6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”
Məlum olduğu kimi, 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib.
Bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev güclü siyasəti ilə tanınan, vətənini canından çox sevən şəxsiyyət kimi adını tarixə qızıl hərflərlə yazdırıb. Heydər Əliyev Azərbaycan tarixinin XX əsrdə əhəmiyyətli simalarından biri hesab edilir.
Ümummilli liderin 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət kimi möhkəmlənməsində xidmətləri böyükdür. O, 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyirinə geri götürüb. İlham Əliyev isə prezidentliyinin elə ilk günlərində bu yolda atasından miras qalan Azərbaycan xalqını qoruyacağına və Qarabağı erməni əsarətindən azad edəcəyinə dair söz verdi. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin 100 illiyində ərazi bütövlüyümüzü təmin etməklə atasına verdiyi sözü tutmuş oldu.
Arzu Nağıyev, deputat
Milli Məclisin deputatı Arzu Nağıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib.
"Məlumdur ki, keçən ilin sentyabr ayında cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Mayın 10-da Ulu öndərin 100 yaşı tamam oldu və bununla əlaqədar olaraq tədbirlər planı hazırlandı və bu planlara uyğun olaraq iqtisadi, siyasi həm də hərbi, mədəni, diplomatik səviyyədə tədbirlərin keçirilməsi təsdiqləndi. Bu istiqamətdə çox ciddi addımlar atıldı".
Müsahibimizin sözlərinə görə, bu gün rayonlarda İcra Hakimiyyətlərinin iştirakı və onların təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin vaxtında iqtisadi-siyasi və digər istiqamətdə təməlini qoyduğu layihələrin təhlili və müzakirəsi aparılır. İqtisadi cəhətdən böyük makro layihələrin məhz Ulu öndər tərəfindən həyata keçirilməsi istiqamətindən atılan addımlar, məsələn, Bakı-Tiblisi-Ceyhan Azərbaycan neftinin Avropaya nəql edilməsi, çıxarılması ilə bağlı layihələr həyata keçirildi və vaxtı ilə aqrar ölkə olan Azərbaycanın sənaye potensiallı böyük bir dövlətə çevrilməsi istiqamətində tədbirlər görüldü.
A.Nağıyev vurğulayıb ki, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin hakimiyyəti dövründə geosiyasi məsələlərin həllində uğurlu siyasətlər həyata keçirilib: "Hərbi baxımdan vaxtilə yaradılan hərbi liseylərin, akademiyaların, təhsil ocaqlarının məhz bu gün yetişdirdiyi generallar hesabına Qarabağda əldə edilən qələblərimiz və s. məsələlər təhlil edilir”.
Eyni zamanda, ikinci dəfə Azərbaycana qayıtdıqdan sonra darmadağın olunmuş bir ölkənin feodallığa çevrilməsinin qarışısı alındı. Bütün bu proseslər məhz Ümummilli liderin başçılığı altında həyata keçirildi. Ölkəyə edilən təhdid birmənalı şəkildə ölkədən qaldırıldı və inkişaf edən bir dövlətə çevrildi. Bu gun də Heydər Əliyevin siyasətini cənab İlham Əliyev çox uğurla həyata keçirir.
"Xarici dövlətlərdə, birmənalı şəkildə istər səfirliklərimizin vasitəsilə çox mühüm tədbirlər həyata keçirildi. Ulu öndərin vaxtında qoyduğu həmin təməl xarici siyasətdə öz işini gördü. Bununla bağlı da müvafiq tədbirlər həyata keçirildi",-deyə o vurğulayıb.
Millət vəkili əlavə edib ki, neft gəlirlərinin hesabına müasir ordunun yetişdirilməsində Ulu öndərin rolu danılmazdır. Həmçinin mədəniyyət istiqamətində, irsimizin qorunması istiqamətində Ulu öndərin vaxtilə qoyduğu yol birmənalı şəkildə indi də davam etdirilir:
"Ulu öndərin siyasəti ilə bağlı Birinci vitse president Mehriban xanım Əliyevanın apardığı humanitar siyasət də bir daha müzakirə edildi və Ulu öndərin rolu birmənalı şəkildə ən yüksək səviyyədə qeyd olundu".
"Bu gün hər bir istiqamətdə Heydər Əliyevin ərsəyə gətirdiyi, yazmış olduğu siyasət mütləq öz bəhrəsini verməkdədir və bunu da biz hiss edirik, görürük".
Arzu Nağıyev sonda qeyd edib ki, ən mühüm məsələ də məhz "Heydər Əliyev ili"ndə Xankəndi üzərində Azərbaycanın üçrəngli bayrağının dalğalannasıdır: "Azərbaycanın suverenliyinin tam şəkildə bərpası, işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq işləri, həmçinin azad olunuş ərazilərə “Böyük qayıdış”ın həyata keçirilməsi önəmlı məsələlərdəndir. Bir sözlə, Ulu öndər Heydər Əliyevin qoyduğu irs bu gün də davam edir və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev onun yolunu uğurla davam etdirir".
Ceyhun Məmmədov, deputat
Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, "Heydər Əliyev İli" Azərbaycanda ən yüksək səviyyədə qeyd olundu. Dövlət səviyyəsində müxtəlif tədbirlər, konfranslar həyata keçirildi:
"Bu tədbirlər yalnız bir istiqamətdə deyil, bir çox istiqamətdə həyata keçirildi. Biz tədbirlərin kütləvi xarakter aldığının şahidi olduq. Həm bölgələrimizdə, həm də Bakının mərkəzində bir çox tədbirlər təşkil olundu. Həmçinin Milli Məclisin özündə də tədbirlər həyata keçirildi",-deyə deputat qeyd edib.
Ceyhun Məmmədov onu da bidirib ki, hətta ayrı-ayrı dövlət qurumlarının iştirakı ilə də geniş tədbirlər təşkil olundu. Ulu öndərin əziz xatirəsi yad edildi:
"Əlbəttə ki, sadaladığımız tədbirlər indi də davam edir. Azərbaycan öz qarşısında qoyduğu məqsədlərə doğru irəliləyir. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevi sevir, sevəcək və hər zaman onun xatirəsini uca və əziz tutacaq".
Xəyalə Rza
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb