Ermənistanın təkcə Hindistan və Fransa ilə yox, həm də hərbi-texniki sahədə ciddi irəliləyişlər əldə etmiş digər ölkələrlə hərbi-texniki əməkdaşlıq və silah alınmasına dair çox ciddi razılaşmaları var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin müavini Armen Xaçaturyan deyib.
Onun sözlərinə görə, müharibədən sonra silah alışı və hərbi-texniki əməkdaşlıq sahəsində boşluq yaranıb, amma bu məsələ qısa müddətdə öz həllini tapıb:
“Hər halda, bu gün artıq məlum olduğu kimi Hindistan, Fransa ilə hərbi-texniki əməkdaşlıq, silahların alınması ilə bağlı ciddi razılaşmalarımız var. Deyə bilərəm ki, bu sahədə ciddi irəliləyişlər əldə etdiyimiz digər dövlətlərlə də müqavilələrimiz mövcuddur, aralarında böyük dövlətlər də var. Əlbəttə, bunu açıqlamayacam, amma təkcə Fransa və Hindistan deyil. Ən müasir, ən azı dördüncü-beşinci nəsil sayıla biləcək silahlar alırıq. İstifadə edilmiş silahları almayacağıq”.
Ermənistanın silahlanma cəhdləri məlumdur, lakin məsələ ondadır ki, İrəvan hökuməti qeyd edilən ölkələrdən müasir silah-sursat alması üçün yetərli maliyyə imkanlarına sahib deyil. O baxımdan bəzi Qərb ölkələrinin Ermənistanı öz maraqları naminə pulsuz silahlandırdığı və təxribatlara təhrik etdiyi deyilir.
Ermənistanın sürətli silahlanma təşəbbüsünü Bakıvaxtı.az-a dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, böyük dövlətlər ermənilərə silahları güzəştli şərtlərlə, kreditlərlə təqdim edə bilərlər.
Ancaq analitik vurğulayıb ki, son dönəmlərdə Ermənistan müəyyən sahələrdən bir qədər vəsait əldə edib və böyük ehtimal həmin vəsaiti hərbi texnikaların alınmasına yönəldiblər:
"Ermənistan bu vəsaiti "re-eksport" həyata keçirməklə əldə edib. Yəni Rusiyaya gedən malların sayını, həcmini əhəmiyyətli dərəcədə artırıb. Rusiya Ukrayna ilə müharibədən dolayı ciddi iqtisadi sanksiya altındadır. Savaş uzandıqca Qərb Rusiyaya qarşı addımları sərtləşdirərək, sanksiya tətbiq olunan məhsulların siyahısını artırır. Ermənistan isə Rusiyanın düşdüyü bu vəziyyətdən sui-istifadə edir və mənfəət qazanmağa çalışır. Əldə olunan maddi vəsaitləri də göründüyü kimi ordunun silanlanmasına, hərbi texnikanın modernləşməsinə sərf edirlər”.

İlqar Vəlizadə:
Onun sözlərinə görə, yəni Ermənistan müəyyən şərtlərlə aldığı hərbi texnikalarla yanaşı, öz imkanlarını da silahlanmaya yönəldir.
“Təəssüflər olsun ki, Qərb ölkələri nəinki bu fəaliyyətə göz yumurlar, hətta ermənilərin silahlanmasına şərait yaradırlar. Çünki Ermənistanın silahlanmasında və bölgədə təxribatlarını davam etdirməsində Qərb dövlətlərinin də maraqları var", - deyə İlqar Vəlizadə vurğulayıb.
Aydın Baxış
















