• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Azərbaycandakı tolerantlıq, multikurturalizm, dözümlülük digər ölkələrə nümunədir - ŞƏRHLƏR

LAYİHƏ

27 Oktyabr 2023 | 14:39

Azərbaycandakı tolerantlıq, multikurturalizm, dözümlülük digər ölkələrə nümunədir - ŞƏRHLƏR

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı olan multikultarilizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib.

Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu, həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur.

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışmaqdadır.

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir.

Azərbaycan bir çox digər sahələrdə olduğu kimi, dini tolerantlıq baxımından da nümunəvi ölkələr sırasındadır. Bunu ölkəmizdə səfərdə olan nüfuzlu qonaqlar, siyasətçilər və din xadimləri də təsdiqləyirlər.

Ölkə rəhbərliyinin yürütdüyü siyasət nəticəsində insanlar vicdan azadlığı üçün münbit şərait əldə ediblər.

Etnik və dini cəhətdən rəngarəng dövlət olan ölkəmizdə əsrlər boyu azərbaycanlılarla yanaşı, müxtəlif başqa millətlərin nümayəndələri də bərabər şəkildə yaşayıb. Onlar bu gün müstəqil Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Müxtəlif dinlərin nümayəndələri arasında əlaqələr həmişə dostluq münasibətləri səviyyəsində qurulub, tolerantlıq ənənələri möhkəm bərqərar olub.

Azərbaycan bir çox millətlərin və dinə mənsub adamların dinc yaşadığı məkan kimi əvəzsiz nümunədir. Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirərək Alban kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib.

Ceyhun Məmmədov: Azərbaycanda tolerantlıq, millətlərarası münasibətlər ən yüksək səviyyədədir

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda tolerantlıq, millətlərarası münasibətlər ən yüksək səviyyədədir. Onun sözlərinə görə, bu gün Azərbaycanda dini etiqad azadlığı var. Dövlət din sahəsinə böyük bir qayğı göstərir.

“Azərbaycan azsaylı dövlətlərdəndir ki, hətta icmalara da maliyyə yardımı göstərir. Ölkəmizdə olan həm tolerantlıq, həm multikurturalizm, həm də dözümlülük digər ölkələrə nümunədir”.

Müsahibimiz qeyd edib ki, bu gün Azərbaycan davamlı olaraq inkişaf edir: Azərbaycanda xristian, yəhudi və s. digər dinlərin nümayəndələri rahat və sərbəst inanclarını ifadə edirlər. Bununla bağlı layihələr həyata keçirilir, dövlət məscid, kilsə, sinaqoq inşa edir”.

Deputat bildirib ki, Azərbaycana səfərlər edən müxtəlif dinli liderlərlə görüşlər keçirilir: “Onlar da Azərbaycandakı bu durumu yüksək səviyyədə qiymətləndirirlər. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnistitutu da bu prosesə davamlı olaraq öz töhfəsini verir. Bu, onu deməyə əsas verir ki, Azərbaycanda bu ənənənələr getdikcə daha da möhkəmlənir. Biz bu mövzuda cənab prezidentin də qayğı və diqqətini görürük. Ulu öndər də bu sahəyə hər zaman diqqətlə yanaşıb. Bu gün həmin siyasət uğurla davam edir”.

Sahib Altay: Tolerantlığı qorunmaq üçün xalqını bir araya gətirən milli müstəvi birləşdirilməlidir

Sosioloq Sahib Altayın Bakıvaxtı.az-a dediyinə görə, hər bir vətəndaşımıza məlumdur ki, Azərbaycanda çoxsaylı etniklər yaşayır: “Bu etniklərin timsalında da çoxlu etniklər var. Azərbaycanda milli və dini tolerantlıq baxımından müsbət nümunələr var. Azərbaycan tolerantlıq baxımdan həm dövlət, həm də millət və xalq müstəvisində dünyada nümunə ölkələrdəndir. Bu da tarixən yaşadığımız coğrafiyada olan problemlərlə bağlıdır. Burda yaşayan etniklər eynu amal ətrafında bir araya gəliblər. Yəni onları birləşdirən  Azərbaycan adıdır. İnsanlar sosial münasibətdə həyatlarında olan zərurət və ehtiyaclar nəticəsində birləşirlər. Azərbaycan vətəni burda yaşayan etniklər üçün bir zərurətdir. Bu zərurət bizi etnik olaraq birləşdirib”.

Sosioloq qeyd edib ki, dini tolerantlığın kökündə dayanan məsələ milli tolerantlıqdır: “Bütün müstəvilərdə ümummilli dəyər, ictimai şüur digər şüur növlərindən öndə gəlir. Azərbaycan həm milli, həm də dini tolerantlıq baxımından nümunədir. Bu istiqamətdə görülən işlər qənaətbəxşdir”.

Onun sözlərinə görə, tolerantlığın bir müsbət tərəfi də ondan ibarətdir ki, Azərbaycandakı dini və milli tolerantlığın əsası hüquqda öz əksini tapıb: “Konstitusiya ilə paralel praktiki olaraq da bu məsələ azərbaycanlıların həyat tərzində mövcuddur. Bu dini və milli tolerantlığın davamlı qorunmağı üçün Azərbaycan xalqını birləşdirən milli müstəvi birləşdirilməlidir. Mədəniyyət birmərhələli proses deyil, davamlı olmalıdır. İndiyə qədər görülən işlər qənaətbəxşdir, ancaq bundan sonra da davam etdirilməlidir”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

29 Oktyabr 2024