• Bakı 23° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli diqqət mərkəzindədir

LAYİHƏ

16 Noyabr 2023 | 14:03

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli diqqət mərkəzindədir

6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Bu gün dünyada ekologiya və ətraf mühitin mühafizəsi qlobal problemlərdən hesab edilir. Ölkəmizdə də bu sahədə ciddi addımlar atılır, problemlərin həll olunması üçün çalışılır.

Məlum olduğu kimi, müstəqillik dövründən əvvəl ekologiya və ətraf mühitin mühafizəsi demək olar ki, arxa planda olub. Sovetlər ittifaqı dövründə Azərbaycan ərazisində ekologiyanın vəziyyəti, ətraf mühitin çirklənməsi rəhbər ölkə hakimiyyətini qətiyyən maraqlandırmayıb. Azərbaycan ərazilərində qurulan, fəaliyyət göstərən zavod və fabriklərin daha çox məhsul istehsal etməsi, daha çox gəlirlə, rentabelli şəkildə işləməsi o zaman maraq dairəsində olub. Həmin zavod və fabriklərin iş prosesi zamanı tullantılarının hansı həddə olması, təbiətə onların nə dərəcədə zərər vurması, ətraf mühiti çirkləndirməsi sovetlər birliyi üçün qətiyyən müzakirə mövzusu belə olmayıb. Belə bir vəziyyətdə ətraf mühitə vurulan ziyan Azərbaycanın ekoloji mühitini nəzərəçarpacaq dərəcədə pisləşdirmişdi və ətraf mühitin, təbiətin sağlamlaşdırılmasına böyük ehtiyac duyulurdu.

Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 70-ci illərdən yarımçıq qalan bir sıra tədbirlərin davam etdirilməsinə başladı. Bu sıraya ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində ardıcıl işlərin aparılması da daxil idi. Həmin ildən başlayaraq paytaxtın yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Ekoloji siyasətə dair imzalanan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirildi. 1998-ci ildə isə “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” qanun təsdiqləndi. 2000-ci ildə isə daha iki - “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul olundu. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir.

Ətraf mühitin qorunması üzrə əməkdaşlıq hələ 1962-ci ildən başlayıb. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 17-ci Baş Məclisində “Ekoloji inkişaf və təbiətin mühafizəsi” adlı xüsusi qətnamə qəbul olunub.

Qətnaməyə əsasən, təbiətin mühafizəsi bu təşkilata üzv bütün dövlətlərin bilavasitə vəzifəsi hesab olunur. O da qeyd olunur ki, təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iqtisadi inkişafla birgə aparılmalıdır. Qətnamənin qəbulundan 10 il sonra İsveçin paytaxtı Stokholmda BMT-nin ətraf mühit məsələsi üzrə konfransı keçirilib. Həmin beynəlxalq tədbirdə ətraf mühitin mühafizəsi haqqında bəyannamə qəbul olunub. Bu bəyyannamədən sonra dünyada “5 iyun Beynəlxalq ətraf mühitin mühafizəsi günü” elan edilib.

Çingiz İsmayılov: Ətraf mühitin qorunması, çirkləndirməməsi insanın daxilindən gəlməlidir

Ekoloq Çingiz İsmayılov Bakıvaxtı.az-a açıqlamasında ölkəmizdə ekoloji durumu ürəkaçıcı olmadığını deyir: "Bu məsələ çox ciddi məsələdir. Hazırda ölkəmizdə ekoloji vəziyyət çox acınacaqlı deyil, heç ürəyaçıcı da deyil. Bəzi problemlər var. Havanın çirklənməsi, torpağın çirklənməsi, su hövzələrinin çirklənməsi böyük problemlərdir. İstər dünyada, istərsə də Azərbaycanda bu problemlər var”.

Onun sözlərinə görə, ekoloji durum dünyada sivilizasiya, mədəniyyət, inkişaf səviyyəsi ilə bağlıdır. Əgər ölkədə mədəni düşüncə yüksəkdirsə, bu, digər sahələrə olduğu kimi, ekoloji vəziyyətə də müsbət təsir göstərir. Müsahibimiz qeyd edib ki, ekoloji durumu digər sahələrdən ayırıb, ayrıca baxmaq düzgün deyil. Əhalənin düşüncə mədəniyyəti yüksəkdirsə, bu işə də, çevrəyə də münasibətdə büruzə verir.

Bölgələrimizdəki turizm məkanlarından şikayətlənən ekoloq bu kimi yerlərdə ekoloji nəzarətin olmadığını bildirir. Onun sözlərinə görə, istirahət zonalarında yerləşən turistlik məkanlarda tullantılar meşələrə atılır. Hətta kanalizasiyalar meşənin daxilinə axıdılır. Bu da öz növbəsində ətraf mühitin çirklənməsinə səbəb olur.

Dəniz kənarında yerləşən istirahət məkanlarının kanalizasiya sularının dənizə axıdılmasını iddia edən müsahibimiz vəziyyətin çox acınacaqlı olduğunu deyir: "Sahilboyu olan hər turist mərkəzindən maye tullantılar arx kimi dənizə axıdılır. Təbii ki, bunu bilməyən insanlar girib o dənizdə çimirlər. Nə olsun ki , ora turist gəlir və qazanc əldə edilir?! Axı obyekt meşəni dağıdır, dəniz sahilini dağıdır. O dənizdə normal adam çimməz".

Çingiz İsmayılov çıxış yolunu insanların bu mövzuda maariflənməsində görür: "Gündəlik marifləndirilmə aparılmalıdır. Bağçalardan başlayaraq, icmalar səviyyəsində. Onun üçün də bu konfransların, forumların keçirilməsi kampaniya xarakterli yox, gündəlik olmalıdır. Biz istəyirik ki, çevrəmiz təmiz olsun, ancaq onu yadplanetlilər gəlib etməyəcəklər. Biz özümüz onu edirik. Çevrəmiz belədirsə, deməli biz hamımız beləyik".

O, ətraf mühiti çirkləndirən insanların cərimələnməsinin əleyhinə olduğunu deyir. Ekoloqun fikrincə, bu məsələlərə görə heç kim cərimələnməməlidir: "İnsanlar başa düşməlidir. Rayona gedirsən, görürsən ki, yolun ətrafına heyvanın dərisi atılıb. Ayaqları atılıb. Bu, insanların içində olmalıdır. Bunu dövlət etməli deyil. Nəzarətlə, cərimə ilə düzələn deyil. İnsanlar başa düşməlidir, onlara heç kim nəzarət etməməlidir. Ətraf mühitin qorunması, çirkləndirməməsi insanın daxilindən gəlməlidir".

Rövsən Abbasov: İri şəhərlərdə atmosferə atılan qazlar əsasən nəqliyyat sektorundan gəlir

Ekoloq Rövşən Abbasovsa nisbətən böyük şəhərlərimizdə havanın çirklənməsindən narazıdır. Onun sözlərinə görə çirkləndirilən hava özü ilə birlikdə ciddi problemlər gətirir. Onun Bakıvaxtı.az-a dediyinə görə, iri şəhərlərdə havanın çirkləndirilməsi ilk növbədə insan sağlamlığına təsir edir və Bakı, Sumqayıt və qismən də Gəncədə havanın keyfiyyətini çox pisləşdirir. Bakı şəhərində atmosferə atılan qazlar əsasən nəqliyyat sektorundan gəlir, eyni ilə də bu Sumqayıt şəhərində də belədir.

R.Abbasovun fikrincə, ölkəmizdə ən böyük ekoloji problemlərdən biri də neftlə çirklənmiş torpaqlardır. Onun sözlərinə görə, son 200 ildə neft istehsalı heç bir standarta uyğun aparılmadığına görə, ciddi ekoloji problemlər yaranıb: "Son 200 ildə Azərbaycanda neft istehsalı heç bir standarta uyğun aparılmayıb. Yalnız son 30 ildə biz müəyyən ekoloji standartları gözləyirik. Əvvəllər neftin çıxarılması kustar üsulla aparılırdı. Fəvvarə vuran neft birbaşa torpağa axıdılırdı. Nəticədə bu gün Azərbaycanda 30 000 hektardan çox neftlə çirkləniş torpaq var".

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024