“Son günlər Ermənistan rəsmilərinin Azərbaycanla, Qarabağla bağlı etirafları erməni hiyləsindən xəbər verir”.
Bunu Bakıvaxtı.az-a politoloq Fuad abbasov deyib.
Onun sözlərinə görə, böyük ehtimalla ABŞ prezidenti Co Baydenin məktubundan sonra Ermənistan hökuməti hərəkətlənib:
"İrəvanın hərəkətlənməsi Vaşinqtondan gələn tələb üzərinədir. ABŞ Azərbaycanla yanaşı, sülh müqaviləsinin tez zamanda imzalanmasını Ermənistandan da tələb edir. Məhz son günlərdə parlament sədri Alen Simonyan və digər rəsmilər tərəfindən səsləndirilən bəzi etiraflar da Qərbdən gələn təlimatlar əsasındadır. Yəni Vaşinqton İrəvana deyir ki, "biz Bakını tələsdiririk, sizdə müsbət tonda açıqlamalar verir, ritorikanı dəyişin"”.
Müsahibimizə görə, ancaq əfsuslar olsun ki, Ermənistan rəhbərliyi, o cümlədən hökumət nümayəndələri konstitusiyanın dəyişdirilməsindən, bu məsələnin zəruriliyindən danışmırlar. F.Abbasov qeyd edib ki, əgər Ermənistan "konstitusiyadan Azərbaycana qarşı ərazi iddiaları çıxarıldı" şəklində açıqlama versə, İrəvan hökumətinin sülhdə daha ciddi olduğunu, səmimi yanaşdıqlarını görəcəyik:
“Əks halda onsuz da bütün dünyanın bildiyi həqiqətləri ara-sıra hansısa erməni rəsminin dilə gətirməsi mənasızdır. Bu da Azərbaycan üçün heç nə dəyişmir”.

Fuad Abbasov: Dünyanın bildiyi həqiqətləri erməni rəsmilərinin söyləməsi mənasızdır
Ekspert vurğulayıb ki, BRİKS çərçivəsində Azərbaycan və Ermənistan rəhbərliyi arasında keçirilmiş görüşə də eyni cür yanaşmaq mümkündür:
"Nə Paşinyan, nə də onun hökumətinin üzvləri konstitusiyanın dəyişdirilməsi barədə konkret fikir bəyan edirlər. Baş nazir yenə deyir ki, "sülh sazişinin 80 faizi razılaşdırılıb, müqaviləni imzalamağa hazırıq" və s. Bunlar ABŞ-dən gələn sifarişlər əsasında Paşinyanın səsləndirdiyi tezislərdir”.
“Əgər Ermənistan tərəfi həqiqətən Azərbaycanla sülh saşinin imzalanmasını istəsəydi, ən qısa müddətdə konstitusiya ilə bağlı referendum elan edərdi. Sülh danışıqlarını ancaq bununla sürətləndirmək və müsbət sonluğa çatdırmaq mümkündür", - deyə Fuad Abbasov əlavə edib.
Aydın Baxış
Bakı 




