• Bakı 18° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Ekoloji terrora torpaqlarımızın işğalı kontekstindən kənarda baxa bilmərik”

LAYİHƏ

23 Dekabr 2022 | 13:37

“Ekoloji terrora torpaqlarımızın işğalı kontekstindən kənarda baxa bilmərik”

6.3.17. Ekologiya və ətraf mühitin mühafizəsi

Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizi illər boyu istismar edilib. Düşmən illər ərzində yeraltı və yerüstü sərvətlərimizi talan etməklə, təbiətin “ağ ciyəri” hesab edilən ağac və kol bitkilərini talamaqla, təbii abidələri məhv etməklə, su ehtiyatlarını çirkləndirməklə, flora və faunaya zərər yetirməklə ekosistemin mühüm halqalarını, qida zəncirini dağıtmaqla tapdaq altında olan ərazilərimizdə ekoloji terror yaradıb.

İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına səbəb olub.

“Ermənilərin Qarabağda törətdikləri ekoloji terror və təbii sərvətlərimizi qəsb etmələrinə torpaqlarımızın 30 illlik işğalı kontekstindən kənarda baxa bilmərik. Çünki törətdikləri terror əməlləri tək təbiətə deyil, ilk növbədə insanlarımıza qarşı olub. Yalnız təbii sərvətlərimizi oğurlamayıblar, şəhərlərimizi, kəndlərimizi viran qoyublar. Nəyimizi qəsb etməyiblər ki?”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında ekoloqların və QHT-lərin Qarabağdakı aksiyasını şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

E.Allahverdiyevin sözlərinə görə, erməni terroru, yaxud terrorun erməni tarixindəki yeri barədə çox danışmaq olar: “Qarabağın işğalı terrorla başladı. Avtobuslarda, qatarlarda terror əməlləri törətdilər. Onlarla vətəndaşımız həlak oldu. Terroru törədənlərdən həbs edilənlər oldu. Bakıda metroda törədilən terrorun arxasında Ermənistanın xüsusi xidmət orqanlarının olduğu sübut edilib. Qarabağda separatizm meylləri terrorla müşayət olunurdu. Vətəndaşlarımızın indiki Ermənistan ərazisində, Qarabağda doğma el-obasından qovulması terrror, qorxudulma vaitəsilə baş verirdi. Xocalı soyqırımı bu terrorun daha böyük miqyasda həyata keçirilməsi idi”.

Elnur Allahverdiyev:  Ermənilər təbii sərvətlərimizi qarət etməklə yanaşı, təbiətimizi də zəhərləyiblər

Millət vəkili hesab edir ki, siyasi məqsədlərə çatmaq üçün əsas vasitə olaraq terroru seçən bir xalqın, dövlətin təbiətə fərqli münasibət bəsləyəcəyini gözləmək əbəsdir. “Xatırlayırsınızsa, işğal dövründə onlar Sərsəng su anbarını, Suqovuşanı yay mövzümündə qapalı saxlayırdılar. Halbuki Ulu Öndər Heydər Əliyevin birbaşa nəzarəti və himayəsi altında tikilmiş bu su anbarlarının başlıca vəzifəsi, Ağdamı, Bərdəni, Goranboyu, Tərtəri əkin suyu ilə təmin etmək idi. Bu terror deyil, nədir? Biz bu problemi həmin illərdə dəfələrlə beynəlxalq təşkilatlarda qaldırmışıq, nəticəsi olubmu? Hansı beynəlxalq institut, hüquq müdafiəsi təşkilatı maraqlanıb, oraya bir yoxlayıcı missiya ezam edib, hansı hüquq müdafiəçisinin ürəyi sızlayıb?”, - deyə deputat soruşur.

E.Allahverdiyev deyib ki, 30 il müddətində Ermənistan və Xankəndidəki cinayətkar dəstə təbiətimizi məhv etməklə məşğul olublar. Təbii sərvətlərimizi qarət etməklə yanaşı, təbiətimizi də zəhərləyiblər.

“Bu yaxınlarda məlumat çıxdı ki, Oxçuçayda zəhərli maddələrin səviyyəsi normanı aşıb. Səhv etmirəmsə, Zəngəzurdakı hansısa zavodunun tullantılarını bu çaya yönəldirlər. Bu illər ərzində bunu dəfələrlə ediblər. Hər şeyi qoyaq kənara, şəhər və kəndlərimizi işğal ediblər. Ağacları niyə kəsirdilər? Buralar onların idisə, saxlayardılar ağacları. Yaxud, yaşıllığın, bitkilərin nə günahı var? Bütün bunlar Ermənistandakı ovaxtkı xuntanın və Xankəndidəki separatçıların mahiyyətindən xəbər verir. Bu, onların həyata baxışlarının göstəricisidir”, - deyə millət vəkili söyləyib.

Azərbaycan hər zaman terrorizmlə mübarizə aparıb, çünki hələ sovetlər dönəminin son illərindən başlayaraq terrora məruz qalıb. E.Allahverdiyevin fikrincə, ekoloji terrorla mübarizə nisbətən yeni istiqamətdir, ancaq QHT sektoru və ekoloqlarımız bu işdə dövlətimizə ciddi dəstək verirlər: “Bu, tək dövlətin, yaxud təbii sərvətlərə cavabdeh qurumların işi deyil. Bu, bir ümumxalq mübarizəsidir. Hətta deyərdim ki, Vətən müharibəsinin bu formada davamıdır. Bu, xalqımzın növbəti mücadiləsidir və biz ondan qalib çıxacağıq. Ancaq paralel olaraq həm də ermənilərin işğal illərində törətdikləri ekoterror, etnosid barədə faktları dünyaya çatdırmalı, təbliğatımızın aparıcı istiqamətlərindən birinə çevirməliyik”.

Qeyd edək ki, 1988-ci ildən başlayaraq ermənilərin və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibə, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması ilə nəticələnən, şəhər və kəndlərin dağıdılmasına, dinc əhalinin genosidinə və eyni zamanda, ekoloji terrora (ekoterrorizm) səbəb olub.   

Hərbi münaqişə və müharibə yalnız Azərbaycan Respublikasının ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb.  

Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib.

Azərbaycan Respublikası beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edən dövlətlər sırasındadır. Ölkəmizdə istər daxili, istərsə də xarici terrorizmə qarşı güclü mübarizə siyasəti yürüdülür. Ekoloji terrorizmin qarşısının alınmasında əsas məqsəd əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin qorunması və canlıların tələfatına yol verməməkdir.

Azərbaycan Respublikası ekoloji mühitin sağlamlaşdırılmasını strateji məqsəd sayır. Müasir dövrdə təbiətdən istifadə nə qədər aktualdırsa, onu qorumaq, bərpa etmək bir o qədər əhəmiyyətlidir. İnanırıq ki, yaxın gələcəkdə bu ərazilərin canlılar aləminin bərpasına nail olacağıq.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR