• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qarabağın, Şərqi Zəngəzurun bərpası və yenidənqurması Azərbaycan üçün prioritetdir

LAYİHƏ

06 Yanvar 2023 | 16:00

Qarabağın, Şərqi Zəngəzurun bərpası və yenidənqurması Azərbaycan üçün prioritetdir

6.3.11 regionların sosial-iqtisadi inkişafının təşfiq edilməsi

Azərbaycanda paytaxt Bakı ilə yanaşı regionlarda da yeni iş yerləri açılır, əhalinin sosial rifahı yaxşılaşdırılır. Ölkə başçısı regionların inkişafı üçün dövlət proqramı qəbul edib, regionlara mütəmadi olaraq vəsaitlər ayrılır.

Bu gün Azərbaycanın regionları 15-20 il əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Rayonlarda iri zavodlar, fabriklər yerli əhalinin xeyli hissəsinin işlə təmin olunmasına səbəb olub ki, bu da bəzi rayonların ölkə büdcəsi ilə deyil, öz özünü təmin etməsinə gətirib çıxarıb. Hazırda ölkə üzrə xeyli şəhər və rayon büdcədən maliyyələşmir. Bu siyahının illər keçdikcə daha da genişlənməsi ölkənin sürətlə inkişafının göstəricisidir.

Regionların inkişafını hər zaman diqqətdə saxlayan Prezident İlham Əliyev prezidentlik fəaliyyətinin ilk dövründə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərman imzalayıb. Bu fərmanın icrası müxtəlif proqramlar əsasında həyata keçirilmiş və hər proqramın nəticəsi olduqca uğurlu alınıb. Hər proqramın yekununda xüsusi hesabatla çıxış edən ölkə başçısı görülən işlərin icrası və nəticələr haqqında ölkə ictimaiyyətini məlumatlandırır.

Ötən il regionların inkişafı ilə bağlı görülən işlər necə dəyərləndirilir?

Vüqar Bayramov: Regionların inkişafın, yenidənqurması və reinteqrasiyası prioritet olaraq güclənməkdədir

Milli Məclisin deputatı Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, regionların inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir: “Ötən il də regionların sosial-iqtisadi inkişafı ilə bağlı infrastruktur layihələri davam etdirilirdi. Təbii ki, Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Qarabağın, eləcə də şərqi Zəngəzurun bərpası və yenidənqurması Azərbaycan üçün prioritetdir. Yalnız 2021-2022-ci illərdə dövlət büdcəsindən hər iki iqtisadi rayonumuzun bərpasına və yenidənqurmasına 8 milyarda yaxın vəsait ayrılıb. Bu, ondan xəbər verir ki, regionların inkişafında, eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin daha qısa zamanda bərpası, yenidənqurması və reinteqrasiyası prioritet olaraq güclənməkdədir”.

Deputat bildirib ki, bu baxımdan biz son iki ildə həm regionların inkişafı ilə bağlı, həm də işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurmasını müşahidə edirik: “Təbii ki, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurması heç də digər bölgələrimizin diqqətdən kənar qalması anlamına gəlmir. 2022-ci ildə digər bölgələrimizdə də infrastruktur layihələri davam etdirildi. O cümlədən, yolların inkişafı, bərpası, yeni infrastruktur, nəqliyyat və kommunikasiya, logistik infrastrukturun genişləndirilməsi ilə bağlı işlər davam etdirildi. 2023-cü ildə Şərqi Zəngəzurun qurulmasına 3 milyard manat vəsait ayrılıb. Digər bölgələrdə də infrastruktur layihələri 2023-cü ildə davam etdiriləcək”.

Asif İbrahimov: Əhalinin iqtisadi-sosial rifahının yaxşılaşdırılması üçün görülmüş işləri yüksək qiymətləndirirəm

İqtisadçı ekspert Asif İbrahimov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı mühüm islahatlar aparılıb: “2019-2023-cü ildə Azərbaycan Respublikasının regionların inkişafı ilə bağlı dövlət proqramı hazırlanıb və ölkə başçısı tərəfindən təstiqlənib. Proqram hazırlananda ərazilərimiz işğal altında idi. 2020-ci ilin sonlarına doğru Azərbaycan respublikası işğalda olan əraziləri öz nəzarətinə qaytardı. Sovet dövründə işğalda olan ərazilər də iki iqtisadi rayon - Kəlbəcər, Laçın və yuxarı Qarabağ yerləşirdi. Həmin ərazilər həm təbii sərvətlərinə, həm milli-mədəni irsimiz, həm də turistik obyektlərin yerləşmə yerinə görə çox zəngindir. 27 il ərzində düşmən tapdağı altında idi. Həmin ərazidən 8 yüz mindən artıq məcburi köçkün Azərbaycan ərazisində məskunlaşmışdı. Bu, Azərbaycan iqtisadiyyatında, məskunlaşmada, iş yerlərinin bərabət bölüşdürülməsində bir çox problemlər yaratmışdı. Azərbaycan Respublikası bir ağır yükün altından məsuliyyətlə çıxdı”.

