“Valentino” moda evinin qurucusu, italiyalı dəb dizayneri Valentino Qaravani 93 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, Valentino Qaravani yanvarın 19-da Romadakı iqamətgahında, yaxınlarının əhatəsində vəfat edib.
Onunla vida mərasimi yanvarın 21 və 22-də Piazza Mignanelli meydanında keçiriləcək. Dəfn mərasimi isə cümə günü Roma şəhərində yerləşən Santa Maria degli Angeli e dei Martiri bazilikasında baş tutacaq.
Valentino Qaravani 1932-ci il mayın 11-də İtaliyanın şimalında yerləşən Voqera şəhərində anadan olub. O, 17 yaşında Parisə köçərək "École des Beaux-Arts" və "Haute Couture Syndicate"də təhsil alıb. 1959-cu ildə Romaya qayıdan dizayner bir il sonra tərəfdaşı Cankarlo Ciammetti ilə birlikdə “Valentino” moda evini təsis edib.
Onun beynəlxalq uğura yol açan ilk nümayişi 1962-ci ildə Florensiyada keçirilib. Qaravaninin ilk müştəriləri arasında ABŞ-ın mərhum prezidenti Con F.Kennedinin həyat yoldaşı Jaklin Kennedi də olub. O, həyat yoldaşının anım mərasimində geyinmək üçün dizaynerə altı libas sifariş edib.
1998-ci ildə Valentino Qaravani və Cankarlo Ciammetti “Valentino” brendini 300 milyon dollara İtaliyanın HDP konserninə satıblar. Brend 2002-ci ildə isə Marzotto Apparel şirkəti tərəfindən alınıb. Valentino Qaravani 2007-ci ildə Parisdə keçirilən son nümayişindən sonra dəb dünyasından getdiyini açıqlayıb./Publika.az
Bakı 



