• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

“Bazar günü” məktəbləri diasporumuza nə verir?

LAYİHƏ

09 Dekabr 2022 | 16:08

“Bazar günü” məktəbləri diasporumuza nə verir?

 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycan müstəqillik əldə etdikdən bəri dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib.

Dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində diasporun potensialını səfərbər etmək, bir sözlə, Azərbaycanı gerçəkdən 50 milyon azərbaycanlının and yerinə çevirmək, dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin qayəsini təşkil edib.

Öz xalqının taleyində müstəsna rol oynayan fenomenal şəxsiyyətlər xüsusilə cəmiyyətin milli və mənəvi birliyinə xidmət edən ideyaları və əməlləri ilə tarixdə əbədi yaşamaq haqqı qazanırlar. Millətə sevgi və ona xidmət etmək zərurətindən qaynaqlanan bu ideyalar cəmiyyətin inkişafı prosesində prioritet amilə çevrilməklə yanaşı, həm də tarixi şəxsiyyətlərə xalqı öz ətrafında birləşdirmək, milli ideallar uğrunda səfərbər etmək imkanı verir. Dünya sivilizasiyasına mühüm töhfələr vermiş Azərbaycan xalqı tarixin sərt sınaqları üzündən ötən əsrin 90-cı illərinədək vahid ideologiya əsasında təməli qoyulan dövlətçilik ənənələri formalaşdırmaq, milli mənafelər ətrafında birləşməkdən uzaq düşmüşdü.

Vəsilə Vahidqızı: Xaricdəki yeni nəsil azərbaycanlıların ana dilini öyrənməsində bu məktəblərin rolu danılmazdı

Diasporla İş üzrə Dövlət Komitəsinin məbuat katibi Vəsilə Vahidqızı Bakıvaxtı.az-a bildirib ki, son statistik məlumatlara görə, Komitənin dəstəyi ilə dünyanın müxtəlif ölkələrində 19 Azərbaycan Evi açılıb:

“Azərbaycan Evlərinin faydalılıq əmsalının yüksək olması, dinamik və güvənilə biləcək xarakterə malik olmaları həm də həmin evlərdəki həftəsonu məktəblərinin qaneedici fəaliyyətləri ilə ölçülür.

Türkiyə, Ukrayna, Almaniya, İspaniya, Macarıstan, Gürcüstan, Polşa, Yunanıstan, Avstriya, Misir, Finlandiya, Estoniya, Belçika, İsveçrə və bəzi başqa ölkələrdə açılan evlərin funksiyaları arasında soydaşlarımıza, xüsusilə qürbətdəki yeni nəsil azərbaycanlılara ana dilini, tarix və mədəniyyətimizi tədris etmək, milli kimliyi tanıtmaq xüsusi yer tutur”.

Müsahibimiz bildirib ki, Londondakı onlayn "Qarabağ" məktəbinin əhatə dairəsi çox genişdir:

“Hazırda məktəbə İngiltərənin müxtəlif şəhərlərindən, eyni zamanda İsveçrə, Almaniya və bəzi Afrika ölkələrindən 65 şagird cəlb olunub. Məktəbin xidmətlərindən təkcə azərbaycanlılar deyil, həm də xaricilər uğurla istifadə edir”.

Onun sözlərinə görə, ümumiyyətlə Böyük Britaniyada 2, Kanadada 2, ABŞ-da 1 həftəsonu məktəbi fəaliyyət göstərir və həmin məktəblərin bəzilərinə Azərbaycan dövləti dəstək göstərir, bəzilərinə həmin ölkələrdəki soydaşlarımız dayaq durur. Komitə həmin məktəbləri hər cür vəsaitlə, o cümlədən kitablar və milli atributlarla təmin edir, onların müxtəlif xarakterli tədbirlərinin təşkilinə yaxından kömək göstərir.

Komitə sözçüsü bildirib ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Evi tipli mərkəzlərdə 150-dən çox tələbəyə digər fənnlərlə bərabər gürcü dili də tədris olunur:

“Bu günədək 360-a yaxın tələbə gürcü dili kurslarını müvəfəqiyyətlə bitirib və sertifikat alıb. Gürcüstandakı məktəbli soydaşlarımızın bir qismi ali təhsil müəssisələrinə hazırlıq prosesində həmin məktəblərin xidmətindən yararlana bilir.

Berlindəki məktəb və kurslarda ümumilikdə 40, Barselonadakı həftəsonu məktəbinin və Praqadakı həftəsonu məktəbinin hərəsində 20-yə yaxın, Nant şəhərindəki "Qarabağ" məktəbində 20-dən çox azərbaycanlı uşaq təhsil alır. Hazırda təkcə Rusiya Federasiyasının 53 regionunda Azərbaycan dili, tarixi və mədəniyyətini tədris edən həftəsonu məktəbləri fəaliyyət göstərir”.

Fransa, Polşa, Finlandiya, İsveçrə, Çexiya, Litva, Estoniya, Ukrayna, Rusiya, Danimarka, Niderland, Macarıstan, ABŞ, Türkiyə, İspaniya, Norveç, İsveç, Kanada, Moldova, Özbəkistan, Qırğızıstan və neçə-neçə digər ölkələrdəki onlarla həftəsonu məktəblərində ümumilikdə yüzlərlə soydaşımız oxuyur. Qahirədəki Azərbaycan Evinin nəzdindəki məktəbdə onlarla misirli tələbənin Azərbaycan dilini və mədəniyyətini öyrənməsi, ana dilimizdə təmiz danışmaları artıq dillər əzbəridir.

Mətbuat katibi onu da əlavə edib ki, icma üzvlərinə təmənnasız xidmət göstərən həftəsonu məktəblərinin sistemli və coxistiqamətli fəaliyyəti diqqətçəkəndir:

“Məktəblərdə həm ana dili, ədəbiyyatı, tarixi öyrədilir, həm də rəqs, musiqi dərslərinə, şahmat və digər oyunlara geniş yer verilir. Bəzi məktəblər müxtəlif yaş qrupundan olan soydaşlarımıza yaşadıqları ölkələrin də dilini öyrənməkdə kömək edir. Onlar təhsili başa vurduqdan sonra milli kimliyə, milli adət-ənənələrimizə tam hakim olur, müxtəlif dillərdə ünsiyyət qura bilirlər. Xaricdəki həftəsonu məktəbləri və "Qarabağ" məktəbləri iki üstün cəhəti ilə də diqqəti çəkir. Bunlardan biri onların hər birinə ixtisaslı müəllimlərin cəlb edilməsi, digəri isə məktəb kollektivlərinin müxtəlif xarakterli tədbirlərin təşkilini uğurla həyata keçirməsidir.

Yeri gəlmişkən, qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi məxsusi olaraq həmin məktəblər üçün dərsliklər hazırlayıb. Məktəblərin kollektivləri, tədris prosesləri, bu fəaliyyətin keyfiyyət göstəriciləri və valideynlərin məmnunluq hissləri ilə bağlı dəfələrlə yerli mətbuatda yazılara və videoçarxlara rast gəlinir”.

V.Vahidqızı deyir ki, bütün bunlar xaricdəki yeni nəsil azərbaycanlıların ana dili və qeyd etdiyimiz digər sahələrlə bağlı biliklərinin artırılmasına birbaşa xidmət edən onlarla faktdan yalnız bəziləridir və digər həftəsonu məktəbləri ilə bağlı statistika da ürəkaçandır: “Çox güman ki, zamanla həmin ölkələrdə yaşayan, ana dilini, tariximizi və mədəniyyətimizi mükəmməl bilmək istəyən daha çox uşaq həftəsonu məktəblərinə cəlb olunacaq”.

Nəsib Məhəməliyev: “Bazar günü” məktəblərinin təşkili diasporumuz üçün son dərəcə əhəmiyyətli məsələdir

Millət vəkili Nəsib Məhəməliyev Bakıvaxtı.az-a bildirib ki, dövlətlərarası münasibətlər sistemində diaspor siyasətinin özünəməxsus yeri var:

“Azərbaycanın diaspor hərəkatının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və 2001-ci ildə Bakı şəhərində diasporanın 1-ci qurultayı keçirilib. Ötən dövr ərzində, dünyanın 50-dən artıq ölkəsində təşkilatlanma işləri aparılmış və onların bir çoxu Azərbaycan həqiqətlərinin, mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayırlar. Ələlxüsus, 44 günlük müharibədə və ondan sonra baş verən proseslərdə erməni diasporuna layiqli cavab verib, müxtəlif kütləvi tədbirlər, mitinqlər təşkil ediblər”.

Deputat qeyd edib ki, son illər Diaspora komitəsi tərəfindən xeyli müsbət işlər görülüb.

Onun sözlərinə görə, diaspor təşkilatlarımızın məskunlaşdıqları ölkələrdə “bazar günü” məktəbləri təşkil etmələri son dərəcə əhəmiyyətli məsələdir:

“Xüsusilə, qloballaşan dünyada azərbaycanlıların digər xalqlara assimilyasiyasının qarşısını almaq, milli kimliyinin, mənəvi dəyərlərinin qorunub saxlanılması üçün ana dilində təhsil almaları vacibdir. Mən bunu alqışlayıram və hesab edirəm ki, “bazar günü” məktəbləri şəbəkəsini daha da genişləndirmək, hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, azərbaycan dilində təhsili hər kəs üçün əlçatan etmək lazımdır. Azərbaycanlıların həmrəyliyinin daha da möhkəmləndirilməsi, diaspora təşkilatlarının gücləndirilməsi, mentalitetimizi nəzərə alsaq, olduqca mürəkkəb məsələdir. Ancaq həll olunandır”.

Nəsib Məhəməliyev hesab edib ki, bunun üçün dərindən düşünülmüş yeni strateji konsepsiya hazırlanmalıdır:

“İlk növbədə, savadlı, intellektli kadrlar seçilməli, onların arasından ən perspektivləri müəyyənləşdirilərək öz ixtisaslarına uyğun karyeralarının qurulmasında dəstək verilməlidir. Onların reklamı təşkil olunmalı, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv şəkildə iştirakları dəstəklənməlidir. Yaxşı olar ki, diaspora təşkilatlarının özlərinə məxsus kütləvi informasiya vasitələri olsun. Bizim çoxsaylı milionçularımızın, milyarderlərimizin olmasına baxmayaraq, ermənilərdən fərqli olaraq televiziyalarımız və yaxud digər KİV-lərimiz yox dərəcəsindədir. Qanunverici, digər seçkili orqanlarda təmsil olunmuruq. Ona görə də, diaspora təşkilatlarımızın lobbi təşkilatlarına çevriməsi istiqamətində, ölkələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, ünvanlı və sistemli iş aparılmalıdır”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR