən video və ya foto materialı da detallı şəkildə ötürməliyik. Bunlar hamısı bir canlılıq gətirir. İnformasiyanı daha inandırıcı edir. Bu texnologiyaları ciddi şəkildə mənimsəməliyik",-deyə Q.Məhərrəmli bildirib.

Qulu Məhərrəmli onu da əlavə edib ki, müasir dövrün informasiya agentliyi, elektron media sistemi hazırda sözügedən texnologiyaların üzərində mövcuddur. Dünənə qədər biz informasiya daşıyıcılarına çatmağa çalışırdıq. Məlumatları onlardan almağa çalışırdıq. Ancaq indi hər bir jurnalist sosial şəbəkədə öz profilini yaradıb informasiyanı vaxtında çatdırmağa yardımçı olur: "Mən elə zənn edirəm ki, bu sahə üzrə jurnalistika da getdikcə inkişaf edəcək. Yeni media “jurnalistika 2” və “jurnalistika 3” trendlərin öz inkişafını, öz texnoloji zəfərini inkişaf etdirəcək. Hal-hazırda jurnalistlərdən tələb olunan odur ki, onlar yeni texnologiyaları mənimsəsinlər. Birinci növbədə məlumatı toplamaq, beyində sistemləşdirmək, daha sonra internet üstündən yaymlamalıdır. Bu prosesi hər bir jurnalist dərk edib bacarmalıdır. Video çəkmək, səs ötürmək bunlar artıq adi bir proses halına gəlib. Söhbət daha çox ağır proqramları mənimsəmək və auditoriyaya çatdırmaqdır. Məsələn, səs üstündə işləmək, broadcastlar hazırlamaq, video reportajlar hazırlamaq, montaj prosesini bilmək və s. Bugünkü gündə jurnalistdən informasiyanı çatdırması üçün tələb edilən məsələlərdir".

İmran Qurbanov: İnformasiya kommunikasiya texnologiyaları çox sürətlə həyatımızın bütün sahələrini əhatə edir

SMM üzrə mütəxəssis İmran Qurbanov da məsələ ilə əlaqədar Bakıvaxtı.az-a açıqlama verib. Onun fikrincə, Azərbaycanda da informasiya və kommunikasiya texnologiyaların inkişafı daha da sürətli şəkildə olmalıdır. Mütəxəssis hesab edir ki, bu gün bizdə bu istiqamət üzrə addımlar daha yavaş atılır, dinamiklik o qədər yoxdur: "Ölkələrin əksəriyyəti bu sahə üzrə daha çox irəliləyiş əldə edib. Son zamanlar Azərbaycanda müşahidə etsək dələduzluq ilə məşğul olanların sayı daha da artıb. Hal-hazırda ən çox kiberdələduzluq ilə insanların bank kartından pulların oğurlanması baş verir, Bu da onun nəticəsidir ki, telefondan istifadə edən şəxslərin yarısı tam anlayışı olmadığı üçün kiberdələduzluq edənlərin qurbanına çevrilir".

İ.Qurbanovun verdiyi məlumatlara əsasən, fikir versək, dələduzluq edən şəxs daha çox elan saytlarından hər hansısa bir əşyanı almaq isdəyi ilə yazıb qurbanının bank məlumatlarını əldə edərək kartın içərisində olan məbləği transfer şəkilində xarici hesabına köçürür: "Bununla bağlı maarifləndirici videoçarxların və postların paylaşılmasına daha çox ehtiyac var ki, vətəndaşlarımız belə dələduzlara aldanmasınlar. Məncə, bununla bağlı ciddi tədbirlər görülməlidir və vətəndaşlarımız da diqqətli olmalıdır".

Həmsöhbətimiz qeyd edib ki, son zamanlar informasiya texnologiyaları dedikdə adətən kompüter texnologiyaları nəzərdə tutulur. “İnformasiya kommunikasiya texnologiyaları çox sürətlə həyatımızın bütün sahələrini əhatə edir. Məsələn, 20 il bundan öncə kompüterlərə yalnız iş yerlərində rast gəlinirdisə, indi, demək olar ki, hər bir evdə kompüter var",-deyə mütəxəssis bildirib.

Müsahibimiz sonda qeyd edib ki, bu gün elm, təhsil, səhiyyə, maliyyə, istehsalat və başqa sahələri kompüterlərsiz təsəvvür etmək çətindir. Hazırda ən kiçik müəssisələrdə də məktubların, məruzələrin, maliyyə sənədlərinin, hesabatların hazırlanması zamanı kompüterlərdən istifadə olunur: "İndiki zamana diqqət yetirsək dünya iqtisadiyyatında informasiya texnologiyaları da böyük rol oynayır ki, bu da bir çox şirkətlərin gəlir bazasını yüksəldir. Bizim şirkətlərin də bu sahəyə maraq göstərmələri sevindirici haldır”.

İ.Qurbanov əlavə edib ki, son zamanlar tədris prosesində noutbuk, proyektor, interaktiv lövhə və başqa elektron avadanlıqlardan geniş istifadə edilir. Bu texnologiyalar müəllimlərin yeni bilikləri daha asan yolla çatdırmasında, şagirdlərin isə dərsləri daha əyani və rahat qavramasında böyük əhəmiyyət daşıyır.

Xəyalə Rza

Yazı Media İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

01 Dekabr 2024