• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bu gün İlaxır çərşənbədir

CƏMİYYƏT

19 Mart 2024 | 00:00

Bu gün İlaxır çərşənbədir

Bizi Novruz bayramına hazırlayan 4 çərşənbədən sonuncusu artıq qədəmlərini qoydu.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Torpaq çərşənbəsidir.

Bu çərşənbədə bolluq, bərəkət rəmzi olan torpaq oyanır, ağaclar tumurcuqlanır, bununla da baharın ilıq nəfəsi hiss olunmağa başlayır. Novruzun bir addımlığında olan xalq bu günü digər 3 çərşənbəyə nisbətən daha təmtəraqla, xüsusi adətlərlə qeyd edir.

AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu çərşənbə “torpaq - çillə - beçə çərşənbəsi”, bundan başqa xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə - suri” adları ilə də tanınır.

A.Xəlilov axır çərşənbə gününün başlıca özəlliyinin qəbir üstünə gedilməsi, ölülərin ruhuna quran oxunub, dua edilməsi olduğunu qeyd edib.

Folklorşünas tonqal qalanmasını, hər kəsin yaşından asılı olmayaraq o tonqaldan atlamasını Azərbaycan türklərinin başqa bir adəti olduğunu vurğulayıb:

"Azərbaycan türklərində bir adət də budur ki, həmin çərşənbə axşamında od üstündən yeddi dəfə o yan-bu yana atılar, bununla da adamlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar”.

Qədim zamanlardan Torpaq çərşənbəsi ilə bağlı inanclar formalaşmış, torpaqla bağlı atalar sözləri, tapmacalar yaranıb bu günümüzə çatıb:

Torpaq haqqında atalar sözləri:

Torpaqla bağlı atalar sözləri

Torpaq deyər öldür məni, dirildim səni.

Torpaqdan pay olmaz.

Yer kimindi, oturanın, söz kimindi, götürənin.

Yerin də qulağı var.

Yaz əkinçi, qış dilənçi.

Yaz dumanı bar gətirər, qış dumanı qar gətirər.

Yazın yağışı, ər-arvadın savaşı.

Torpaq çərşənbəsi ilə bağlı inamlar:

Axır çərşənbədə paltar tikmək olmaz.

Axır çərşənbədə qəlbə dəymək olmaz.

Axır çərşənbədə səfərə çıxmaq olmaz.

Axır çərşənbədə yerə isti su tökmək olmaz.

Axır çərşənbədə dırnaq tutmaqmm olmaz.

Axır çərşənbədə saç darayıb tullamaq olmaz.

Axır çərşənbədə torpaq təmizlənir.

Axır çərşənbədə təzə evə köçməzlər.

Axır çərşənbədə hamı mehriban danışmalıdır ki, il dönəndə mehribanlıq olsun.

Axır çərşənbədə evdəkilər təzə geyinməlidir.

Torpaqla bağlı tapmacalar:

Mal alsan malın olar,

Şanında balın olar.

Yazda, yayda güllənar,

Qış fəsli yalın olar. (Torpaq)

Yer üzünün qarası –

Ağacların anası. (Torpaq)

Babamın bir donu var,

Qatlayıram, qat götürmür. (Yer)

Zər kilim, zəncir kilim,

Gücüm çatmır –Ağır kilim.(Yer)

Qeyd edək ki, ölkəmizə yaz fəsli martın 20-də Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq.

Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Torpaq çərşənbəniz mübarək!

Oyanan torpaq evlərə ruzi-bərəkət gətirsin! İliniz bərəkətli keçsin!

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Aprel 2024