• Bakı 17° C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında KİV-in rolu danılmazdır

LAYİHƏ

01 Sentyabr 2023 | 16:06

Sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında KİV-in rolu danılmazdır

6.3.18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Qadınlara və uşaqlara qarşı zorakılıq dünyanın ən geniş yayılmış insan hüquqları pozuntularından biridir və hər gün, dəfələrlə dünyanın hər yerində baş verir. Qadınlar və uşaqlar üçün qısa və uzunmüddətli ciddi fiziki, iqtisadi və psixoloji fəsadlar törədir, onların cəmiyyətdə tam və bərabər iştirakına mane olur.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bəyan edir ki, qadınlar və kişilər bərabər insan hüquqlarına malik olmalıdırlar. Bununla belə, qadınların gender bərabərliyinə nail olmaq üçün əlavə müdafiəyə ehtiyacı var. Sadə dillə desək, gender bərabərliyi qadınların insan hüquqlarının müdafiəsini və təşviqini gücləndirmək deməkdir.

Ölkəmizdə gender bərabərliyi ölkə konstitusiyası və qanunvericiliyi ilə təmin edilir və məişət zorakılığının qarşısının alınması üçün təşəbbüs irəli sürülür. Azərbaycan 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının konvensiyasını ratifikasiya edib və 2002-ci ildə Gender İnformasiya Mərkəzi fəaliyyətə başlayıb. Ümummilli lider Heydər Əliyev tərəfindən 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, 6 fevral 2006-cı il tarixdə isə Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əvəz edilib.

Mehriban Zeynalova: Ümumi miqyasda ölkəmizdə istər idman, istər siyasət, istər digər peşə sahələrində qadınları görə bilərik

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son zamanlar qadına yönəlikli, zorakılıqla nəticələnə bilən yollara əl atılır. Burada məsələ təkcə fiziki zorakılıqdan getmir, psixoloji zorakılıqla nəticələnən bir situasiya yaranır.

Onun sözlərinə görə, yaranan bu vəziyyət zamanla qadınların uzaqlaşmasına gətiib çıxarır. Bir çox hallarda insanlar öz fikirlərini ifadə etməkdə çəkinirlər ki, qəbul edilməyəcək. Hətta ekspertlərin özləri də baxırsan ki, bəzən hansısa məsələləri işıqlandırmaq istəmirlər. Bu problemlərlə bağlı davamlı işləyən, monitorinqlər aparan yoxdur.

QHT sədri əlavə edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi problemləri aradan qaldırmaq üçün çalışır. Lakin bununla kifayətlənmək doğru deyil: "Komitədən bildirilir ki, zəng vurulur, danışılır, izahat işi aparılır,. Amma mənə elə gəlir ki, bununla yekunlaşmalı deyil. Hansısa müəyyən sənədlər qəbul edilməlidir. Həm Mətbuat Şurası, hansı ki, medianın fəaliyyətini tənzimləyir onlar mütləq bu mövzuya dair qaydaları, tələbləri öz jurnalistləri arasında keçirməlidir. Təəssüflər olsun ki, bəzi saytlar xəbəri elə  başlıqla verirlər ki, qeyri-adekvat və qeyri-etik səslənən fikirlər ortaya çıxır. Başa düşürəm, xəbərin oxunması günün tələblərindən biridir. Ancaq, deyilməmiş bir fikri götürüb başlığa qoymaq, insanlara yalnış fikri təbliğ etmək doğru deyil. Jurnalistləri qınamaq da olmur. Jurnalistlər yanlış başlıqlarla insanları müxtəlif istiqamətə yöndirməməlidirlər. Bir başlıq vardı ki, “Müğənni 15 yaşında ərə gedib, boşanıb, anasına villa alıb”. Belə başlığı oxuyandan sonra, 15 yaşında qız ərə getmək düşünəcək".

Mehriban Zeynalova qeyd edib ki, burada qadının potensialının artırılması, gənc qızın potensialının artırılması, onun halal zəhmətlə qazanması hekayəsi yoxdur: “Burada başqa bir çağırış var. Və elə məqamlar var ki, ciddi problemdir, mən çox narahatam. Jurnalistlər və media qurumları ilə əməkdaşlıq edən rəhbər orqanlar görüş keçirməlidir. Psixoloji aspektdən qadına qarşı zorakılıqdır".

Həmsöhbətimiz hesab edir ki, kiçik problemləri nəzərə almasaq, ümumi miqyasda ölkəmizdə istər idman, istər siyasət, istər digər peşə sahələrində qadınları görə bilərik: “Dəfələrlə onların uğurlarının şahidi olmuşuq və bir daha sübut edilib ki, kişi qadından üstün deyil. Yaşam tərzi cinsindən asılı olmayaraq insanın özündən asılıdır. Azərbaycan Respublikasının qanunlarına əsasən, 18 yaşını keçmiş hər bir insanın müstəqil yaşamaq, söz və fikir azadlığı vardır. Məkanından və zamanından asılı olmayaraq, qadınlara və uşaqlara qarşı zorakılıq gördükdə susmamalıyıq. Məsələni işıqlandırıb, qanun çərçivəsində həll etməliyik”.

