Bakıda azyaşlı qızılcadan ölüb.
Bakıvaxtı.az xatırladır ki, hadisə fevralın 14-də Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində yerləşən "Nur" uşaq evində qeydə alınıb. 2024-cü il təvəllüdlü Ömür Zeyniyev qızılca xəstəliyindən ölüb.
Araşdırmalar aparılır.
Bəs qızılca nədir? Əlamətləri hansılardır? Xəstəlikdən necə qorunmaq olar?
Bakıvaxtı.az-ın bu suallarını cavablandıran pediatr Aytən Ziyadova bildirib ki, qızılca, çox infeksion və tənəffüs yolu ilə yayılan bir xəstəlikdir. Xüsusilə uşaqlarda müşahidə olunur və əsas simptomları yüksək hərarət, öskürək, burun axıntısı, gözlərdə qızartı və bədəndə döküntü kimi görünür. Onun sözlərinə görə, qızılcaya səbəb olan virus, çox sürətlə yayıldığı üçün yoluxma riski yüksəkdir, xüsusən də peyvənd olunmamış uşaqlar arasında.
Həkim qeyd edib ki, qızılcaya yoluxmamaq üçün ən təsirli tədbir peyvənddir:
“Uşaqların qızılcaya qarşı peyvəndlənməsi, onların bu xəstəliyə qarşı immunitet qazanmasına kömək edir və eyni zamanda cəmiyyət səviyyəsində xəstəliyin yayılma ehtimalını azaldır. Peyvəndlənmə, qızılcanın qarşısını almaq üçün ən əhəmiyyətli addım olaraq qəbul edilir. Yoluxmuş şəxslərin xəstəliyi necə keçirdiyi isə bir sıra amillərdən asılıdır”.

Aytən Ziyadova: Yaşlılar da qızılcaya qarşı daha həssas ola bilər, çünki...
Müsahibimiz vurğulayıb ki, xəstəliyin daha ağır keçməsi, xüsusilə peyvənd olunmayan uşaqlarda, immuniteti zəif olan şəxslərdə və xroniki xəstəlikləri olan insanlarda müşahidə olunur. Yaşlılar da qızılcaya qarşı daha həssas ola bilər, çünki onların immun sistemi daha zəif olur”.
Pediatr əlavə edib ki, qızılca ağırlaşmalara səbəb ola bilər:
“Məsələn, pnevmoniya, qulaq infeksiyaları və bəzən də beyin iltihabı kimi ciddi fəsadlar inkişaf edə bilər. Lakin düzgün tibbi müdaxilə ilə xəstəlik müalicə edilə bilər və çox vaxt əksər hallarda xəstəlik yüngül formada keçir”.
Aynur Babazadə
Bakı 