Ekspert vurğulayıb ki, 2019-2023-cü ildə Azərbaycan Respublikasının regionların inkişafı ilə bağlı dövlət proqramının faktiki icrasına Azərbaycan Respublikasının prezidenti yerində nəzarət etdi: “Prezidentin son dəfə Şəki rayonuna səfəri oldu. İnfrastruktur layihələri çərçivəsində həyata keçirilən işlərlə tanış oldu. 2022-ci ildə Azərbaycanda ümmumdaxili məhsulda 2021-ci il ilə müqayisədə yüz milyard manatdan artıq istehsal həyata keçirilib. Bu məsələ ilə bağlı dövlət büdcəsinə də nəzər yetirsək, işğaldan azad olunmuş ərazilərimdə 3 milyarddan artıq vəsait xərclənib. Bu da yeni ifrastruktur layihələrimizin həyata keçirilməsi, əhalinin iqtisadi-sosial rifahının yaxşılaşdırılması üçün görülmüş işlərdir. Bu səbəbdən, 2022-ci ildə görülmüş işləri yüksək qiymətləndirirəm”.

Natiq Cəfərli: Regionların inkişafı vətəndaşların Bakı və Abşerona axınının qarşısını alacaq

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, hazırda Azərbaycanda regionların inkişaf proqramı kimi 4-cü proqram fəaliyyətdədir. Onun sözlərinə görə, təqribən, 2000-ci illərin ortalarından regionların inkişafı ilə bağlı yeni proqramlar qəbul olunurdu: “Ümumilikdə, bütün bu proqramlara indiyə qədər 8-9 milyard vəsait xərclənib. Bunun əsas gözlə görülə biləcək nəticəsi infrastrukturdur. Yəni, yolların yenilənməsi, qaz, elektrik enerjisinin təminatının yaxşılaşdırılması, rayon mərkəzlərinin regionlarda təmiri, abadlıq işlərinin görülməsi ilə yadda qaldı. Təəssüf ki, iqtisadi olaraq regionların inkişafı proqramı Azərbaycan makroiqtisadi göstəricilərinə ciddi təsir etmir. Çünki Azərbaycanda ümumdaxili məhsulun 90%-ə yaxını Abşeronda formalaşır. Büdcənin formalaşmasında da Bakı və Abşeronun payı, təqribən, bu qədərdir. Ona görə də, regionların inkişafı daha çox vizual olaraq bəzi infrastruktur layihələrində görünür”.

N.Cəfərli qeyd edib ki, keçən il regionlarla bağlı diqqətçəkən digər məsələ əlavə 3 milyard manatın məhz işğaldan azad olunmuş torpaqların bərpasına xərclənməsi olub. Onun fikrincə, bu da faktiki olaraq regionlara ayrılan vəsaitin kəskin artmasına səbəb olub: “Çünki məhz bu səbəbdən regionlara ayrılan vəsait öncəki illərə nisbətən daha çox oldu. Bu il də regionların inkişafı proqramına əlavə olaraq işğaldan azad olunmuş rayonlarımızın bərpasına əlavə 3 milyarda yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Hökumət bu məsələdə indikatorları dəyişməsə, ciddi bir irəliləyiş əldə edilməsi mümkünsüz görünür. İndikator dedikdə onu nəzərdə tutduğum əsas hədəf regionların ölkə büdcəsinin və ümumdaxili məhsulun formalaşdırılmasında rolunun artırılmalıdır. Bunun üçün yeni sənaye, emal müəssisələrinə, zavod və fabriklərə ehtiyac var. Bu zaman həm regionlarda iş yerləri ilə bağlı problem artacaq, həm də vətəndaşların Bakı və Abşerona axınının qarşısı alınacaq. Bunlar olunsa, mənə elə gəlir ki, müəyyən dəyişikliklər olacaq”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyininmaliyyə dəstəyiilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Aprel 2024