Sevinc Məmmədova: Bir sıra ictimai normalar, adətlər gender bərabərliyinin təmin edilməsinə əngəl yaradır

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova Bakıvaxtı.az-a bildirib ki, ölkəmizdə gender bərabərliyin və qadın hüquqlarının təmin edilməsi istiqamətində əsaslı addımlar atılıb, qanunvericilik bazası formalaşıb, institusional mexanizmlər yaradılıb. Gender amili ümumi siyasətə daxil edilib.

Onun sözlərinə görə, gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımlardan biri 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi olub. Qadın hüquqlarının müdafiəsində 22 iyun 2010-cu il tarixində qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm əhəmiyyət kəsb edir.

"Son onillik ərzində Azərbaycanda gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində əhəmiyyətli işlər görülüb. Əldə olunmuş nəticələr göstərir ki, ötən əsrlə müqayisədə ictimai həyatın demək olar ki, bütün sahələrində kişilərlə bərabər qadınların fəallığı artıb, onlar arasında işsizliyin səviyyəsi azalıb. Artıq demək olar ki, kənd və şəhər yerində yaşayan qadınlar təxminən eyni imkanlara malikdir. Əvvəllər qızlar üçün ənənəvi olmayan təhsil sahələrində onların sayı artmaqdadır, erkən yaşda evlilik halları azalıb",-deyə o bildirib.

Lakin bir sıra ictimai normalar, adətlər gender bərabərliyinin təmin edilməsinə əngəl yaradır. Azərbaycan cəmiyyətində məhz kişi və ya məhz qadın davranışı, maraqları, şəxsi keyfiyyətləri haqqında tarix boyu formalaşmış bəzi təsəvvürlər hələ də mövcuddur. Bundan ən çox əziyyət çəkən isə qadınlar və uşaqlardır.

Müsahibimiz qeyd edib ki, bu stereotiplər qadınların insan hüquqlarının, əmək hüquqlarının, reproduktiv hüquqlarının pozulmasına, məişət zorakılığı və erkən nikah hallarının artmasına, qadınların təhsildən yayınmasına, inkişafına, məşğulluğunun azalmasına, ailə planlaşdırılmasına mənfi təsir göstərir. Gender bərabərliyi yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdən biridir. Qadınların səlahiyyətləndirilməsi istiqamətində ən vacib məsələlərindən biri onların iqtisadi asılılığının azaldılmasıdır.

Sevinc Məmmədova bildirib ki, düzgün ailə münasibətləri, sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Kütləvi informasiya vasitələri ictimai rəyi formalaşdıran bir platforma olaraq ictimai təfəkkürün yaranmasında mühüm rol oynayaraq öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir: “Bu gün informasiya axını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevrilib. Media vasitəsilə işıqlandırılan ailə modeli cəmiyyətin təsəvvüründə ailə ilə bağlı müsbət və mənfi obrazlar yaradır, müəyyən həyati situasiyalarda davranış modelləri formalaşdırır. Bu gün kütləvi informasiya vasitələri gənclərin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. İstər azərbaycan, istərsə də dünya mediasında ailə auditoriya üçün ən diqqətçəkən, sevilən mövzulardandır. Bu səbəbdən, kütləvi informasiya vasitələrində işıqlandırılan ailə obrazınının xarakteri barədə düşünmək, buradakı vacib məqamlara, yol verilən səhvlərə diqqət çəkmək olduqca önəmlidir. Gündəlik xəbər axının içində ailə mövzusu və ailə münasibətlərinə tez-tez rast gəlinir".

Müsahibimiz xüsusilə vurğulayıb ki, beynəlxalq təcrübəyə nəzər saldıqda mediada işıqlandırılan ailə-məişət xəbərlərinin bir çox hallarda auditoriyada emosional yanaşmanın formalaşmasına səbəb olduğunun şahidi oluruq. Oxucu və ya izləyiciyə təqdim olunan material onda nə qədər çox emosiya, nə qədər dərin hisslər yarada bilirsə, kontent bir o qədər böyük reytinqlərə səbəb olur. Bu zaman kütlə arasında şiddətli emosiyanı insanlar arasındakı münasibətlərin ekrana, mediaya daşınması, müxtəlif hekayələr, əsasən də münaqişə və zorakılıq xəbərləri insanları daha çox cəlb edir. Ailə-məişət məsələlərində neqativ hadisələrin, cəmiyyət üçün xarakterik olmayan nümunələrin aşırı yayımlanması, yalnış ailə modelinin təbliğinə, gənclər, yeniyetmələr arasında yalnış stereotiplərin formalaşmasına gətirib çıxarır. İnsanlar şüuraltı olaraq oxuduqları və baxdıqları sferalarda öz həmfikirlərini, öz bənzərlərini bir çox informasiya mənbələrində axtarırlar və bu zaman oxuduqları və ya baxdıqları kontent onlar üçün nümunəyə çevrilə bilir.

