Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.
Bakıvaxtı.az-ın məlumatına görə, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.
Eyni zamanda 135 000 uşaq birinci sinifə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb ediləcək.
Qeyd edək ki, 2023/24-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq. Bu, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində yer alıb.
Əmrdə qeyd olunub ki, 2023/24-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Eyni zamanda, Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi məsələsi də əmrdə yer alıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün bilik günü kimi qeyd olunub.
Nərgiz Məmmədli
















