BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişin əldə olunmasına gətirib çıxarmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, artıq ikinci dəfədir Azərbaycana səfər etdiyini, hər dəfə daha yaxşı qonaqpərvərliklə qarşılandığını söyləyib:
"COP29 yüksək səviyyədə təşkil olunub. Beynəlxalq ictimaiyyət də uzun müddətdir iqlim dəyişikliyi ilə mübarizə aparmalı olduğumuzu bilir. Amma təəssüflər olsun ki, müvafiq problemlərin həlli istiqamətində tədbirlər çox ləng aparılır. Hesab edirəm ki, bu cür konfranslar iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin həyata keçirilməsində irəliləyiş əldə edilməsinə və həllini tapmasına gətirib çıxarmalıdır".