Ümumilikdə isə bu gün kütləvi informasiya vasitələri ilə gənclərə, ailələrə yönəlmiş pozitiv, maarifləndirici kontentin artırılmasına, cəmiyyət arasında sağlam düşüncənin, stereotiplərin formalaşmasına böyük ehtiyac var. Eyni zamanda əsas məsələlərdən biri sadəcə bu cür məlumatların işıqlanması deyil, həmçinin düzgün tirajlanması və auditoriyaya əlçatanlı olmasıdır: “Media vasitəsilə işıqlandırılan materiallarda real hekayələr və real qəhrəmanlar üzərindən pozitiv nümunələri insanlara çatdırmaq çox vacibdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Unutmamalıyıq ki, bir çox ailə-məişət münasibətləri və konfliktləri ailədaxilində baş versə də, ən isti və ülvi münasibətlər də məhz ailə üzvləri arasında yaşanır",-deyə o bildirib.

S.Məmmədova qeyd edib ki, uşaq və qadınlarla bağlı mövzular mediada diqqət çəkən mövzulardandır: “Təəssüf ki, müasir mediada, əsasən də sarı mətbuatda neqativ, kriminal xarakterli informasiya axını çoxalıb. Son zamanlar məişət zorakılığına, cinsi zorakılığa məruz qalan, adı cinayətdə hallanan uşaq və qadınlarla bağlı xəbərlərdə onların şəxsi kimliklərinin, lazım olmayan məlumatların, kiçik detalların açıqlandığının şahidi oluruq. Cinayət hadisəsinin işıqlandırılmasında jurnalistlər auditoriyanın diqqətini cəlb etmək, reytinq qazanmaq xatirinə hadisəni bütün təfərrüatları ilə təqdim edirlər.
Bəzən isə mediada yayımlanan materiallarda, qoyulan başlıqlarda cinsi ayrı-seçkilik hiss olunur. Misal üçün, “Qadın cinayətkar”, “Qadın sürücü”, “Qadın işçi” kimi başlıqlarla qarşılaşırıq. Belə sərlövhələr reytinq toplasa da cins seçiminə səbəb olur, gender bərabərliyi baxımından yanlış təsəvvür formalaşdırır. Son xəbərlərin səbəb olduğu fikir ayrılığı da təsdiq edir ki, cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi və ayrı-seçkiliyin aradan qaldırılmasında KİV-lərin rolu böyükdür".

Media təmsilçilərinin, jurnalistlərin uşaq və qadın hüquqlarını, onlarla bağlı məlumatların işıqlandırılması, eləcə də cinayətlə bağlı məlumatların yayılması qaydalarını, o cümlədən gender bərabərliyi prinsipinin mahiyyətini tam dərk edərək, onun cəmiyyətə verəcəyi faydanı bilərək fəaliyyət göstərmələri düzgün məlumatlandırmaya, cəmiyyətdəki cinslərarası bərabərsizliyin aradan qaldırılmasına, mənfi stereotiplərin aradan çıxmasına yol aça bilər:

"Bir çox beynəlxalq, eləcə də milli etik kodekslərdə, məhkəmə və cinayətlə bağlı məcəllələrdə bu qaydalar haqqında ayrıca maddələr var. Eyni zamanda KİV-in heç bir halda oxucunun həm cinayətkarı, həm də onun qurbanını müəyyən edə biləcəyi məlumatları dərc etməməli olduğu da qeyd edilir.

Buna misal olaraq, Avropa İttifaqının, UNİCEF-in jurnalistlər üçün tövsiyələrini qeyd etmək olar. Eləcə də “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə diqqət etsək, orada informasiyanın və mənbəyinin açıqlanması qoyulan məhdudiyyətlər sadalanır".

Sevinc Məmmədova sonda qeyd edib ki, bu sahədə sözügedən fəaliyyət, hazırlanan tövsiyələr media nümayəndələrini məlumat hazırlayarkən uşaqların və qadınların hüququqlarını nəzərə almağa, problemlərinə həssas yanaşmağa, mənafeyini qorumağa, ayrı-seçkilik və stereotiplərlə mübarizəyə yönələn təşəbbüslərə dəstək verməyə, gender bərabərliyini təşviq etməyə köməkçi olacaq.

Xəyalə Rza

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

13 Oktyabr 2024
12 Oktyabr 2024