Sosial şəbəkələrdə, eləcə də bir sıra saytlarda Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə şagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, müəllimləri söyməsi, məktəbə bıçaq gətirib hamını hədələməsi, digər şagirdlərə zor tətbiq etməsi ilə bağlı məlumatlar yayılıb. Xəzər TV iddiaları araşdırmaq üçün adı çəkilən məktəbdən reportaj hazırlayıb.
Bakıvaxtı.az xəbər verir ki, övladları həmin məktəbdə təhsil alan valideynlər belə bir məsələ eşitdiklərini və bundan narahat olduqlarını bildiriblər.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayıl İbrahimov deyib ki, adı hallanan uşaq məktəbin 7-ci sinif şagirdidir və sığınacaqdan qəbul edilib, hazırda isə 2 saylı uşaq evində məskunlaşıb.
Hadisəni törətdiyi iddia olunan şagirdin qardaşı olduğu bildirilən bir nəfər məktəbə gələrək, sözügedən məsələylə bağlı direktorla görüşmək istədiyini bildirib. Yayılan məlumatların şişirdilmiş olduğunu və məsələnin kökündə başqa səbəblərin dayandığını deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov isə bildirib ki, məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanması məqsədilə araşdırmalara başlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi də müvafiq araşdırmalara başlayıb. Qurumdan bildirilib ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
















