• Bakı C

    7.59 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Bakıda mənzillərin qiymətlərində hansı dəyişikliklər gözlənilir?

CƏMİYYƏT

30 Yanvar 2026 | 13:44

Bakıda mənzillərin qiymətlərində hansı dəyişikliklər gözlənilir?

Bakı şəhərində yeni tikili mənzillər bazarında son illərdə müşahidə olunan yüksək qiymət artımı növbəti illərdə daha mülayim templə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, bazar tədricən sabitləşmə mərhələsinə keçir və kəskin bahalaşma dövrü geridə qalır.

"2025-ci ildə yeni tikililər üzrə orta çəkili qiymət artımı təxminən 15 % təşkil edib. Lakin 2026-cı ildə bu göstəricinin 9,5 %-ə, 2027-ci ildə isə 6,7 %-ə qədər enəcəyi proqnozlaşdırılır. Təklifin artması, yeni layihələrin reallaşdırılması və alıcılıq qabiliyyətinin nisbətən zəifləməsi bazarda artım tempini aşağı salan əsas amillərdir".

V.Oruc qeyd edib ki, 2026-cı ildə Bakı üzrə orta qiymət artımı 9,5 % səviyyəsində gözlənilsə də, paytaxtın rayonları arasında fərqlər qalacaq.

"Ən yüksək dinamika mərkəzə yaxın və infrastruktur baxımından cəlbedici ərazilərdə müşahidə ediləcək. Belə ki, Yasamal rayonunda qiymətlərin 10,9 %, Nərimanovda 10,8 %, Səbaildə 10,5 %, Xətaidə isə 9,4 % artacağı proqnozlaşdırılır. Nizami və Binəqədidə artım müvafiq olaraq 7,7 % və 8,4 % səviyyəsində olacaq. Şəhərin kənar ərazilərində isə artım daha zəif olacaq. Sabunçuda qiymətlərin 6,1 %, Suraxanıda 6,7 %, Xəzərdə 6,2 %, Qaradağda 5,9 %, Pirallahıda isə cəmi 4,2 % yüksələcəyi gözlənilir".

Ekspertin proqnozlarına görə, 2027-ci ildə bazarda sabitləşmə prosesi daha da güclənəcək və Bakı üzrə orta qiymət artımı 6,7 % təşkil edəcək:

"Gələn il də əsas dinamika yenə mərkəzi rayonlarda müşahidə olunacaq. Yasamalda qiymətlərin 7,8 %, Səbaildə 7,5 %, Nərimanovda 7,4 %, Xətaidə 7,1 % artacağı bildirilir. Digər ərazilərdə isə artım 6-7 % intervalında dəyişəcək, Qaradağda 4,6 %, Pirallahıda isə 4 % səviyyəsində gözlənilir".

V.Orucun sözlərinə görə, bazar artıq "kütləvi bahalaşma" mərhələsindən çıxaraq "selektiv artım" mərhələsinə keçir.

"Yəni yalnız keyfiyyətli layihələr, mərkəzə yaxın və infrastrukturu inkişaf etmiş ərazilərdə qiymətlər daha sürətlə yüksələcək, periferik zonalarda isə qiymət artımları məhdud səviyyədə qalacaq. Artıq qiymətlər əvvəlki illərdəki kimi sıçrayışlı şəkildə artmayacaq. Bazar daha balanslı və proqnozlaşdırılan olacaq", – deyə ekspert əlavə edib.


SON XƏBƏRLƏR