• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Azərbaycan dünyanın tolerantlıq mərkəzlərindən birinə çevrilib

LAYİHƏ

25 Noyabr 2022 | 10:04

Azərbaycan dünyanın tolerantlıq mərkəzlərindən birinə çevrilib

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı olan multikultarilizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib.

Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu, həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur.

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışmaqdadır.

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir.

Ceyhun Məmmədov: Azərbaycandakı tolerantlıq dünyaya bir nümunə kimi göstərilir

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən siyasət nəticəsində ölkəmiz dünyanın tolerantlıq mərkəzlərindən birinə çevrilib: “Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, burada bütün dinlərin öz dini ayinlərini sərbəst yerinə yetirmələri üçün şərait yaradıb. Bu gün Azərbaycanda, eləcə də, Bakının mərkəzində bir çox sinaqoq və kilsələr fəaliyyət göstərir. Təkcə Bakıda 3 prasovlav kilsəsi, 1 katolik kilsəsi, 2 yahudi sinaqoqu fəaliyyət göstərir”. Onun sözlərinə görə, bu gün fərqli təriqət nümayəndələri Azərbaycanda sərbəst fəaliyyət göstərirlə: “Bu gün Bakının mərkəzindı erməni kilsəsi dövlətimiz tərəfindən içərisində 5 min erməni dilində ədəbiyyatla qorunur. Bu gün Azərbaycanın dünyanın tolerantləq multikulturalizm mərkəzi olması bütün dünya dövlətləri tərəfindən etiraf olunur. Bu barədə davamlı olaraq xoş fikirlər söylənilir”.

C.Məmmədov qeyd edib ki, dünyada baş verən proseslərə baxanda gərginlik müşahidə olunur, qarşıdurmalar, konfiliktlər mövcuddur: “Azərbaycanda isə sabitlik hökm sürür. Hazırda Azərbaycan bu mənada dünyaya bir nümunə kimi göstərilir. Bu ondan irəli gəlir ki, qarşıda böyük vəzifələr var. Bu vəzifələrdən biri ənənələrin qorunması, gələcək nəsillərə çatdırılmasıdır. Çünki qeyd etdiyimiz kimi, hazırda dünyamız heç zaman olmadığı qədər qarışıq və mürəkkəbdir. Bu proseslərin fonunda işlərimizi elə bir formada qurmalıyıq ki, bu ənənələri həm yaşada, həm gələcək nəsillərə çatdıra, həm də dövlətimizin həyata keçirdiyi siyasəti uğurla başa çatdıra bilək”.

Vüsalə Hüseynova:  Həyata keçirilən dövlət siyasəti ölkədəki tolerantlıq mühitini dərinləşdirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın bir dövlət kimi keçdiyi sürətli inkişaf yolu, qazandığı uğurlar hər kəsdə qürur və fəxarət hissi doğurur. V.Hüseynova qeyd edib ki, bu dövrdə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini dərinləşdirib, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq əlaqələrini daha da möhkəmləndirib: “Ölkəmiz üçün son illərin ən böyük tarixi reallıqlarından biri də respublikamızın beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Bu tədbirlərin sırasında mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunanların yer alması xüsusilə diqqəti çəkir. Bu da təsadüfi deyil. Çünki bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və ölkəmizdə bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edir”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizdəki nümunəvi tolerant və multikultural mühit əyani şəkildə özünü təsdiqləmiş oldu. Vüsalə Hüseynova vurğulayıb ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları qələbə uğrunda mübarizəyə qoşuldu: “Hər bir azərbaycanlı, Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqların nümayəndələri ölkə prezidentinin ətrafında sıx birləşdiklərini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiklərini bəyan etdilər. Bir sözlə, Azərbaycanda bütün millətlərin, mehriban və biri-birilərinin adət-ənənələrinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük dəyərlərdən biridir. Bu dəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır”.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycandakı tolerantlıq mühitinin qorunub saxlanılması, təşviq edilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də fəaliyyət istiqamətləri içərisində mühüm yer tutur: “Komitə dini konfessiyalar arasında əlaqələrin dərinləşməsinə, qarşılıqlı hörmət, anlaşma və birgəyaşayış mühitinin möhkəmlənməsinə fəal dəstək verir. Bu sahədə bir sıra yerli və beynəlxalq tədbirlər təşkil edilir ki, ötən ay Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda keçirilən beynəlxalq konfransı vurğulamaq yerinə düşər. Bu qəbildən olan tədbirlərin davamı olaraq bir sıra Avropa ölkələrində də konfransların keçirilməsi planlaşdırılır”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb ​​​​​​​


SON XƏBƏRLƏR