2021-ci ilin son saatlarını yaşayırıq. Yeni il qarşılamağa hazırlaşırıq.
Bakıvaxtı.az -ın məlumatına görə, təqvim ilinin yanvarın 1-dən hesablanmasının əsası eramızdan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar tərəfindən qoyulmuşdur. Yanvar ayı giriş və çıxışların, qapıların və bütün başlanğıcların tanrısı Roma allahı Yanusun şərəfinə adlandırılıb.
Təxminən 3 yüz il öncə 1700-ci illərdə rus çarı I Pyotr yanvarın 1-də Yeni ilin qeyd edilməsi ilə bağlı qərar verdi. Elə həmin dövrdə də yolkaların bəzədilməsi, atəşfəşanlığın və kostyum karnavallarının təşkili ənənəsi yarandı.
Bəs dünya ölkələrində Yeni il necə qeyd edilir?
İngiltərədə bütün gecə küçə satıcıları uşaqlar üçün oyuncaqlar, tütəklər, maskalar və şarlar satırlar. Uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. Saatlar gecə yarısını göstərəndə köhnə ilin evdən çıxması üçün ingilislər evin arxa qapısını açırlar. Sonra isə evin ön qapısını açır və yeni ili qarşılayırlar.
Macarıstanda yeni ilin ilk saniyəsində uşaqlar tütək, sümsü və fit çalmağa başlayırlar. Onlar inanırlar ki, bununla şər ruhlar evdən qovulur və evə xoşbəxtlik gəlir.
Almanlar Yeni il gecəsi Santa Klausun uzunqulaqla gəldiyinə inanırlar. Burada da uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar.
Fransada bəzi əyalətlərdə bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi orada bayram sürfəsindən qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər.
İtaliyada köhnə ilin son dəqiqəsində evdəki sınmış boşqabları, köhnə paltarları və hətta mebelləri atırlar. Uşaqlar isə gecə süpürgə üzərində möcüzəvi Befananın gəlməsini və sobanın borusundan evə daxil olmasını gözləyirlər. Bu sehrli pəri sobanın kənarına asılmış ayaqqabıların içərisinə uşaqlar üçün hədiyyələr qoyur.
Çində Yeni il fənər bayramıdır. Yeni il gecəsi küçələr və meydanlarda çoxlu sayda kiçik fənərlər yandırılır. Çinlilər inanırlar ki, fənərlərdən çıxan işıq şər qüvvələri uzaqlaşdırır.
Yaponiyada uşaqlar Yeni ili təzə geyimlərdə qarşılayırlar və bunun onlara sağlıq və uğur gətirəcəyinə inanırlar. Yeni il gecəsi onlar yastıqlarının altına arzuladıqları əşyanın şəklini qoyurlar və inanırlar ki, bununla arzuları yerinə yetəcəkdir. Yaponiyada Şaxta babanı “Seqaçu-san”, yəni “cənab Yeni il” adlandırırlar.
Hindistanda Yeni ili il ərzində səkkiz dəfə qarşılayırlar. Qudi Padva adlanan belə günlərin birində nim-nim ağacının yarpağını yemək lazımdır. Onun çox acı və xoşagəlməz dadı var. Amma hindlilər inanırlar ki, bu yarpaq onları xəstəlik və bədbəxtliklərdən hifz edəcək.
Bolqarıstanda yeni ili ənənəvi olaraq evdə qarşılayırlar. Evin ən kiçiyi yolkanın qarşısında dayanaraq ailə üzvləri üçün mahnılar oxuyur. Ailə üzvləri isə ona hədiyyələr verirlər.
Norveçdə Yeni il axşamı uşaqlar hədiyyəni keçidən gözləyirlər. Bu ölkədə keçinin müəyyən üstünlükləri var. Rəvayətə görə Norveç kralı II Olaf bir dəfə yaralı keçini qayaların üzərindən düşürərək xilas edir, heyvanı saraya gətirir və sağaldaraq sonra gəldiyi yerə qaytarır. Keçi isə minnətdarlıq əlaməti olaraq hər axşam öz xilaskarına şəfalı otlar gətirirmiş.
ŞotlandiyadaYeni ilə ərəfəsində çəlləkdə qətran yandırır və çəlləyi bütün küçə boyu diyirləyirlər. Şotlandlar üçün bu, Köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açıqdır. Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik əlamətidir.
İrlandiyada Yeni il ərəfəsində evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram sürfəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər. Və belə bir sağlığa ”Bu evdə və bütün dünyada sülh naminə” badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir
Rumıniyada Yeni il axşamı sürfəyə içərisində kiçik sürprizlər-qəpiklər, farfor fiqurlar, acı bibər qabığı olan bayram qoğalı qoyulur. Qoğalda üzük tapılarsa, bu, o deməkdir ki, Yeni il çoxlu xoşbəxtlik gətirəcək. Acı bibər qabığı isə sürfə arxasına toplaşlanları yalnız güldürəcək.
MoldovadaYeni ildə qonaqlar gözlənilən evlərdə buğda səpmək qəbul olunub. Hesab olunur ki, bununla yeni ildə bol məhsul və firəvanlıq olacaq.
Yunanıstanda Yeni ili qarşılamaq üçün qonaqlığa gedən sakinləi özləri ilə daş götürür və onu qonaq gözləyən evin kandarına atırlar. Əgər daş ağırdısa, onda deyirlər- “Qoy ev sahibinin sərvəti bu daş kimi ağır olsun”. Yox, əgər daş kiçikdirsə, onda “Qoy ev sahibinin gözünə düşən ləkə bu daş kimi kiçik olsun”deyirlər.
BirmadaYeni ildə yoldan keçənlər bir-birini su ilə isladaraq uşaqlar kimi sevinirlər. Yeni il gecəsi bu ölkədə çox isti olur.
Vyetnamda ölkədə də Yeni ili düyü yeməyi ilə qarşlayırlar. Yeni il axşamı canlı balığı çaya və ya gölməçəyə buraxırlar. İnanca görə, balığın belində Allah üzür, o Yeni il günü səmalara çəkilir və orada Yer üzündə insanların necə yaşamasından danışır. Bu gecə küslülər barışır.
Rusiyadaihər evdə kilsə şamları yandırılır. Süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanclara görə süfrə nə qədər zəngin və gözəl olarsa, gələn il də elə gözlənilər. Qədim adətlərə riayət edən rusların süfrəsinin tən ortasında mütləq qızardılmış donuz balası qoyulmalıdır. İnanca görə donuz var-dövlət simvoludur. Süfrəyə quş ətindən heç nə verilməz. Belə hesab edilir ki, xoşbəxtlik evdən uça bilər. Gələn qonaqlara xəmirdən hazırlanmış müxtəlif fiqurlu şirniyyatlar paylanılır. Yeni il axşamı mütləq təzə paltar və ayaqqabı geyinilməlidir. Yaxın adamlar bir-birini təbrik edir, qonaq gedir, səhərədək yemək-içmək bitmək bilmir.
Azərbaycanda isə bu gün ikiqat bayramdır. Həm Yeni ili qarşılayırıq, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirik.
Yeni ili necə qeyd etməyinizdən asılı olmayaraq çalışın onu unudulmaz edin. Bu bayramın hər kəsə parlaq ümidlər bəxş etməsi, gələn il bütün arzularınızın həyata keçməsi arzusuyla
Nuranə Daxilqzı
















