• Bakı 25° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Böyük Qayıdış: Füzuliyə köç 2025-ci ildə də davam edəcək

LAYİHƏ

21 Iyun 2024 | 13:00

Böyük Qayıdış: Füzuliyə köç 2025-ci ildə də davam edəcək

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

44 günlük Vətən Müharibəsində ordumuz xalqımızın hərb tarixinə qızıl hərflərlə yazılacaq bir qələbə qazandı. Cəsur döyüşçülərimiz bu müddətdə 30 illik işğala son qoydu, xalqımızın qürurunu bərpa etdi. Və ərazi bütövlüyümüzü təmin edərək bu bölgələrdə həyat şəraitinin normal şəkildə bərpasına zəmin yaratdı. Bunun nəticəsidir ki, prosesin ilk günlərindən Şərqi Zəngəzurda və Qarabağda tikinti işlərinə başlanılıb. İşğal dövründə dağıdılmış şəhərlərimiz, kəndlərimiz, tarixi-mədəni abidələrimiz yenidən tikilir.

Qarabağda və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı çərçivəsində milli memarlıq qaydalarına riayət etməklə və ən müasir standartlara cavab verən yeni yaşayış massivləri salınır. Yolların infrastrukturu bərpa olunur. Qısa müddət ərzində Füzuli və Zəngilan rayonlarının beynəlxalq hava limanları istifadəyə verilib. Laçın şəhərində daha bir hava limanı tikilir. Bundan əlavə, Laçının şəhər mərkəzi yenidən qurulub və burada müxtəlif fəaliyyətlər həyata keçirilir.

44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlara “Böyük qayıdış”ın təmin edilməsi hazırkı strateji mərhələdə Azərbaycan dövlətinin gündəmində duran əsas məsələlərdən, daha doğrusu, beş milli prioritetdən biridir. Şübhə yoxdur ki, “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində Şərqi Zəngəzur və Qarabağda həyat daha da dirçələcək. Qarabağ İqtisadi Zonası turizm və yaşayış üçün ən gözəl məkanlardan biri olacaq.

Bu mənada Füzuli şəhəri də istisna deyil. Füzuli şəhəri uzun illər boyu işğal altında olub və müharibə zamanı döyüşlərə məruz qalıb. 2020-ci il oktyabrın 17-də işğal illərində xeyli dağıntılara məruz qalmış Füzuli şəhəri azad edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalq qarşısında çıxışında Füzuli şəhərinin işğaldan azad edildiyini bəyan edib.

Bu mənada işğaldan azad edildikdən sonra Füzuli şəhərinin bərpası və quruculuq işləri bölgədə yaşayan insanlar üçün çox vacib məsələ idi. Belə ki, Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Füzuliyə növbəti köç karvanı aprelin 29-da baş tutub. Köç prosesində 39 ailə olmaqla, 153 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3132 nəfərin məskunlaşması təmin olunub.

Qeyd edək ki, yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilir. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunur.

Vüqar Bayramov: Bərpa işləri dövlətimiz tərəfindən həyata keçirilir və inkişaf proqramları ilə dəstəklənir

Füzulidən olan millət vəkili Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq, Füzuli şəhərində və bütövlükdə rayonda bərpa, yenidənqurma işləri davam etdirilir.

Onun sözlərinə görə, Füzuli şəhərində bərpa-quruculuq işləri bir sıra əsas sahələr istiqamətində aparılmaqdadır. Onlardan biri infrastrukturun bərpasıdır:

“Belə ki, yolların, su təchizatının, kanalizasiya sistemlərinin, elektrik şəbəkəsinin və kommunikasiya infrastrukturunun bərpası əsas prioritetlərdən biridir. İşğal vaxtında zərər görmüş və ya məhv edilmiş bu infrastrukturun yenidən qurulması, insanların gündəlik həyatının normal olaraq bərpa olunmasına kömək edir”.

Deputat bildirib ki, digər istiqamət mədəni və ictimai binaların bərpası ilə bağlıdır. Çünki məktəblər, xəstəxanalar, məscidlər və digər mədəni və ictimai obyektlər də işğal vaxtında zərər görmüş və ya tamamilə məhv edilmiş vəziyyətdə idi. Bu obyektlərin bərpası, ictimaiyyətin yenidən inkişafına və mədəni həyatın bərpasına kömək edir.

Vüqar Bayramovun sözlərinə görə, yaşayış binalarının və mənzillərin də bərpası bu prosesə daxildir:

“İşğal dövründə bu ərazilərdə evlər də zərər görmüş və ya tamamilə məhv edilmişdi. Həmin evlərin yenidən tikintisi və bərpa edilməsi, doğma yurdlarına qayıdan insanların bərpa prosesinə inteqrasiyasına yardım edir. Bununla yanaşı bölgədə perspektivli iş sahələri yaradılır. Füzuli şəhərində iş yerlərinin yaradılması və iqtisadiyyatın bərpası, yerli əhaliyə sürətli bərpa və uzunmüddətli inkişaf perspektivləri yaratmağa kömək edir”.

Müsahibimiz bildirib ki, bərpa işləri dövlətimiz tərəfindən həyata keçirilir və inkişaf proqramları ilə dəstəklənir. Proses işğaldan azad edilmiş bölgələrdəki həyat şəraitinin normala çatdırılması və yaşayan əhali üçün münbit şəraitin yaradılması məqsədi daşıyır.

Millət vəkili qeyd edib ki, Füzuli şəhərində salınmış şəhərcikdə və ya Füzuli şəhərinin bir hissəsində artıq üç minə yaxın vətəndaşımız məskunlaşıb:

“Bərpa və yenidənqurma işləri davam etdirilir. Yeni binaların inşaatına başlanılması 2025-ci ildə Füzuli şəhərində məskunlaşmanın davam edəcəyindən xəbər verir. Eyni zamanda şəhərlə yanaşı, rayonun bir sıra kəndlərində təməlqoyma mərasimləri həyata keçirilib. O cümlədən Dövlətyarlı kəndində ikinci ağıllı kəndin qurulması nəzərdə tutulub və digər bir sıra kəndlərdə bərpa, yenidənqurma işlərinə yaxın zamanda başlanılacaq”.

Deputat vurğulayıb ki, bununla yanaşı, bütövlükdə nəqliyyat və logistik infrastrukturun yenidən qurulması, parkların salınması, o cümlədən Köndələn gölü ətrafında yaşıllaşma və park salma işlərinin genişləndirilməsi də həyata keçirilməkdədir.

O əlavə edib ki, Füzuli rayonunda da genişmiqyaslı bərpa yenidənqurma işləri həyata keçirilir ki, bu da bütövlükdə rayonda daha intensiv məskunlaşmanın həyata keçirilməsinə imkan yaradacaq.

Günel Abbas

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR