• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Torpaqlarımızı milli yaddaş sayaraq onun üzərində gələcək qurmalıyıq

LAYİHƏ

30 Dekabr 2022 | 15:19

Torpaqlarımızı milli yaddaş sayaraq onun üzərində gələcək qurmalıyıq

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

“Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Bakıvaxtı.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirib.

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub.

Prezidentin növbəti ad gününü Qərbi Azərbaycan icmasının binasının açılışında həmin ərazilərdə doğulmuş görkəmli şəxslərlə keçirməsi siyasi və tarixi məna daşıyır. Dövlətimizin başçısının bu açılışda iştirakı insanlarımızın Qərbi Azərbaycana qayıdışının başlanması üçün siqnal da hesab oluna bilər. Əgər Qarabağ problemi artıq Azərbaycan üçün həll olunmuş bir məsələdirsə, bizim növbəti hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdan ibarətdir. Bunu da Prezident İlham Əliyev dəfələrlə söyləyib.

Zahid Oruc: Bütün azərbaycanlıları öz tarixi torpaqlarına qaytaracaq  sonrakı geridönüşü özündə ehtiva edən yeni era başlanıb

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüşdə iştirak edən millət vəkili Zahid Oruc Bakıvaxtı.az-a bildirib ki, 2022-ci il bütövlükdə götürdükdə Azərbaycan üçün regional, beynəlxalq, siyasət və dövlətlərarası əlaqələr baxımından son dərəcədə uğurlu il oldu. Onun sözlərinə görə, bunun yekunu olaraq, möhtərəm Prezidentin öz doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşü tarixi hadisəyə çevrildi.

“Burada ayrıca vurğulamağa dəyər ki, Prezident İlham Əliyev 50 yaşını Ağcəbədidə məcburi köçkünlərlə, 60 yaşını Cıdır düzündə, bu il isə qərbi azərbaycanlılarla birlikdə keçirdi. Biz bu gün Qərbi azərbaycanlılarla başlanan böyük və milli yolun, əslində bütün azərbaycanlıları öz tarixi torpaqlarına qaytaracaq  sonrakı geridönüşü özündə ehtiva edən prosesin, yeni eranın başlanğıcından bəhs edirik. Biz bunu ona görə yeni era adlandırırıq ki, bu, sadəcə ümumsiyasi metafora yanaşması deyil”.

Müsahibimiz təəssüflə qeyd edib ki, Azərbaycanın insanlarının, əcdadlarımızın dogma torpaqlarından uzaqlaşdırılması əsrlərboyu davam edib. Bu prosesin fasiləsiz bir süreci olub. Onun sözlərinə görə, 1988-ci ildə qədim İrəvandan, Göyçədən, Zəngəzurdan, Qafandan qopan, didərgin düşən, deportasiyaya məruz qalanlar qısa müddət sonra Qarabağda eyni hadisənin uzantısının şahidi oldular.

Zahid Oruc qeyd edib ki, faktiki olaraq bu hadisələrin bir-biri ilə ciddi bağlılığı özünü göstərdi:

“Lakin 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycan yeni strateji hədəflər qarşısındadır. Prezident İlham Əliyevin orda da qeyd etdiyi kimi, biz torpaqlarımızı milli yaddaş sayaraq onun üzərində gələcək qurmalıyıq. “Böyük Qayıdış” müxtəlif mərhələlərdən ibarətdir. Onun birincisi Vətən müharibəsində azad edilmiş torpaqlara dönüşü özündə əks etdirirsə, indi isə zamanıdır ki, biz bütün tarixi torpaqlara dinc qayıdışı silahsız, müharibəsiz, Azərbaycanı müxtəlif beynəlxalq tələlərdən, sanksiyalardan, təzyiqlərdən qoruyaraq onu həyata keçirməliyik. Faktiki olaraq, Qarabağ məsələsindən sonra bu, yeni milli ideologiyadır”.

Onun sözlərinə görə, dövlətimizin rəhbərinin də söylədiyi kimi, Azərbaycan bir qütbün, coğrafiyanın deyil, daha çox dövlətlərarası münasibətlərdə mərkəzi rol alıb: “Bu, onun beynəlxalq gücünü artırır. Belə olan şəraitdə millətimizi müxtəlif istiqamətlərdə bilgiləndirmək məsələsi öndə dayanır. İndi önümüzdə Xankəndidə yaşamaq istəyən ermənilərin qarşısında milyonlarla insanının İrəvana, Göyçəyə, Zəngəzura dönüşü zamanı da eyni şəkildə təhlükəsizlik, siyasi və iqtisadi tələblərini ortaya qoymaq məsələsi dayanır. Bu, fərqli bir dövlət doktirinasl, millət konsepsiyasıdır. Bu, yeni bir hədəfdir. Hesab edirəm ki, bu görüşdən sonra ölkə rəhbərinin həqiqətən də beynəlxalq konteksdə dərin strateji planlar qurmağı bacaran, mərhələ-mərhələ ona doğru gedən lider obrazı daha da güclənmiş olur”.

Zahid Oruc hesab edir ki, artıq ölkənin gələcəyi üçün yol xəritələri hazırlanır, cızılır:

“Burada bütün dövlət hakimiyyət orqanları, medianın üzərinə çox böyük vəzifələr düşür. Çünki “Böyük Qayıdış” konsepsiyasının hazırlanması hakimiyyətin bütün qollarından, xalqımızdan birgə fəaliyyət tələb edir. Ümumiyyətlə, deportasiya  reyesteri yaradılmalıdır. Orada tarixin bütün mərhələlərində insanlarımızın üzləşdiyi say, siyasi, iqtisadi itkilər, təhlükələr, əmlak qiymətləndirilmələri siyahıya alınmalıdır. Belə demək olar ki, deportasiya atlası tərtib edilməlidir. Şübhəsiz ki, bunun yalnız daxilə deyil, ölkə xaricinə çıxarılması vacibdir”.

Deputat qeyd edib ki, sadaladıqları bizim öz haqlarımız uğrunda mübarizədə ən önəmli işlər olacaq: “Ölkəmizin birinci şəxsi, cənab Prezident də görüş zamanı dedi ki, mən babamın yurduna dönmək istəyirəm. Həmin icma ilə görüş zamanı o da vurğulandı ki, ən yaxın zamanda belə görüşləri o doğma tarixi torpaqlarda keçirəcəyik”.

Zahid Oruc qeyd edib ki, 1988-ci ildə Qərbi azərbaycanlıların deportasiyası zamanı Qarabağdakı torpaqlarımızı ard-arda itirməyimiz 4 ilimizi, qayıdışımız isə 30 ilimizi aldı. Onun sözlərinə görə, lakin indi İrəvana, Göyçəyə dönüş qısa bir müddətdə baş verə bilər.

“Bundan ötrü 30 il gözləmək lazım gəlməyəcək. Hesab edirəm ki, bu məqamlar bizə daha böyük ümid verir”, - deyə Zahid Oruc vurğulayıb.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

25 Aprel 2024