"Maykrosoft"un qurucusu Bill Qeytsin adı amerikalı maliyyəçi Ceffri Epşteynin göndərilməmiş elektron məktubunda çəkilib.
Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Qeyts bu barədə "9Nyus" ilə müsahibəsində şərh verib. Milyarderin sözlərinə görə, məktubu Epşteyn özü üçün yazıb.
"Yəqin ki, Ceffri özü üçün elektron məktub yazıb. Bu məktub heç vaxt göndərilməyib, yalandır", - deyə Bill Qeyts bildirib.
O, həmçinin ehtimal edib ki, maliyyəçi onu çətin vəziyyətə salmağa çalışıb. Qeyts Ceffri Epşteynlə keçirdiyi hər dəqiqədən peşman olduğunu bildirib və onunla əlaqəsinə görə üzr istəyib.
Ceffri Epşteyn azyaşlılara qarşı seksual zorakılıq və uşaqların seksual istismarı ilə bağlı məhkəmə qarşısına çıxarılmışdı. O, 2019-cu ildə Manhettendəki həbsxanada intihar edib. 30 yanvar tarixində ABŞ Ədliyyə Nazirliyi maliyyəçiyə qarşı cinayət işi ilə bağlı 3 milyon səhifəlik sənədləri ictimaiyyətə açıqlayıb.
Epşteynin 13 iyul 2013-cü ildə öz elektron poçtuna göndərdiyi iki məktubda iddia olunur ki, Bill Qeyts "rus qızları” ilə cinsi əlaqədə olub və onlardan cinsi yolla keçən infeksiyalar yoluxub. Epşteyn bildirir ki, bu səbəbdən Qeyts antibiotik qəbul etmək məcburiyyətində qalıb.
Bakı 




