Son illər ölkədə ixtisas seçimi təkcə əmək bazarının diktəsi ilə yox, həm də sosial təsəvvürlərin formalaşdırdığı “trendlərlə” müəyyən olunur.
Artıq bəzi sahələrdə təhsil almaq bir növ dəbə çevrilib, digərləri isə nə qədər yüksək gəlir və real tələbat vəd etsə də, kölgədə qalır. Valideynlərin arzuları, gənclərin sosial status axtarışı, cəmiyyətin “prestij” anlayışı və sosial şəbəkələrdə formalaşan kütləvi rəylər ixtisas seçimində mühüm rol oynayır.
Bir tərəfdə minlərlə abituriyentin axışdığı hüquq, biznes, beynəlxalq münasibətlər kimi populyar sahələr dayanır. Digər tərəfdə isə ixtisaslı ustalardan tutmuş mühəndislik və texniki peşələrə qədər geniş qazanc imkanı təqdim edən, amma “sambalsız” damğası ilə seçilən sahələr… Niyə insanlar bəzən ən real gəliri verən ixtisaslardan yan keçir, amma cəmiyyətin daha “məsuliyyətli”, “cazibədar” hesab etdiyi sahələrə üstünlük verirlər?
Əslində, bu paradoks həm də cəmiyyətin peşələrə münasibətindəki köhnə təsnifatların, illərlə formalaşmış stereotiplərin və status yarışının nəticəsidir. Və yazının əsas sualı da məhz budur: nə üçün bəzi ixtisaslar trendə çevrilir, bəziləri isə o trendlərin fonunda görünməz olur?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Vüsət Əzizov deyib ki, ali təhsil müəssisələrinə qəbul üzrə keçirilən ixtisas seçimi mərhələsində abituriyentlər ixtisas qruplarına uyğun olaraq ən yaxşı seçimləri etməyə çalışırlar:
"Birinci ixtisas qrupuna nəzər saldıqda görünür ki, informatika alt qrupu üzrə informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ümumilikdə informatika yönümlü ixtisaslara daha çox üstünlük verilir. Kimya alt qrupunda isə əsas seçimlər pedaqoji ixtisaslar – riyaziyyat və fizika müəllimliyi ilə yanaşı, neft-qaz mühəndisliyi və kimya mühəndisliyi kimi sahələrdir. İkinci ixtisas qrupunda maliyyə və iqtisadiyyat ixtisasları daha çox seçilir və bu istiqamətlər abituriyentlərin ərizələrində ön sıralarda yer alır".
Onun sözlərinə görə, üçüncü ixtisas qrupunda hüquqşünaslıq və pedaqoji ixtisaslar həm prestijli hesab edildiyi, həm də yüksək keçid balları tələb etdiyi üçün daha çox üstünlük verilən sahələrdəndir. Dördüncü ixtisas qrupunda isə tibb və stomatologiya ixtisasları əsas seçimlər sırasındadır:
"Beşinci ixtisas qrupunda keçid balları nisbətən aşağı olur və burada əsasən xüsusi qabiliyyət tələb edən ixtisaslar yer alır. Bəzən ictimaiyyət tərəfindən az prestijli hesab olunan ixtisaslar abituriyentlər tərəfindən yalnız topladıqları bal aşağı olduqda seçilir".

Vüsət Əzizov: Beşinci ixtisas qrupunda keçid balları nisbətən aşağı olur
Həmsöhbətimiz əlavə edib ki, lakin əmək bazarına nəzər saldıqda, məhz bu sahələr üzrə peşəkar kadrlara ciddi tələbatın olduğu müşahidə edilir. Ölkədə bu ixtisaslara sahib mütəxəssislərin sayı az olduğundan, bəzi hallarda xarici mütəxəssislərin yüksək əməkhaqqı müqabilində cəlb olunmasına ehtiyac yaranır:
"Məsələn, aqronomluq, torpaqşünaslıq, aqrokimya, yerquruluşu və kadastr kimi ixtisaslar çox vaxt abituriyentlər tərəfindən yalnız aşağı bal topladıqları üçün seçilir. Halbuki kənd təsərrüfatı yönümlü bu sahələrə ölkədə ciddi ehtiyac var. Bu baxımdan, dövlət tərəfindən bu ixtisasların təşviqi və abituriyentlərin marağının artırılması vacib hesab olunur. Aqrar Universitetdə kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı ikili proqramlar vasitəsilə dəstəklənir və tələbələr xaricdə təhsil alma imkanı əldə edirlər".
Sonda o vurğulayıb ki, buna baxmayaraq, bu sahələr üzrə kadr çatışmazlığı hələ də qalmaqdadır. Gözlənilir ki, gələcəkdə həm abituriyentlər, həm də valideynlər əmək bazarının real tələblərini daha düzgün qiymətləndirəcək və bu ixtisaslara maraq artacaq. Bu isə nəticə etibarilə həmin sahələr üzrə çalışan mütəxəssislərin yüksək əməkhaqqı ilə təmin olunmasına şərait yaradacaq.
Əli Hüseynov
Bakı 




