• Bakı 22° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

ZƏFƏR: Döyüşən jurnalistlər DANIŞIR

LAYİHƏ

07 Noyabr 2023 | 12:54

ZƏFƏR: Döyüşən jurnalistlər DANIŞIR

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdən üç il ötür. Bu zəfər Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı.

44 günlük Vətən müharibəsində qələmini silahla əvəz edib cəbhəyə yollanan jurnalistlərimiz də az olmadı. Dünənəcən qələmiylə informasiya müharibəsi aparan həmkarlarımız bu dəfə silaha sarılaraq torpaqlarımızın bütövlüyü uğrunda mübarizə apardı.

Zəfər Günü ərəfəsində onlardan bəziləri qələbə təssüratlarını Bakıvaxtı.az-la bölüşüblər.

Dedi, özüm silahımı götürüb döyüşə qoşulacam

“İki sahil” qəzetinin baş redaktor müavini Anar Miriyev

-Artıq üçüncü ildir ki, Zəfər Gününü, işğal altında olan torpaqlarımızın azad olduğu şanlı tarixi böyük qürur hiss ilə yaşayırıq. Zaman keçdikcə 44 günlük İkinci Qarabağ müharibəsində nə qədər böyük qələbə qazandığımız daha aydın görünür.

Ordumuz canı-qanı bahasına torpaqlarımızı düşməndən azad edərək, tarixə qızıl hərflərlə yazılan qələbə qazandı. Bu Zəfər Gününü bütün xalqımıza yaşadanlara, öncəliklə bu torpaq uğrunda canından keçən Şəhidlərimizə, torpağın hər qarışı uğrunda fədakarcasına döyüşən qazilərimizə borcluyuq. Şəhidlərmizə Allahdan rəhmət diləyirəm!

Fəxr edirəm ki, tarixi qələbənin qazanılmasında az da olsa pay sahibi oldum. Bu gün həmin günləri xatırlayanda həm sevinir, həm də kədərlənirəm. Döyüş yoldaşlarımın qəhrəmancasına şəhid olmasının acısı keçmir. Onların yeri heç vaxt dolmayacaq.

Amma ən böyük təsəlli Qələbədir, Zəfərdir, torpaqlarımızın işğaldan azad olunmasıdır. Sevinirik, çünki Şəhidlərimizin qisasını aldıq! Düşmən Ordumuzun gücü qarşısında diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu.

Ehtiyatda olan zabit - baş leytenant kimi səfərbərlik nəticəsində ordu sıralarına cəlb olundum. Ordudan kapitan rütbəsində tərxis olundum. 2020-ci ilin sentyabr ayının 29-da artıq döyüş bölgəsindəki birliyə qoşuldim. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi hərbçilərin mənəvi-psixoloji hazırlığı, döyüş ruhunun yüksəldilməsi, vətənpərvərlik uğrunda tərbiyəsinə birbaşa cavabdeh idim.

Xocavənd istiqamətindəki döyüşlərdə iştirak etdim. Çətin relyefi olan bölgədir. Addım-addım irəliləyirdik. İlk günlər çətin idi. Necə olacağını bilmirdim. Üstəlik döyüşlərdə bölük komandirmiz yaralanmış, qospitala aparılmişdı. Belə olan halda bölük komandirinin səlahiyyətini də yerinə yetirəsi oldum.

Müharibənin bütün dəhşətlərini yaşamaq, ölüm, yaralı, aclıq, susuzluq, döyüş, dostluq, tank, top, raket atəşləri, səngər döyüşü... Yan-yana dayandığın əsgər yoldaşın 5-10 dəqiqə sonra şəhid olurdu. Əvvələr qəbul etmək çətin olurdu... Amma azad olunmuş torpağa ayaq basmaq, üçrəngli bayrağı zirvəyə sancmaq, zirvədə dayanıb ətrafa baxmaq, Qələbəni dadmaq kimisi yoxdur.

Döyüşlər zamanı ordumzunun şəxsi heyətinin necə yüksək vətənpərvərlik ruhunda olduğunun canlı şahidi oldum. Döyüşdən qorxan, çəkinən bir əsgərə belə rast gəlmədim. Hamısı yüksək vətənpərvərlik ruhunda idi. Hamı bir amal uğrunda birləşmişdi. Bütün əsgərlərimizin, zabitlərimizin bir məqsədi var idi. O da torpaqlarımızın azad olunması.

Xocavənddə Qızlqaya, Üçtəpə deyilən ərazi var, bir vaxtlar ”Kurapatkin“ deyirdilər. Orda düşmənə yaxın ərazidə postumuz var idi. Həm düşmənə nəzarət etmək, həm də hücum olarsa qarşısnı almaq üçün. Həmin istiqamətdə deyil, bir qədər aralıda döyüşümüz oldu. O postda dayanan əsgərlər bizimlə əlaqəyə çıxaraq döyüşə qoşulmaq istədiklərini bildirirdilər. Səfərbərlik nəticəsində orduya çağırılan bir əsgərimiz isə hətta bildirirdi ki, “bura postda oturmağa gəlməmisik, döyüş yoldaşlarımız döyüşür, biz də döyüşmək itəyirik”. Hətta deyirdi ki, “komandir, məni də döyüşən qrupa yazmasanız, özüm silahımı götürüb döyüşə qoşulacam”. Bizim ordumuzun şəxşi heyəti bu ruhda döyüşürdü. Hec kim arxada qalmaq istəmirdi. Hamı döyüşmək istəyirdi. Müharibə elə bir məfhumdur ki, orada gördüklərimizi, yaşadıqlarımızı sözlə ifadə etmək həqiqətən çox çətindir. O dəhşəti yaşamaq, odun-alovun içindən keçmək çox çətindir. Çiyin-çiyinə səngərdə dayandığın döyüş yoldaşının gözlərinin qarşısında döyüşə-döyüşə şəhid olması çox ağır mənzərədir. Döyüş zonasında yaralı əsgər yoldaşını oradan çıxarmaq, səngərə gətirmək, onun yaşamağına kömək etmək insana böyük rahatlıq verir. Oradaki bütün əsgərlər bir-birilərinə dəstək idilər. Bütün bu anların hamısını görmək, yaşamaq çox ağır idi. Mənim üçün heç vaxt unutmayacağım anlar çox oldu. Allah şəhidlərimizə rəhmət etsin! Xidmət etdiyim bölükdən şəhidlərimiz oldu. 3 şəhid verdik, 10-dan çox yaralımız oldu. Şəhidlərimizi heç vaxt unuda bilmərəm. O anları unutmaq mümkün deyil. Düşmənin üzərinə hücum edib, mövqelərini ələ keçirəndə, onlara yaxınlaşanda silahlarını yerə atıb qaçmaqlarını görmək böyük bir hadisə idi. Bunları heç vaxt unuda bilmərəm. Orada həmin məqamda hiss olunurdu ki, bu torpaq bizimdir. Biz öz torpağımızda vuruşurduq. Düşmən bilirdi ki, bu torpaq onların deyil. Buna görə də silah-sursatlarını qoyub qaçırdılar. Cənab Prezidentin dediyi kimi, onların öz səngərlərini, silahlarını özlərinə qarşı istifadə etdik.

2020-ci il noyabrın 9-u axşam saatlarında yeni hücum planı hazırlanırdı. Hərbi hissədən gələn zabitlərlə birlikdə sabahı gün səhər tezdən ediləcək hücüm planı hazırlandı. Hər detalına kimi plan hazırlandı. Minaaxataranlarımız hücum üçün zolaq aşmalı, biz də hücuma keçməli idik. Həmin gün gecə Ermənistanın təslim olması xəbəri gəldi. Sonra telefonun radisou vasitəsilə cənab Prezidentin xalqa müracitəni dinlədik. O an yaşanan hisslərin sözlə tərifi yoxdur. Qələbəni necə tərif edəsən? O anları yaşamaq lazımdır. Şəhidlərimiz üçün üzüldük, amma qisaslarını aldığımız üşün Qələbə qazandığımız üçün qürur yaşadıq.

Noyabrın 10-u səhər atəş səsləri olmadan ərazidə gəzirdik, inanmaq olmurdi müharibəni bitməsinə. Biz qalib gəlmişdik! Doğrudur, həmin istiqamətdə Xocavəndi tam azad edə bilmədiymiz üçün bir az içimizdə narahatlıq vardı. Amma şanlı Ordumuz bu ilin sentyabr ayında bir sutkadan az müddət ərzində həyata keçirdiyi antiterror tədbirləri ilə düşmənin qalıqlarını da mə etdi.

