Kriptovalyuta bazarında son sutka ərzində kəskin bahalaşma qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gün ərzində isə “Bitcoin”in qiyməti 18,14% yüksəlib.
Digər aparıcı kriptovalyutalarda da artım müşahidə olunub. “Ethereum” son sutkada 4,37% bahalaşaraq 2 351,07 dollara, BNB isə 5,94% artaraq 661,86 dollara çatıb.
Ümumilikdə kriptovalyuta bazarının kapitallaşması 6,48% artaraq 2,51 trilyon dollar təşkil edib.
Analitiklərin fikrincə, bazardakı yüksəlişə ABŞ-də kriptovalyutalar üçün daha əlverişli tənzimləmə gözləntiləri təsir edib. Xüsusilə ABŞ Prezidenti Donald Trampın CLARITY Act qanun layihəsinin qəbuluna çağırışı investorların marağını artırıb.
Bazarın yüksəlişinə digər amil kimi “Bitcoin”in ucuzlaşmasına hesablanmış mövqelərin kütləvi şəkildə bağlanması göstərilir. Bu proses kriptovalyutaya tələbin və qiymətin qısa müddətdə daha da artmasına səbəb olub.




