• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunub

LAYİHƏ

28 Iyun 2024 | 13:46

Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunub

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Azərbaycan cəmiyyətində elə fəaliyyət sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasın. Bu gün Azərbaycan qadını idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə tutur.

Ümumiyyətlə, gender məsələləri mətbuatda ən mühüm istiqamətlərdən biridir.

Gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Bütün sahələrdə, xüsusilə də idarəçilikdə, qərar qəbulunda gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb.

Qeyd edək ki, gender məsələsi son illər hətta Mətbuat Şurasının qəbul etdiyi “Jurnalistlərin etik davranış qaydaları”na da bir maddə kimi əlavə olunub. Qeyd edək ki, burada 5 prinsip var. 4-cü prinsip məhz elə “Gender bərabərliyi və ayrıseçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi” adlanır. Burada da qeyd olunur ki, gender məsələsinə xüsusi həssaslıqla yanaşılmalıdır.

Yadigar Məmmədli: Etik qaydalar pozulduğu zaman jurnalistlər cəzalandırılmalıdır

Gender, ailə və demoqrafiya məsələlərinin mətbuatda işıqlandırılması mövzusundan Bakıvaxtı.az-a danışan Mətbuat Şurası İdarə Heyərinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, bəzən xəbər yazılarkən məzmun tələb etmirsə, jurnalistlərin hadisəni törədən şəxsin cinsiyyətini xüsusi vurğulamağa gərək yoxdur.

“Xanım sürücü belə etdi” və s. kimi yazılar yazılır. Amma bunun xüsusi bir əhəmiyyəti yoxdur. Belə xırdalıqlara jurnalistikada əməl olunmalıdır. Çoz təəssüf ki, biz buna əksər hallarda riayət etmirik. Bizim ən çətin məsələlərimizdən biri də elə budur”.

Yadigar Məmmədli jurnalistikada gender əsaslı müzakirə hallarına həssasalıqla yanaşmağın lazım olduğunu deyir.

Onun sözlərinə görə, qadın, kişi, uşaq, böyük, yaşlı və s. kimi mövzularda daha çox qabartmalara yol verilir, amma bu, yolverilməz haldır:

“Gender odur ki, istər bizim iş şəraitimizdə, istərsə bizim rastlaşdığımız digər yerlərdə qadınların və bəzi hallarda kişilərin sıxışdırılmasına, onların fəaliyyətlərində hər hansı maneənin yaradılmasına yol verilməsidir. Amma bizdə elə anlaşılır ki, guya gender problemi deyəndə bizim qadınlara qarşı təzyiqlər var, onlara qarşı xüsusi bir məhdudiyyətlər var. Elə deyil. Bu, cinsi məhdudlaşdırmaya qarşı olan məsələdir”.

Müsahibimiz qeyd edib ki, bəzi kollektivlərdə qadınlar çoxluq təşkil edirlər. Orada kişilərə qarşı ayrıseçkilikər, gendər bərabərliyinin pozulması halları baş verir.

Yadigar Məmmədli bildirir ki, media gender bərabərliyi mövzusunda maarifləndirmə işləri aparmalıdır. Həmsöhbətimiz deyib ki, jurnalistlər həm yazılarında, həm də digər xəbərlərində bunlara diqqət yetirməlidir ki, qarşı cinsidə qıcıq yaratmasın.

“Bəzən bir çox ailələr bu kimi məsələlərin qabardılmasından sonra dağılıblar və yaxud hansısa ciddi problemlər yaşanıb. Ona görə də məhz bu növzulara ciddi yanaşmaq lazımdır. Biz jurnalistlərin fəaliyyəti çərçivələr, etik qaydalarla müəyyənləşir. Etik qaydalar pozulduğu zaman jurnalistlər cəzalandırılmalıdır. Söhbət ictimai qınaqdan, yoldaşları arasındakı müzakirələrdən, tənqidlərdən, hətta lazım gəldikdə müəyyən redaksiyalarda hansısa məhdudiyyətlərin qoyulmasından gedir”, - deyə Yadigar Məmmədli qeyd edib.

Lalə Mehralı: Qadınlara yaradılan iş imkanları kişilərə yaradılmır

Sosioloq Lalə Mehralı isə Bakıvaxtı.az-a açıqlamasında mediada qadın hüquqlarının qabardılmasından gileylənib. Bildirib ki, jurnalistlərin mövzu ilə bağlı ən böyük səhvləri qadın hüquqlarını qabartmalarıdır. Qadınlar və kişilər arasındakı gender bərabərliyi qorunmur:

“Bəzən şahid oluruq ki, kişi cinsindən olan yeniyetmələr də zorakılığa məruz qalırlar. Bu kimi hallarda qadınlara ayrılan diqqət onlara ayrılmır. Ailə mövzularında yazılar hazırlananda uşaqların şəxsiyyətlərinin açıq təqdim olunması kimi səhvlər də görürük. Yeniyetmələrin, azyaşlıların üzü sansürlənmədən nümayiş edilir. Adı, soyadı verilir. Onların bundan sonrakı həyatı nəzərə alınmır. İndi əvvəlki kimi deyil ki, televiziyada bir dəfə göstərilib, unudulsun. İndi yazı internetin yaddaşında illərlə qalır”.

Onun sözlərinə görə, sənət adamlarının şəxsi həyatlarının işıqlandırılmasında media və bir çox sənət adamları maraqlıdır:

“Bəzi sənət adamları məhrəmiyyətlərinin ortalığa çıxardılmasında çox maraqlıdırlar. Onlar ailə məsələlərini rahatlıqla müzakirə edirlər. Çünki müzakirə ediləcək sənəti yoxdur, o da şəxsi həyatla gündəm olmağa çalışır. Onlar çatışmayan bacarıqlarını komuflaj etmək üçün məhrəm mövzulardan danışmağı seçirlər ki, tamaşaçının başı ona qarışsın və onun bacarıqsızlığını, istedadsızlığını hiss etməsin”.

Müsahibimiz deyir ki, gender bərabərliyi mövzuları işlənərkən mütləq qaydada hər iki tərəf dinlənilməlidir. L.Mehralı bildirib ki, gender bərabərliyi qadın üstünlüyü demək deyil. Qadınların əzildiyi qədər olmasa belə, kişilər də əzilir, onlar da haqsızlığa uğrayırlar:

“Siz sadəcə iş elanalrına baxanda görürsünüz ki, gender bərabərliyi hansı səviyyədə pozulur. Qadınlara yaradılan iş imkanları kişilərə yaradılmır. Bu ən sadə misaldır, belə hal çoxdur. Ona görə də bu mövzularda yazarkən kişilərin də o bərabərlikdən öz nəsiblərini almalarını təmin etməyə çalışmaq lazımdır”.

Həmsöhbətimiz vurğulayıb ki, qadınlar üstün, fövqəladə varlıqlar deyillər. Qadınları kişilərdən daha üstün göstərməyə yol açmamaq lazımdır. Bu qarşı tərəfdə təbii ki, qıcıq yaradır.

“Qadın-kişi bərabərliyinin bəzi məsələlərdə yetmədiyini, bəzi sahələrdə qadın gücünün yetmədiyini, kişi gücünə ehtiyacın olduğunu etiraf etmək lazımdır. Necə ki, bəzi işlərdə qadınların bacarığı kişilərin bacarıqlarından daha üstündür. Bu tarazlıq təmin edilməlidir”, - deyə Lalə Mehralı əlavə edib.

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

 


SON XƏBƏRLƏR

29 Iyun 2024