• Bakı 19° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ekologiya və ətraf mühitin mühafizəsi: Uğurlu dövlət siyasəti

LAYİHƏ

31 Yanvar 2024 | 10:20

Ekologiya və ətraf mühitin mühafizəsi: Uğurlu dövlət siyasəti

6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Ölkəmizdə təbiətin, flora və faunanın qorunması, ətraf mühitin, təbii ehtiyatların, onların mühafizəsi, bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.

Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçünsə iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.

Azərbaycanda ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulan məqsədə çatmaq üçün vəzifələrə gəlincə, buraya ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi, eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi qorunub saxlanılması daxildir.

Sevil Yüzbaşeva: Ekologiyanın qorunması işində dövlətimiz əlindəm gələni edir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan ekoloq Sevil Yüzbaşeva ölkəmizdə ekoloji problemlərin olduğunu deyir:

“Etdiyim müşahidə, araşdırmaların nəticəsi olaraq deyə bilərəm ki, hazırda bizim çox ciddi ekoloji problemlərimiz var. Ən öndə olanı isə məişət tullantılarının idarə olunmasıdır. Məişət tullantıları hər yerdə, bütün təbiətimizdə, bütün şəhərlərimizdə mövcuddur. Bu gedişlə elə bir an yaranacaq ki, insanlar qapıdan, pəncərədən zibilləri atacaqlar, heç zibilliklərə aparmayacaqlar. Müşahidə etsəniz görərsiniz, belə hallar artıq var. Bu situasiya qədim zamanlarda Londonda yaşanıb. İnsanlar zibilləri evlərinin pəncərələrindən atıblar, şəhər bütövlüklə zibilliyə çevrilib. Tullantılarla dolu olub. Bizdə də belə hal yaranmaq üzrədir. Xüsusən təbiət ərazilərimizin demək olar ki, böyük-böyük tullantı paliqonları var”.

Ekoloqun sözlərinə görə, bir çox istirahət mərkəzlərinin ətrafı zibil poliqonuna çevrilmək üzrədir. Problemlər bununla da bitmir:

“Ərzaqlarımızda da problemlər var. Keyfiyyət ildən ilə aşağı düşür. Bu, həm bizim üçün, həm də ekologiyamız üçün zərərdir. Tullantıların yandırılması prosesində də problem müşahidə olunur. Bizim şəhərdə yerləşdirilən bu tip zavodlarda ancaq şəhər ərazisindəki zibilliklərin tullantıları yandırılır, rayonlardakı zibilliklər bura aid edilmir. Amma xaricdə belə deyil”.

Bu məsələdə dövlət siyasətinin uğurlu olduğunu deyən ekoloq günahı vətəndaşlarda görür:

“Düzdür, məsələ ilə bağlı dövlətimiz əlindəm gələni edir. Yetəri qədər pul ayrılır, beynəlxalq miqyası tədbirlər, təlimlər, seminarlar təşkil olunur. Ölkəmiz belə tədbirlərə ev sahibliyi edir. Amma məsələ bununla həll olunmur. İnsanlar da bu mövzuda yaxından işləməlidirlər. Hamı bir olmalıdır. Ekologiyamızı qorumalıyıq. Şəhər küçələrində natəmizlik baş alıb gedir. Yetəri qədər işçi ayrılmır. Ancaq harada tədbir olacaqsa, oranı da təmizləyirlər. Bəs digər yerlər? Ora necə olsun? Oranı da təmizləmək lazımdır axı”.

Sevil Yüzbaşeva çıxış yolunu ümumi iməcilik kampaniyası keçirib, ətraf mühiti zibillərdən təmizləməkdə görür:

“Mənim bir təklifim var. Mən xaricdə təlimdə olanda litvalı ekoloqlardan biri bir təqdimat etdi. Sovetlər birliyi dağılandan sonra onların təbiətləri zibillənmişdi. Bu, əslində normal idi. O dövrlər yetəri qədər ekoloji bilik yox idi. Xülasə, onlar bütün ölkədə ümumi iməcilik keçiriblər. İməcilik eyni gündə olub və bütün ölkəni əhatə edib. Onlar bir gün ərzində ölkənin bütün tullantılarını təmizləyiblər. Bunu uşaqdan böyüyə hamı edib. Bu hadisədən sonra isə artıq başlayıblar ekogogiyanı qorumağa. Hər yerə zibil atmamağa. Artıq orada heç kim yerə tullantı atmır. Ekoloji problemlər o zaman həll olunur ki, onda hər kəs iştirak etsin. Hər kəs bu problemlərlə məşğul olmaldır. Belə olmadığı halda insanlarda bu mövzuda hər hansı xoş düşüncə olmayacaq. Hamı maariflənmə işi aparır. Amma bununla qalmaq olmaz. O maariflənməni aparanların bəziləri otaqlarından çıxıb, yedikləri konfet kağıznı yerə atırlar”.

Qorxmaz İbrahimli: “Ekologiyanın qorunmasında könüllülüyün təbliği vacibdir

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli də Sevil Yüzbaşevanın fikirləri ilə razılaşır. Bakıvaxtı.az-a danışan Q.İbrahimli deyir ki, Azərbaycan Respublikasının əsas ərazisi subtropik iqlim qurşağında yerləşir. Ərazi şimaldan cənuba, qərbdən şərqə doğru müxtəlif relyefə uyğun olaraq müxtəlif canlı və bitki aləminə malikdir. Yağıntıların paylanması, miqdarı və s. ekologiyanı əks etdirir. Əlbəttə qlobal istiləşmə və urbanizasiya, daxili miqrasiya, kənd təsərtüfatı və sənayenin inkişafı Azərbaycan ekologiyasına təsir etməkdədir.

O, maarifləndirmə işlərinin aparılmasını məsləhət görür:

“Hər yerdə olduğu kimi Azərbaycanda da çevrə ilə bağlı problemlər saymaqla bitməz. Ancaq hər şeydən öncə maarifləndirmə və ətraf mühitə duyarlılığın artırılmasına diqqət yetirilməlidir. İlkin olaraq məktəbəqədər və ibtidai təhsil haqqında mükəmməl qanun hazırlanmalıdır. Bu qanunda ekoloji bilgilər, ətraf mühitin qorunması və yaxşılaşdırılmasına təsir edəcək mövzular yer almalıdır. Müasir qlobal bilgi və texnologiyalarla məktəbəqədər və ibtidai məktəblərdə mükəmməl biliklər verilməlidir. Mənə görə bu, birinci sırada olmalıdır. Əgər belə bir qanun qəbul edilər, universitetlər lazımi keyfiyətdə müəllimlər, aidiyatı qurumlar keyfiyətli dərsliklər yaradarlarsa, çox çəkmədən ekoloji problemlərin azalmasını müşahidə etmək olar. İnsanların ətraf mühitə münasibəti bir mədəniyət məsələsidir. Bunu yüksəltmək gərəkdir”.

Onun fikirlərinə görə, kənd təsərrüfatında suvarma, şumlama, əkilən bitki, ağac növlərinin düzgün seçilməsi, meşəətrafı yaşayış massivlərinin qaz və digər yanacaq vasitələri ilə təmin olunması, meşə və meşə zolaqlarının yanğından qorunması üçün taxıl biçininfən sonra ərazilərin yandırılması qadağan olunmalıdır. Sənaye müəssisələrinin tullantılarına və çirkab sularına nəzarət olunmalı, ağır cərimələr tətbiq olunmalıdır. Meşələrdə hazırlanan kömürün leqallaşması, vergi tətbiq olunması önəmlidir. Meşələrin bərpası işində bu çox önəmlidir. Xüsusən meşəətrafı kəndlərdə əhalinin təminatı meşələrin qırılmasının xeyli azaldılmasına səbəb olacaq.

Müsahibimiz ekoloji mühiti qorumaq üçün könüllülük proqramlarından istifadənin önəmindən də söz salıb:

 “Ekologiyanın qorunmasında könüllülüyün təbliği vacibdir. Tələbə və məktəblilər asudə vaxtlarında bu işə cəlb olunmalıdır. Könüllülük özlüyündə bir mədəniyyətdir. Atmosferin çirklənməsi qlobal problemdir. Ölkəmizdə sənaye - xüsusən ağır sənaye - çevrə kirliliyinə səbəb olacaq səviyədə deyil. Dünyada atmosferi kirləndirən ölkələr ABŞ, Çin, Hindistsn, Rusiya və s. böyük sənaye dövlətləridir. Bu iri dövlətlərin daha çox günahı üzündən yüz illərdir gedən proseslər qlobal istiləşməyə səbəb olub. İyirminci yüzilin 70-ci illərindən sonra BMT və digər beynəlxalq təşkilatlar müxtəlif konvensiya və protokollar tərtib ediblər. Əksər ölkələr bunu imzalayıblar. Kioto protokolu, Paris konvensiyası və s. misal göstərə bilərik”.

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024