Bu gün şanlı bayrağımızın Şuşa ilə yanaşı Xocalıda, Xocavəndə, Xankəndidə dalğalanması bir daha təsdiq edir ki, Qarabağ Azərbaycandır!

Hər zaman zəfərin qüruru ilə addımlayaq

Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov

- Zəfər salnaməsi müstəqil Azərbaycan tarixinin iki ən önəmli səhifəsindən biridir. Mənə görə digər buna bərabər hadisə ölkəmizin müstəqilliyini bərpa etməsidir.

Əlbəttə, 1991-ci ildə müstəqilliyimiz bərpa edilsə də, ərazi bütövlüyümüz pozulmuşdu. Nəhayət, 30 ilə yaxın müddətdən sonra buna da nail olduq.

Zəfərə aparan yol çox enişli-yoxuşlu, ağrılı-acılı oldu. Bunu yaşayanlar bilir və yaşamaqda davam edir.

44 gün davam edən müharibə uzun fasilədən sonra həm də xalq olaraq Ali Baş Komandanın ətrafında “yumruq” olmağımızı göstərdi. Əlbəttə, bu şanslı tarixin şahidi və iştirakçısı olmaq hər zaman qürurvericidir.

Tale elə gətirdi ki, uşaqlığımız da müharibənin ağrılı-acılı günlərinə düşmüşdü.

Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin, qazilərimizə isə sağlam can arzulayıram.

Hər zaman zəfərin qüruru ilə addımlayaq.

O dağların bir daha döyüş görməməsi ümidi ilə...

Offsideplus.az saytının baş redaktoru Daşqın Əziz

-Artıq Vətən müharibəsində qazandığımız şanlı qələbənin üç yaşı tamam olur. Çox xoş haldır ki, bu üç il ərzində - post müharibə dövründə Azərbaycan xalqı, dövlətimiz zəfərin səbəbkarlarını unutmur. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılırlar. Media nümayəndəsi olaraq həmkarlarım tərəfindən şəxsimə, o cümlədən müharibədə iştirak edən bütün qələm əhlinə göstərilən diqqəti də xüsusi qeyd etmək istərdim.

Öz döyüş yolum haqda onu deyə bilərəm ki, üç il əvvəl - 2020-ci ilin 8 noyabrında Xankəndi istiqamətində düşmənin əks-həmlə əməliyyatının qarşısının alınmasında iştirak etmişəm. Şuşanın ordumuz tərəfindən azad olunması ilə barışmayan düşmən qondarma, dırnaqarası Dağlıq Qarabağ Respublikasının tabeliyində olan hərbi texnika və piyada qüvvələrlə yenidən şəhərə hücum etməyi planlaşdırırdı. Ermənilərin bu həmləsinin qarşısını almaq məqsədilə bizim tabor Şuşa-Xankəndi yoluna yeridildi. Orada çox şiddətli döyüş getməsinə, xeyli itki verməyimizə baxmayaraq, düşmənin bu həmləsinin qarşısını aldıq. Döyüş ərəfəsində mən də yaralandım. Xəsarət aldığım nöqtə də mənim üçün xüsusi önəm kəsb edən ərazi idi. Belə ki, 1-ci Qarabağ müharibəsində Milli Qəhrəmanımız Albert Aqarunovun məhv etdiyi düşmən tankının maketinin qoyulduğu təpənin yanında gülləyə tuş gəldim. Vaxtilə bu barədə məlumatları Albert Aqarunovun xatirəsinə açdığım səhifədə paylaşır, izləyicilərə çatdırırdım. Tale elə gətirdi ki, həmin nöqtədə döyüşdə oldum və yaralandım. Artıq o tank lüləsi Şuşaya tuşlanmış vəziyyətdə dayanmır. Bu texnika da Bakıda - Qənimətlər Parkında sərgilənir...

Bu gün Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bu, müstəqillik tariximizin ən böyük hadisəsidir. Ali Baş Komandan bu yaxınlarda Xankəndi şəhərinin mərkəzində çıxış edərək, üçrəngli bayrağımızı ucaltdı. Bu, ifadəsi söz, cümlələrlə mümkün olmayacaq hisslərdir...

Bu şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizin ruhları qarşısında baş əyir, əlillərə, müharibə iştirakçılarına can sağlığı arzu edirəm.

O dağların bir daha döyüş görməməsi ümidi ilə...

Murad Məmmədli

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024