• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ən yeni tariximiz indiki gənclərin gözü qarşısında yazılır

LAYİHƏ

22 Sentyabr 2023 | 15:05

Ən yeni tariximiz indiki gənclərin gözü qarşısında yazılır

6.3.16 Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinin bilavasitə cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etdiyi və bunun da çox əhəmiyyətli olduğu nəzərə alınaraq Azərbaycanda bu istiqamətdə mühüm işlər görülüb və görülməkdədir. Xüsusən də təhsil sistemində müşahidə edilən yeniliklər diqqətdən yayınan deyil və cəmiyyətimiz tərəfindən müsbət qarşılandığı da göz önündədir.

Hər zaman dövlət siyasətinin əsas prioritetlərindən olan təhsilimizin inkişafı bu gün də öz aktuallığını qoruyur və əbəs yerə deyil ki, Azərbaycanda məhz təhsil sektorunun daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atılır, əsaslı işlər görülür. Ölkəmizdə bu istiqamətdə daha böyük uğurlara nail olmaq üçün qəbul olunan proqramlar yalnız təhsilimizin inkişafına xidmət edir.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi üçün ali təhsil müəssisələrinin də rolu əvəzolunmazdır. Bu proqramlar vasitəsilə inkişaf etmiş tələbə, hər bir gənc Azərbaycanın gələcəyədir.

Kamran Əsədov: Dünyada az sayda xalq var ki, bizim qədər yeniliyə meyllidir

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, cəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında mühüm amillərdən biri, bəlkə də, birincisi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarının inkişaf etdirilməsidir: “Cəmiyyətimiz yeniliyə, liberallığa açıq bir toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyllidir. Azərbaycan insanı hər zaman çalışır ki, dünyada mövcud olan yeni texnologiyalardan istifadə etsin, həm özünün, həm ailəsinin, həm də toplumun inkişafına nələrsə verə bilsin. Əlbəttə ki, bu çox yaxşıdır”.

Ekspert qeyd edib ki, xüsusən Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, şanlı zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir: “Qələbənin təmin olunmasında, az qala 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad olunmasnda, ərazi bütövlüyümüzün bərpa edilməsində, tarixi ədalətin bərpasında Ali Baş Komandanın, cənab prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Bu baxımdan proqramların hazırlanmasında mütəxəsis yanaşması, eləcə də rəyi mütləq nəzərə alınmalı, ailmlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir ki, bu, əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə birliyimizin daha da güclənməsinə öz ciddi töhvəsini vermiş olsun”.

Bu proqramların səviyyəsini yüksək qiymətləndirən K.Əsədov qeyd edib ki, rəhbərlik etdiyi Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin təşkil etdiyi tədbirlərin proqramlarını hazırlayarkən burada həm beynəlxalq təcrübə öyrənilir, həm də konkret tədbirin mövzusuna uyğun şəkildə proqramlar hazırlanır: “Əlbəttə ki, bu proqramlar peşəkar mütəxəssislər tərəfindən ərsəyə gətirilir. O peşəkarlar ki, onlar birbaşa tədbirin təşkilat komitəsinə daxil olurlar və bu proqramlar onlar tərəfindən hazırlanır. Bununla bağlı Azərbaycanda bir nümunə də var. Uzun illərdir ölkəmizdə ən yüksək səviyyədə müxtəlif istiqamətli beynəlxalq tədbirlər keçirilir. Azərbaycanın bu istiqmaətdə çox yüksək təcrübəsi və nümunələri var. Bizdə bu cür tədbirlərin keçirilməsi çox yüksək səviyyədədir”.

Ekspertin sözlərinə görə, Sovet təhsil sistemindən modern və dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlaması ötən əsrin 90-cı illərinə təsadüf edir: “1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra bütün təhsil sistemində struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub. Təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. 35 il müddətinə nəzərdə tutulan ən sanballı təhsil proqramından sonra “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nı təsdiq etdi. Təhsilin pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hazırlandı və müvafiq dövlət təhsil standartlarına uyğun olaraq müxtəlif təhsil pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddətlərini müəyyən etdi”.

K.Əsədov vurğulayıb ki, əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün lazımlı maliyyə yardımı almasının təminatçısıdır: “Hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq 2019-2023-cü illər üçün nəzərdə tutulmuş proqram əsasında həyata keçirilir. 2007-2015-ci illər üçün nəzərdə tutulmuş müvafiq proqram ilə müqayisə etsək, bir çox fərqlər var. 2007-2015-ci illər üçün nəzərdə tutulmuş dövlət proqramı çərçivəsində 3558 təqaüd təmin edilmişdi. Proqram həm bakalavr, həm magistratura və reziderantura, eyni zamanda, doktorantura pilləsindəki tələbələrin təhsillərinin maliyyələşdirilməsini nəzərdə tutmuşdu. Məhz həmin illərdə ayrılan təqaüdlər sayəsində, azərbaycanlı tələbələr dünyanın 32 müxtəlif ölkəsində yerləşən universitetlərdən xaricdə təhsil üzrə dövlət proqramının dəstəyi ilə məzun oldu”.

Müsahibiz xatırladıb ki, Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi “xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”, həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiq edilib:

“Sözügedən Dövlət Proqramı çərçivəsində hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu istiqamətdə əcnəbi professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərə də yeni imkanlar açacaq. Təhsillə bağlı proqramlar çoxdur. Təqaüd proqramları ilə yanaşı, texniki dəstək proqramları, ayrı-ayrı ölkələrin universitetləri ilə əməkdaşlığa dair proqramlar var”.

Cavid İsmayıl: Şanlı zəfərdən sonra hər şeyi öz adı ilə çağırmağın vaxtı çatıb

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl Bakıvaxtı.az-a açıqlamasında təəssüflə qeyd edib ki, Azərbaycanda tarixə, o cümlədən də dövlətçilik tarixinə münasibətdə Sovet baxışı tam aradan qaldırılmayıb: “Bu qoca dünyanın tarix adlı bir güzgüsü var. Və bu güzgü hər kəsi olduğu kimi göstərir, arzuladığı kimi yox. Çünki tarix "Arzular, istəklər" proqramı deyil. 70 il bizi Leninə baba, Rəsulzadəyə satqın deməyə məcbur etdilər, sonra ədalət öz yerini tapdı. Stalinin vəfatı haqqında Sovet radiosunun xəbərini eşidəndə ağlayıb üz-gözlərini cıran adamlar Xruşşov hakimiyyətə gələn kimi Stalin dövründəki repressiyaları pisləməyə başladılar. Tarixi təcrübə isə göstərir ki, sonda qalib gələn HƏQİQƏT olur. Yəni bir dəfə pozulanı bir də və yenidən yazmaq olmur”.

Cavid İsmayıl hesab edir ki, Vətən müharibəsindəki tarixi qələbədən sonra hər şeyi öz adı ilə çağırmağın vaxtı çatıb: “Birinci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri, 2022-ci ilin sentyabr döyüşləri və nəhayət, 2023-cü ilin anti-terror əməliyyatı da Azərbaycan tarixinin şanlı səhifələridir. Bu torpaqların azadlığı uğrunda və xarici işğalçıya qarşı döyüşən hər kəs - Babək Xürrəmidən Cavad xana, Hüseynqulu xandan Həbib bəy Sultanova, general Polad Həşimovdan sıravi Azərbaycan əsgərinə qədər - böyük hörmət və ehtirama layiqdir. Şübhəsiz ki, Azərbaycan dövlətçilik tarixində Xalq Cümhuriyyətinin özünəməxsus yeri var. Bugünkü Azərbaycan Respublikası məhz Xalq Cümhuriyyətinin hüquqi varisidr. Ona görə də sıravi vətəndaşlardan Cümhuriyyətin qurduğu parlamentdə oturan deputatlara kimi hər kəs bu mövzuda danışarkən korrekt və diqqətli olmalıdır”.

Alim qeyd edib ki, tariximizi olduğu kimi yazmalı və gənc nəsilə təbliğ etməliyik: “İndiki gənclərin xoşbəxtliyi ondadır ki, bu gün ən yeni tariximiz onların gözü qarşısında yazılır. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev şanlı Azərbaycan Ordusu ilə birlikdə boyumuza biçilmiş 200 illik bəlaya son qoyur, təkcə Azərbaycan xalqına deyil, elə erməni xalqına da faciələr gətirmiş erməni faşizmini, “Böyük Ermənistan”, “Dənizdən-dənizə Ermənistan” və “Miatsum” ideyalarını tarixin arxivinə gömür. Yəqin bu da dünyada bir ilkdir ki, bir xalqın – ermənilərin xoşbəxtliyi 200 ildir soyunu qırdıqları, nəslini kəsdikləri qonşularından – azərbaycanlılardan asılı hala düşüb. Çünki daha qarşılarındakı əvvəlki Azərbaycan deyil, ən müasir silahlarla təchiz olunmuş güclü orduya malik Azərbaycandır. Amma bu gücdən günahsız insanlar - düşmən olsa belə - zərər görmür. Gənclərimiz belə bir dövlətin vətəndaşı və bütövlükdə azərbaycanlı olduqları ilə fəxr etməlidirlər”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024