• Bakı 25° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Təhsil fiziki və mənəvi inkişafda əsas amillərdən biri kimi

LAYİHƏ

31 May 2024 | 11:00

Təhsil fiziki və mənəvi inkişafda əsas amillərdən biri kimi

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Dövlətin gələcəyini bu günün uşaqları və gəncləri təşkil edir. Gələcəyi parlaq olan dövlət istəyən hər bir vətandaş bu məsələyə diqqət yetirməli, valideynlər uşaqların düzgün tərbiyəsinə, fiziki və mənəvi cəhətdən inkişafına önəm verməlidirlər.

Uşaqlarda 6 yaşına qədər xarakterinin müəyyən hissəsi formalaşır və bu zaman valideyn faktoru önəmli nüanslardan biridir. “Uşaq evin aynasıdır” deyimini əsas götürərək deyə bilərik ki, onun cəmiyyətdə göstərdiyi davranışların böyük bir qismi ailədən qaynaqlanır. Buna görə də Vətənə, millətə xeyirli övlad yetişdirmək istəyən valideyn onun tərbiyəsi ilə də yaxından maraqlanmalıdır.

Ailədən sonra uşaqların sağlam ruhda yetişməsində, fiziki və mənəvi inkişafında əsas amillərdən biri də aldığı təhsildir. Kollektiv mühitinə uyğunlaşmada, digər insanlara davranışlarda təhsilin rolu danılmazdır.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı barədə Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir və istənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir. Onun sözlərinə görə, gənclərin fiziki və mənəvi cəhətdən düzgün inkişafı ilk növbədə təhsilə maraqla ifadə olunur.

Müsahibimiz qeyd edib ki, peşə ixtisaslarına yiyələnməyə üz tutan gənclərin əksəriyyəti orta məktəblərdə təhsildə uğur qazana bilməyən, zəif oxuyan və çətin tərbiyə olunan şagirdlər olurlar ki, belələri də daha çox problemli ailələrin övladları olur. Həmçinin iqtisadi cəhətdən və digər sahələrdə problemi olan ailələrin övladları çox çətin durumda olurlar.

Birinci növbədə maddi-texniki bazanın müasir standartlara cavab verməsinə və bu işlə məşğul olanların pedaqoji hazırlıq səviyyəsinə diqqət yetirilməli olduğunu vurğulayan K.Əsədov diqqətə çatdırdı ki, bu amillər olmadıqda uşaqların və gənclərin sağlamlığı üçün, fiziki normativləri yerinə yetirməsi üçün stimullaşdırıcı durum yaratmaq çox çətindir:

“Ümumiyyətlə, övladlar, xüsusən, gənclər üzərində valideynlər tərəfindən yerli-yersiz qadağalar bəzən müsbət nəticə vermir. Yəni əslində, gənclərin fiziki hazırlığının yetərli olmaması, dünyagörüşünün formalaşmamasının əsas səbəbi valideynlərin cahilliyidir. Burada maddi imkan faktorunun əhəmiyyətli təsiri olsa da, valideynin düşüncəsində sağlam bir proqramlaşma olmadığı halda, o uşağın sağlam gələcəyi barədə tədbirlər görməyə maraqlı olmur”.

Ekspertə görə, yaxşı təhsil alan insan artıq elmi biliklərə yiyələnməyə də, İslam dəyərlərini şüurlu şəkildə anlamağa da, mədəni davranışlara da üstünlük verəcək. Kamran Əsədov vurğuıayıb ki, insanın mənəvi kasadlığının əsas göstəricisi təhsilsizlikdir, bilgisizlikdir. Onun dediyinə görə, orta məktəblərdə uşaqların şəxsiyyət kimi formalaşmasının düzgün metodologiyası tapılmalıdır.

Həmsöhbətimiz Azərbaycan gəncliyinin bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialı olduğunu söylədi və son illər gənclərin beynəlxalq əməkdaşlığnın xeyli genişləndiyini, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayının artmaqda davam etdiyini dedi:

“Gəncliyimiz Azərbaycanın təbliği baxımından əhəmiyyətli təsir vasitəsinə çevrilib. Beynəlxalq gənclər platformasının təşəbbüskarı və təsisçisi Azərbaycan gəncliyidir”.

K.Əsədov uşağın cəmiyyətlə ilk tanışlığının onun məktəbə qədəm qoymasından başladığını və bununla da hər bir uşağın ailədə aldığı tərbiyəni cəmiyyətə daxil etdiyini diqqətə çatdırdı. Bildirdi ki, bu zaman cəmiyyətlə uşağın - şəxsiyyətin xarakteri arasında toqquşma baş verir və məktəbin şagirdlə cəmiyyətin mənəviyyatı arasında necə körpü yaratması ağır və uzun vaxt tələb edən, özü də şagirdin cəmiyyətə tədricən uyğunlaşması əsas götürülən bir prosesdir:

“Bu prosesdə təhsil ocaqlarının rolu danılmazdır. Məktəbin pedaqoji kollektivi hər bir şagirdin ailədə formalaşan xarakterini öyrənməli, cəmiyyət üçün qəbul olunmayan xüsusiyyətləri islah etməyə, ona gələcəkdə vətəndaş kimi yetişməkdə lazım olanları aşılamalıdır”.

Kamran Əsədov: Humanist xüsusiyyətlərin ilk toxumları məktəbdə səpilir

Onun sözlərinə görə, şagirdin mənəvi tərbiyəsinin bir hissəsini təşkil edən humanist xüsusiyyətlərin ilk "toxumları" da məktəbdə "səpilir" və ilk gündən yoldaşlarını qəbul etməyən şagird gələcəkdə cəmiyyətdəki insanları da qəbul etməyə bilər.

“Ona görə də hər bir pedaqoqun qarşısında duran əsas vəzifələrdən biri də şagirdlərə kollektiv fəaliyyətə, cəmiyyətin bir parçası olmağa hazırlamalarıdır”.

Həmsöhbətimiz uşaqların hər gün, hər saat böyüdüyünü, böyüdükcə də ətrafdan, mühitdən götürdüklərinin çoxaldığını deyərək bildirdi ki, bu zaman onun xarakterində dəyişikliklər baş verir və bu dəyişikliklərin bizim istəyimizə uyğun olmayaraq inkişaf etməsinin qarşısını almaq üçün ilkin mərhələdə uşaqlara, gənclərə başqalarına diqqət və qayğı göstərib, onları nəzərə almağı öyrətməliyik:

“Mənəviyyatın yeniləşməsi, zəmanəyə və məktəbin tələblərinə uyğunlaşması şagirdin yaşından, düşdüyü mühitdən və s.-dən asılı olaraq dəyişir. Bu zaman məktəbin tutduğu düzgün yol öz sözünü deməlidir. Məktəbdən başlanan, düzgün xətt üzrə aparılan mənəvi tərbiyə sonda cəmiyyətə xeyir verə bilən, mənəvi cəhətdən zəngin bir insanın yetişməsinə nədən olacaq”.

Ekspert sonda vurğuladı ki, insan mənəviyyatının inkişafında elm, bilik, savadla yanaşı, tərbiyəyə də xüsusi diqqət ayrılmalıdır.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR