• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qələbələrimizin təməlində Heydər Əliyevin azərbaycançılıq ideologiyası durur

LAYİHƏ

20 Yanvar 2023 | 15:34

Qələbələrimizin təməlində Heydər Əliyevin azərbaycançılıq ideologiyası durur

6.3.9 Azərbaycançılıq ideologiyası – “Heydər Əliyev” ili

Azərbaycançılıq ideologiyası, milliyətindən, etnik mənsubiyyətindən dinindən, irqindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını özündə birləşdirən yeganə ideologiyadır. Azərbaycançılıq ideologiyasının dünyada təbliğ olması istiqamətində həm dövlət, həm də diaspora təşkilatları tərəfindən sistemli iş aparılır.

Xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya biliblər.

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

Azərbaycançılıq hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir. Azərbaycanda yaşayan hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməklə həm də onu zənginləşdirmək üçün fəaliyyət göstərir. Ölkədə mövcud olan multikultural və tolerant mühit bu təbliğatı asanlaşdırır və bu təbliğatın ümummilli konteksdə realizə olunmasını şərtləndirir.

Qeyd etmək lazımdır ki, azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər, öz milli mentallığını qoruyub saxlamaqdadır. Bu ideya həm Azərbaycanın sərhədləri daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir.

Azərbaycanın Ümumilli lideri, Ulu Öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurub. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi.

Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü: Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı; Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu.

Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz onun dövründə həqiqi siyasi-ideoloji məzmun qazanaraq, mükəmməl bir dövlətçilik təliminə çevrildi və müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası səviyyəsinə yüksəldi.

Arzu Nağıyev: Heydər Əliyev fenomenini fərqləndirən o idi ki, o, azərbaycançılığı dövlət ideologiyasına çevirdi

Millət vəkili Arzu Nağıyev Bakıvaxtı.az-a bildirib ki, 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur: “Eyni zamanda 2023-cü il Azərbaycanda “Heydər Əliyev” ili elan olunub. Məlum məsələdir ki, hər millətin bir lideri olmalıdır. O elə bir lider olmalıdır ki, ona istinad olunsun. Biri var, rəhbərlər, biri də var dövlətin qurucuları. Düşünürəm ki, Heydər Əliyev Azərbaycan dövlətinin qurucularından biridir. Bu, daim tarixdə belə qalacaq. Eyni zamanda Ulu Öndərin vaxtilə istər Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyəndə, istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda əsas ideyası, məramı, məqsədi azərbaycançılıq, milli-mənəvi dəyərlər, Azərbaycan dilinin inkişafı, milli kadrların yetişdirilməsi istiqamətində atılan adımlar ən mühüm məsələlər, onun siyasətində yer tutan ən ciddi istiqamətlər idi”.

Deputat bildirib ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasını, eyni zamanda dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsində görürdü: “O, məhz buna da nail oldu. Burda da əsas tarixi siyasi amillərin təsnifatını verdi, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının bərpası və qorunması üçün hansı addımların atılmasını məhz ortaya qoydu”.

Onun sözlərinə görə, bundan başqa, Heydər Əliyev siyasətində məhz milli-mənəvi ənənələrin qorunması ən mühüm amillərdən idi: “İstər Sovetlər dönəmində, istər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu ənənələri daim davam etdirmək istiqamətində addımlar atdı və düşünürəm ki,bunları qanuniləşdirdi. Böyük atılan addımlardan və Heydər Əliyev fenomenini fərqləndirən də o idi ki, o, azərbaycançılığı dövlət ideologiyasına çevirdi. Dövlətin ideologiyasında azərbaycançılıq çox mühüm bir yer tutdu”.

Arzu Nağıyev bildirib ki, Heydər Əliyev bütün Azərbaycan xalqını, gəncləri müstəqil dövlətçilik prinsipinə inanmağa, sadiq olmağa, bu istiqamətdə tərbiyə almağa çağırdı və buna da nail oldu: “Azərbaycan milli həmrəyliyi, bütövlüyü, bu bütövlüyü təmin etməsi, milli təəssübkeşliyi və vətənpərvərlik hissini, demək olar ki, Heydər Əliyev Azərbaycan xalqında gücləndirdi. Təsəvvür edin, o dövrdə ölkə xaosdaydı, darmadağın olmuşdu, ölkənin müxtəlif feodal qurumlara bölünmək qorxusu belə var idi. İstər Şimaldan, istər Cənubdan, istər Şərqdən, istərsə də Qərbdən bu istiqamətdə adımlar atılırdı. Heydər Əliyev bunların qarşısını aldı, azərbaycançılıq ideyasını ortaya qoyaraq milli mənsubiyyətindən asılı olmayaraq ciddi bir dövlətin qurulmasında böyük addımlar atdı. Bu gün də bu ideyalar yaşayır. Bu ideyaların ətrafında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı birləşib. Əldə etdiyimiz qələbələrin də təməlində məhz Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası durur”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Aprel 2024