Gürcüstan bütün meyarlar üzrə Avropa İttifaqına üzvlüyə namizəd olan digər ölkələri qabaqlayır, amma Brüsseldə bunu siyasi səbəblərə görə görməzdən gəlirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze jurnalistlərə deyib.
“Gürcüstan islahatların həyata keçirilməsi, iqtisadi inkişaf, ticarət aparma şəraitinin asanlığı, şəffaflıq və digər göstəricilər baxımından qabaqcıl ölkədir. Amma məsələ siyasət müstəvisinə keçən kimi, ölkəmiz haqqında guya demokratiya baxımından gerilədiyimizi iddia edən saxta bəyanatlar səsləndirilir”, - o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi ilə bağlı illik hesabatını dərc edib. Hesabatda bildirilir ki, Gürcüstanın Aİ-yə qəbul prosesi geriləmə səbəbindən faktiki olaraq dayandırılıb.
Aİ üzvlüyünə rəsmi namizəd statusu Gürcüstandan başqa Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqroya da verilib. Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Albaniya, Moldova, Ukrayna və Monteneqronun 2030-cu ilədək Avropa İttifaqına üzv ola biləcəyini açıqlayıb.
Bakı 



