Baş prokuror Kamran Əliyev iyunun 4-də Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı, Cəlilabad rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayıb.
Bildirilib ki, qəbulda iştirak edən 19 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.