44 yaşlı Bakı sakini K.N. ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Mark Libbi ilə görüşmək məqsədilə ABŞ səfirliyinin ərazisinə daxil olmağa cəhd edib.
Bakıvaxtı.az haqqin.az-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı ABŞ səfirliyinin həyətinə daxil olub. Gələn polis dəstəsi azərbaycanlının diplomatik nümayəndəliyin ərazisini tərk etməsini tələb edib. Bununla belə, K.N. hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və saxlanılıb.
Məhkəmənin qərarı ilə Azərbaycan vətəndaşı 15 sutka müddətinə inzibati həbs edilib.
İfadəsində K.N. Azərbaycanı tərk edib ABŞ-yə köçmək üçün səfirlə görüşmək istədiyini etiraf edib.
Xatırladaq ki, M.Libbi bir müddət əvvəl səhhəti ilə əlaqədar istefa vermişdi.